Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-10 16:24:00
Uzadılmış tətil müddəti müəllimlərin maaşına necə təsir göstərəcək?-Ekspert şərhi

 “Məktəblərin bağlanması müəllimin peşə fəaliyyəti,  iş norması ilə bilavasitə əlaqədar  deyil, məhz digər ölkələrdəki kimi bizdə də yaranmış fövqəladə hadisələrlə bağlı olduğundan və hər hansı bir təhlükəyə qarşı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi zərurətindən irəli gəldiyindən, onların maaşına təsir göstərəcəyi ilə bağlı narahatlıq keçirməyə elə də bir ciddi əsas yoxdur”.

 

Bu fikirləri dərslərin təxirə salınmasının müəllimlərin maaşına təsiri ilə bağlı AzEdu.az-a  danışan Təhsil Nazirliyi yanında  İctimai Şuranın sədr müavini Nadir İsrafilov deyib.

 

O, son günlərdə sosial şəbəkələrdə   maaşla bağlı yayılan məlumatlara aydınlıq gətirib:

 

“Məlum olduğu kimi, tam iş vaxtı  Əmək Məcəlləsi  ilə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır.

 

Əmək məcəlləsinə əsasən əmək müqavilələrinə işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə, kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin daxil edilməsi yolverilməzdir. Belə şərtlərin tətbiqi nəticəsində işçilərə dəyən maddi və digər ziyan işəgötürən tərəfindən tam ödənilir.  Hımçinin  Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 66 nömrəli Qərarına görə, fövqəladə hadisələrlə bağlı (hərbi vəziyyət, zəlzələ, daşqın, kütləvi xəstəlik və s.) respublikanın bütün ərazisində tədris ilinin müddətində və tətil günlərində dəyişikliklər Nazirlər Kabinetinin Qərarı əsasında həyata keçirilir. Bu baxımdan məktəblərin bağlanması müəllimin peşə fəaliyyəti ilə, iş norması ilə bilavasitə əlaqədar olmayıb, məhz digər ölkələrdə olduğu kimi bizdə də yaranmış fövqəladə hadisələrlə bağlı olduğundan və bununla bağlı hər hansı bir təhlükəyə qarşı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi zərurətindən irəli gəldiyindən, müəllimlərin maaşına təsir göstərəcəyi ilə bağlı narahatlıq keçirməyə elə də bir ciddi əsas yoxdur”.

 

Şura üzvü  bildirib ki, hazırda əsas məsələ şagirdlər və müəllimlər arasında maarifləndirici tədbirləri həyata keçirmək,  dərslərin onlayn müstəvidə keçirilməsini təmin etməkdir.

 

 “Hələ ki, əsas vəzifə ölkənin təhsil müəssisələrində sanitar-epidemioloji vəziyyətə daha həssas yanaşılması, tibbi-profilaktik tədbirlərlə bağlı məktəb kollektivi, şagirdlər və valideynlər arasında aktiv maarifləndirmə və izahat işlərinin həyata keçirilməsindən ibarətdir. Şagirdlərin proqram materialının mənimsənilməsində yaranan boşluqların aradan qaldırılması üçün məktəb-valideyn-şagird əlaqələri imkan daxilində onlayn müstəvisinə keçirilməli, Təhsil Nazirliyinin də tövsiyə etdiyi kimi video, qrafika, səs və digər multimedia vasitələrinə, elerktron resurslara, kifayət qədər dərslik, dərs vəsaiti, sinifdən xaric oxu materialları yerləşdirilmiş müvafiq portallara istinad edilməlidir”.

 

 “O ki, qaldı, buraxılmış dərslərin kompensasiya edilməsinə artıq elan edildiyi kimi bu barədə tövsiyələr hazırlanır. Kompensasiyanın təqvim-tematik planlara yenidən baxılmaqla fənlər üzrə yaxın mövzuların birləşdirilməsi, proqram materialının optimallaşdırılması və intensiv tədrisi hesabına edilməsi nəzərdə tutulur”-deyə N. İsrafilov sözlərinə əlavə edib.