Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-05 11:37:00
Son üç ildə şimal bölgəsində 48 məktəb üçün yeni modul tipli bina quraşdırılıb

Son üç ildə Azərbaycanın şimal bölgəsində 48 məktəb üçün yeni modul tipli bina quraşdırılıb.

AzEdu.az xəbər verir ki, Qusar rayonunun Cağar kəndində 56 yerlik modul tipli bina şagirdlərin istifadəsinə verilib. Ümumi orta məktəbin yeni binası yanğın xəbərdarlıq sistemi, istilik, işıq, su təchizatı, internet, inventar və avadanlıqlarla təmin olunub. Məktəbdə hazırda 44 şagirdə, 16 pedaqoq dərs deyir.

Məktəbin direktoru Cavanşir Zöhrəbəyov bildirib ki, köhnə məktəb binası 1958-ci ildən istifadə olunurdu. Təhsil müəssisəsi istismar müddətini başa vurduğundan yenisi ilə əvəz olunmasına ehtiyac yaranmışdı. Hazırki məktəb binasında bütün lazımi şərait yaradılıb.

Cağarla yanaşı, 2019-cu ildə Qusar rayonunun daha 3 kəndində yeni modul məktəb binaları istifadəyə verilib. Bununla da rayonda bu tip təhsil ocaqlarının sayı 11-ə çatıb.

2 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin direktor müavini Fərhad Əmrahov bildirib ki, şimal bölgəsində son 3 ildə, ümumilikdə, 50-ə yaxım modul məktəb binası tikilib. Bunlardan 13-ü Xaçmaz, 16-sı Quba, 11-i Qusar, 5-i Şabran, 3-ü isə Siyəzən rayonunda quraşdırılıb.

Bu binaların üstünlükləri azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, şagirdlərin sayına uyğun olaraq sinif otaqlarının rahatlıqla azaldılıb-artırılmasıdır.