Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-04 15:43:00
Bölgə məktəbləri virusla mübarizəyə çoxmu hazırdır? - RTŞ müdirləri danışdılar

 

 

Nazirlər Kabinetinin qərarı ilə Azərbaycandakı bütün təhsil müəssisələrində tədris martın 3-dən 9-na qədər dayandırıldı. Ölkə ərazisindəki bütün məktəblərdə dezinfeksiya işləri aparılır.

 

AzEdu.az bölgələrdəki məktəblərin vəziyyətini öyrənmək üçün rayon təhsil şöbələrinin rəhbərləri ilə əlaqə saxladı.

 

Lənkəran rayon təhsil şöbəsinin müdiri Aslan İbrahimov:

 

“Lənkəranda olan bütün məktəblərdə dezinfeksiya işləri başa çatıb.Təhsil Nazirliyi tərəfindən verilən dərman preparatları bütün direktorlara paylanılıb.Göstəriş verildikdən sonra 2 gün ərzində bu işi tamamladıq.Şagirdlər və müəllimlər məktəbdə olmayan vaxtlarda dezinfeksiya işləri həyata keçirildi. Həmçinin, məktəblərdə tibb otaqları da mövcuddur. Burada mövcud olan  vasitələrlə ilkin tibbi yardım göstərilir.”

 

Beyləqan rayon təhsil şöbəsinin müdir səlahiyyətlərini icra edən Fuliddin Əsgərov:

 

“Beyləqan rayonunun tabeliyində olan 55 ümumtəhsil müəssisəsi, 2 məktəbdənkənar təlim-tərbiyə müəssisəsində dezinfeksiya işləri yekunlaşıb. Rayondakı məktəblər 5 gün fəaliyyət göstərir. Bununla əlaqədar dezinfeksiya işləri həftəsonu həyata keçirildi”.

 

Gəncə rayon təhsil şöbəsinin müdiri Zakir Hüseynov:

 

“Gəncə şəhərində 49 ümumtəhsil mərkəzi var.Ötən həftənin üçüncü gününədək bu mərkəzlər GEN tərəfindən dezinfeksiya olunub. Təhsil Nazirliyi tərəfindən göndərilən məhlullar isə fevralın 28-dən etibarən məktəblərə paylanılıb. Bugünədək 15 məktəb dezinfeksiya olunub. 2 gün ərzində bu iş başa çatdırılacaq”.

 

 

 

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları