Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-03 11:58:00
Narahat  valideynlər  bunları mütləq etsinlər –Tətil tövsiyələri

“Şagirdlərin dərslərdən geri qalması onların tədris  proqramlarında  ciddi bir problem yaratmayacaq”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında professor, pedaqoq Fərrux Rüstəmov deyib.

 

O, koronavirus təhlükəsi ilə əlaqədar təhsil müəssisələrinin bağlanmasının şagirdlərə mənfi təsiri olub-olmayacağı barədə danışıb:  

“Cəmiyyətin   əsas vəzifəsi bu ölkəyə  sağlam nəsil yetişdirməkdir. Təhsildən əvvəl millətin sağlamlığı irəli gəlir. Məktəb və universitetlərin bağlanması  gənclərin sağlamlığını qorumaq məqsədi ilə görülən tədbirdir. Hazırkı vəziyyət  immuniteti zəif və sağlamlıqlarında müəyyən problemlər olan uşaqlar üçün təhlükəlidir. Ona görə də  ölkənin bütün ərazilərində dərslər dayandırılıb. Bu, çox vacib və təqdirəlayiq addımdır”.

Pedaqoq  valideynlərə epidemiyadan qorunmaq üçün bir sıra məsləhətlər verib:

“Valideynlərdən xahişim budur ki,  istirahət günlərində  uşaqları kütləvi tədbirlərə aparmasınlar, övladlarını ictimai yerlərdən uzaq tutsunlar və onların  sağlamlığının qayğısına qalsınlar. Çünki bizim gələcəyimiz onlardan asılıdır”.

 

Fərrux Rüstəmov tətil elan olunması ilə əlaqədar tədris proqramlarından geri qalmamaq üçün bir sıra tövsiyələr verib;

 

“Şagirdlərin dərslərdən geri qalması onların tədris  proqramlarında  ciddi bir problem yaratmayacaq. Çünki elan olunan tətil günlərinin ikisi 6-cı və bazar, biri isə 8 marta düşür. Yəni, dərslərə cəmi 4 gün ara verilmiş olacaq. Bu  ibtidai siniflərdə çox dərs  saatının buraxılmasına  gətirsə də, yuxarı siniflərdə  bir çox dərslər həftədə bir dəfə keçirildiyi üçün böyük bir problem  yaratmayacaq. Bu dərsləri müəllimlər oxu şəklində evə  verməklə yaranan boşluğu aradan qaldıra bilərlər.  Əgər hökumət ciddi ehtiyac hiss etsə,   dərs proqramlarını başqa günlərlə əvəz edə bilər.  Əlavə dərsləri yay aylarına  salmaq, yaxud da mart ayında olan  bayram günlərindən bəzilərini tədrisə əlavə etmək mümkündür. Lakin düşünürəm ki,  təhsil müddətinin bir həftə azaldılması ilə   insanın sağlamlığı müqayisə olunmaz məsələdir. İnsan kapitalı bizim üçün hər zaman önəmli olub.

Valideynlər  başa düşməlidir ki,   koronavirus çox təhlükəli xəstəlikdir. Bizə lazım olan odur ki,  bu xəstəlikdən sağ şəkildə çıxa bilək. Təhsil məsələsi çox asanlıqla həll oluna bilər. Böyük təhlükələr vaxtı elə olub ki,  dərslər uzun müddət dayandırılıb. Hətta  müharibə zamanı dərslər bir ilə qədər məhdudlaşdırılıb. Bəzən bu aylarla da  çəkib. İndiki valideynlərin yadında olar ki,   əvvəllər oktyabr və dekabr ayları pambıq yığımı üçün nəzərdə tutulurdu. Bir həftə məqsədli olaraq dərslərin dayandırılması  cəmiyyətə əslində böyük xeyir verəcək. Ona görə də  bu məsələdən təşviş keçirməyə, narahat olmağa ehtiyac yoxdur. Hansı valideynlər ki, daha çox narahatlıq keçirir, onlar  övladlarının dərsləri ilə evdə də məşğul ola bilərlər. Əgər  müəllimlər istiqamət versələr,  şagirdlər evdə də  dərslərini rahat şəkildə hazırlaya bilərlrər”.

 

Qeyd edək kiNazirlər Kabinetinin yanında operativ qərargahı bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul edib.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları