Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-02 12:43:00
Məktəblər müvəqqəti bağlana bilər - Şura sədri

Hazırda koronavirus təhlükəsi ölkəmizdə də var. İctimaiyyəti narahat edən əsas məsələ məktəblərin bağlanmaması ilə bağlıdır.

Təhsil Nazirliyi isə məktəblərin bağlanması ilə bağlı qərarın Nazirlər Kabineti tərəfindən verilə biləcəyini söyləyir.

AzEdu.az xəbər verir ki, ölkədə koronavirusa yoluxanların sayı rəsmi olaraq bəyan edildikdən dərhal sonra

Təhsil Nazirliyi 24 fevral 2020-ci il tarixdən respublikanın bütün təhsil müəssisələrinə verilmiş tapşırıq və təlimatlara əlavə olaraq,  təhsil müəssisələrində koronavirus xəstəliyi təhlükəsinin yayılmasının qarşısının alınması, vəziyyətin nəzarətdə saxlanılması və profilaktik tədbirlərlə bağlı operativ məlumatlandırmanın təmin edilməsi məqsədilə 7/24 saat fəaliyyət göstərən qərargah yaratdığını açıqlayıb.

Maraqlıdır, belə olan hallarda məktəblərin bağlanıb-bağlanmaması nə dərədəcə real ola bilər?

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri,  professor Şahlar Əsgərov mövzu barədə bildirib ki, məktəblər Təhsil Nazirliyinin təklifi əsasında bağlanmalıdır:

“Çünki ümumi şagird və məktəb məsələsinin həm fəlsəfəsini, həm də icrasını Təhsil Nazirliyi aparır”.

Şahlar Əsgərov şagirdlərin dəyər olduğunu xüsusi qeyd edib:

“Şagirdlərimiz həm də ali dəyərdir. Bütün yerdə  qalan dəyərlər bunlara qulluq etməlidir. Sağlamlığın da  ali dəyər olduğunu bilməliyik. Bizim üçün şagirdlərimizin sağlamlığını qorumaq  çox önəmlidir. Eyni zamanda,  bu gənclərə təhsil vermək,  gələcəyimizə düz yol göstərmək də bizim borcumuzdur. Əgər vəziyyət  elə alınsa ki, bunların birini digərinə  güzəştə getmək lazımdır, bu zaman sağlamlıq önəmlidir”.

Təhsil eksperti bildirib ki, məktəblərin bağlanması məsələsi Təhsil və Səhiyyə Nazirliyinin birgə irəli sürdüyü təklif əsasında olur:

“Bu zaman  Baş Nazir qərar qəbul edə bilər. Amma bu virusun tam olaraq qorxulu olduğunu deyə bilmərəm. Bunun qorxulu olmasını Səhiyyə Nazirliyi deməlidir. Ona  görə də biz ali dəyərimiz olan şagirdlərimizi qorumalıyıq. Ali dəyər də şagirdlərimizin sağlamlığıdır. Əgər bunu qoruyuruqsa, məktəblər müvəqqəti olaraq bağlana bilər”. (modern.az)