Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-21 11:00:00
Media imtahanları necə işıqlandırmalıdır? – “Bizdə peşəkarlıq problemi var”

“Medianın cəmiyyətin sabahı ilə birbaşa bağlı olan təhsil problemlərinə belə laqeyd, sönük münasibət bəsləməsi, əlbəttə, yolverilməzdir”.

Bu sözləri AzEdu.az saytına açıqlamasında media eksperti, professor Qulu Məhərrəmli deyib. O, qəbul imtahanlarının mediada yetərincə işıqlandırılmamasını mediamızdakı mənəvi böhranla əlaqələndirib:

“Medianın cəmiyyət üçün önəmi odur ki,  insanların ən vacib problemlərini gündəmə gətirib işıqlandırsın, nöqsanlarla bağlı həyəcan təbili çalsın.  Əgər o, bu funksiyanı yerinə yetirirsə, deməli, cəmiyyyətə xidmət edir. Ölkənin, cəmiyyətin problemlərinə biganədirsə, o, media sayıla bilməz. Medianın cəmiyyətin sabahı ilə birbaşa bağlı olan təhsil problemlərinə belə laqeyd, sönük münasibət bəsləməsi əlbəttə, yolverilməzdir. Ümumiyyətlə, bu, bizim mediada gedən böhranla bağlıdır. Həqiqi media odur ki, cəmiyyətin dərdlərinə qayğı ilə yanaşsın, problemlərin həlli üçün çalışsın.  Bizim mediada peşəkarlıq, mənəvi böhran var. Qəbul imtahanının lazımi qədər işıqlandırılmaması da düşünürəm ki, elə onun nəticəsidir. Başqa səbəbi yoxdur”.

Professor qəbul imtahanının işıqlandırılması zamanı diqqət olunmalı məqamları vurğulayıb:

“Media qəbul imtahanlarını ilk dəfə deyil ki, işıqlandırır. Burada olanları yalnız düzgün işıqlandırmaqdan söhbət getmir, həm də bunun alt qatları, bu problemləri işıqlandırmaq var. Buna görə ilk növbədə təbii ki, hər şeyin obyektiv, dürüst olmasına diqqət yetirməlidir. İkinci əsas  məsələlərdən biri odur ki, imtahanın keçirildiyi şərait, qoyulan şərtlər obyektiv və dürüst işıqlandırılsın. Belə olmasa, vəziyyət dəyişməz”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları