Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-28 17:30:00
 YAP-ın namizədlər siyahısından kənar qalanların elmi dərəcələri – Sabiq rektorlar, prorektor....

Ötən gün gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilib.

AzEdu.az xəbər verir ki,   YAP İdarə Heyəti üzvlərinin iştirak etdiyi iclasda 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində YAP-ın deputatlığa namizədləri müzakirə edilərək təsdiq olunub.

Siyahıda bir sıra tanınmış YAP-çı professor, alim, prorektor deputatlar yer almayıb.  

AzEdu.az siyada yer almayan YAP-çı deputatları təqdim edir:

Bahar Muradova

 Bahar Muradova 1962-ci il martın 20-də Füzuli şəhərində anadan olub. Bakı Yüngül Sənaye Texnikumunu fərqlənmə diplomu ilə, Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini və Azərbaycan Universitetinin Hüquq fakültəsini bitirib. “Şöhrət” ordeni ilə təltif edilib. Milli Məclisin fəxri medalına layiq görülüb. “Xan qızı Natəvan”, “Vətən” və digər mükafatların laureatıdır. Siyasi elmlər üzrə fəlsəfə doktorudur. Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvüdür. Azərbaycanda və xaricdə çap olunmuş 5 elmi məqalənin müəllifidir. İngilis və rus dillərini bilir.

 Arif Rəhimzadə

Arif Rəhimzadə Azərbaycanın dövlət və ictimai-siyasi xadimi, kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktorudur. O, 1941-ci ildə Gəncə şəhərində anadan olub. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini və Bakı Ali Partiya Məktəbini bitirib. Kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktorudur.

1963-cü ildən Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun elmi işçisi, 1967-ci ildən Leninqrad Vilayət Meyvə-Tərəvəz Müfəttişliyinin müfəttişi, Krım təcrübə stansiyasının elmi işçisi, 1969-cu ildən Azərbaycan Elmi Tədqiqat Yemçilik İnstitutunun elmi katibi, baş elmi işçisi olub.

Ağacan Abıyev

 Ağacan Abıyev   1987-ci ildən 2015-ci ilədək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru olub. O,  Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, texnika elmləri namizədi, professor, Azərbaycanın əməkdar elm xadimi, Beynəlxalq Elmlər Akademiyasının üzvüdür.

Ağacan Abiyev 1937-ci il noyabrın 24-də Bakının Bülbülə qəsəbəsində dünyaya gəlib.Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun bədən tərbiyəsi fakültəsini və Azərbaycan Politexnik İnstitutunun metallurgiya istehsalının avtomatlaşdırılması və kompleks mexanikləşdirilməsi fakültəsini bitirib.

1966-cı ildən Azərbaycan Politexnik İnstitutunun avtomatika və hesablama texnikası kafedrasının müəllimi olub. 1971-ci ildən Lipetsk Politexnik İnstitutunun dosenti, kafedra müdiri, 1983-cü ildən Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Elektrotexnika və elektronika kafedrasının müdiri vəzifələrində çalışıb. 1987-ci ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektorudur.

1 monoqrafiyanın və 100-dən çox elmi məqalənin müəllifidir. 4 ixtirası var.

Şəmsəddin Hacıyev

Şəmsəddin Hacıyev  Azərbaycan Respublikası Milli Məclisinin deputatı, iqtisad elmləri doktoru, professordur.  O həmçinin Azərbaycan Dövlət İqtisad Universitetinin sabiq rektorudur.  

Şəmsəddin Hacıyev 1950-ci il noyabr ayının 8-də Ucar rayonunda anadan olub. 1966-cı ildə orta məktəbi bitirib və D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna qəbul olub. 1970-ci ildə institutu bitirdikdən sonra təyinatla Azərbaycan Dövlət Plan Komitəsi yanında Elmi Tədqiqat İqtisadiyyat İnstitutuna iqtisadçı vəzifəsində işləməyə göndərilib. 1971-ci ildə həmin institutun aspiranturasına qəbul olub.  

Şəmsəddin Hacıyev 1981-ci ilə qədər həmin institutda kiçik elmi işçi, baş elmi işçi və bölmə müdiri vəzifələrində çalışıb. 1981-ci ildə müsabiqədən keçərək  Xalq Təsərrüfatı İnstitutuna (indiki UNEC-red.)  baş müəllim, 1986-cı ilin noyabrında dosent vəzifəsinə seçilib. 1989-cu ildə "Ticarətin iqtisadiyyatı və idarə edilməsi" kafedrasına müdir təyin olunub.  

1980-ci ilin yanvarında "Azərbaycan SSR-nin pərakəndə mal dövriyyəsi və onun planlaşdırılmasının təkmilləşdirilməsi yolları" mövzusunda namizədlik dissertasiya işini Q.V.Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutunda müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb. 1999–2001-ci illərdə T.Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun doktorantı olub.   "Dünya təsərrüfatı və beynəlxalq iqtisadi münasibətlər" ixtisası üzrə respublikada ilk və indiyə qədər yeganə iqtisad elmləri doktoru alimlik dərəcəsini alıb.

O, 1992-ci ildə dosent, 2004-cü ildə isə professor elmi adını alıb. 110-dan çox elmi əsərin müəllifidir. Bunların sırasında 2 monoqrafiya, 10-a qədər kitab, 4 dərslik və dərs vəsaiti, 60-dan çox elmi məqalə, məruzə, tezislər və s. vardır ki, onların da əksəriyyəti yaxın və uzaq xarici ölkələrdə çap edilib. İndiyə qədər onun elmi rəhbərliyi ilə 15 iqtisad elmləri namizədi, 1 elmlər doktoru hazırlanıb. Hazırda 7-dən çox aspirant və dissertantın elmi rəhbəri və 3 doktorluq dissertasiya işinin elmi məsləhətçisidir.

Universitet fəaliyyəti dövründə bir sıra ictimai işlərdə çalışıb. İnstitutun Həmkarlar Komitəsinin sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin Dissertasiya Şurasının və Tbilisi Dövlət Universitetinin Dissertasiya Şurasının üzvü, Azərbaycan Marketinq Assossiasiyasının vitse-prezidenti olub.

2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru təyin olunub və 5 mart 2014-cü il tarixinə kimi bu vəzifədə çalışıb.

Cavid Qurbanov

Cavid Qurbanov Texniki elmləri namizədidir. O, 1958-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olub. 1975-ci ildə Kəlbəcər rayon orta məktəbini bitirdikdən sonra 1975-1976-cı illərdə Kəlbəcər şəhərində elektroenergetika sahəsində çalışıb. 1977-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna qəbul olub. 1977-1979-cu illərdə ordu sıralarında hərbi xidmət etdikdən sonra 1979-cu ildə 26 Bakı Komissarı nəşriyyatında kuryer vəzifəsi ilə əmək fəaliyyətinə yenidən başlayıb. 1980-1981-ci illərdə "Azəryollayihə" Layihə İnstitutunda texnik-cizgiçi, 1982-1987-ci illlərdə "Azərnəqliyyattikinti" Trestinin avtobazasında mexanik, baş mexanik, rəis müavini vəzifələrində çalışıb.  

Rafiq Məmmədhəsənov

Rafiq Məmmədhəsənov Tibb Universitetinin prorektorudur. O, Gədəbəy rayonunun Gədəbəy qəsəbəsində anadan olub. 1963-cü ildə N.Nərimanov adına Azərbaycan Tibb Dövlət İnstitutunun müalicə - profilaktika fakültəsinin 1-ci kursuna qəbul olub, 1969-cu ildə həmin institutu bitirib. 1974-1976-cı illərdə Azərbaycan Dövlət Tibb İnstitutu II müalicə-profilaktika fakültəsinin daxili xəstəliklər kafedrasının aspirantı olub.

Respublikada İxtisaslaşmış müdafiə elmi şurası olmadığına görə 1979-cu ildə Tbilisi Dövlət Tibb İnstitutunda namizədlik dissertasiyası müdafiə edib.

 1986-1990-cı illərdə Moskvada Ümümittifaq Endokrinoloji Elmi Mərkəzin doktorantı olub.

1990-cı ildə doktorluq dissertasiyası müdafiə edərək, tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülüb.

1990-cı ildən bu günə qədər Tibb Universitetinin daxili xəstəliklər kafedrasının müdiri vəzifəsində çalışır və həmin ildən indiyə qədər eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş endokrinoloqudur.

1993-cü ildən hal-hazıra qədər həm də Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru vəzifəsində işləyir.

Yaqub Mahmudov

Yaqub Mahmudov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru və akademikdir. O, 1939-cu il fevralın 10-da Şəki rayonunun Baş Göynük kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib.

Yaqub Mahmudov "Ağqoyunlu dövlətinin Venesiya Respublikası ilə qarşılıqlı əlaqələri (XV əsrin 60-70-ci illəri)" mövzusunda namizədlik dissertasiyası, 1989-cu ildə M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Tarix fakültəsinin Elmi Şurasında “Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa ölkələri ilə qarşılıqlı əlaqələri (XV əsrin II yarısı - XVII əsrin əvvəlləri)” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

O, Azərbaycan Ensiklopediyasında elmi redaktor, böyük elmi redaktor, redaksiya müdiri, elmi işlər üzrə baş redaktor müavini, 1968-1981-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki ADPU) baş müəllim, dosent vəzifələrində çalışıb. 1985-1986-cı illərdə Universitetin Tarix fakültəsinin dekan müavini işləyib.

Yaqub Mahmudov 2004-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktorudur. O, 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilib. Azərbaycanın orta əsrlər tarixi, diplomatiya tarixi və ümumdünya tarixinə dair 1000-dən çox elmi əsərin müəllifidir. Diplomatiya tarixi, itirilmiş torpaqlar, soyqırımları tarixi elmi istiqamətləri sahəsində yaratdığı elmi məktəblərə və “Azərbaycan tarixi ilk mənbələrdə” layihəsinə rəhbərlik edir. Əsərləri bir çox xarici ölkələrdə (Moskva, London, Vaşinqton, Nyu-York, Ankara, İstanbul, Roma, Qahirə, Seul, Mexiko, İslamabad, Los Anceles və b.) nəşr olunub.

Mahir Abbaszadə

Mahir Abbaszadə, iqtisadi nəzəriyyə müəllimi, iqtisad elmləri üzrə fəlsəfə doktorudur.

O, 1975-ci ildə Laçın rayonunun Güləbird kəndində anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetini iqtisadi nəzəriyyə müəllimi ixtisası üzrə bitirib.

2018-ci ildə Mahir Abbaszadə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsinə təyin edilib.

 

 

 

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları