Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-27 16:36:00
 Diaqnostik Qiymətləndirmənin Respublika birincisi – “Bunu gözləmirdim”

“Əsl məktəb psixoloqu şagird və valideynlərlə müntəzəm formada işləməlidir”.

Bu sözlər psixoloqların diaqnostik qiymətləndirilmə müsabiqəsində  namizədlər arasında ən yüksək nəticə göstərən    Aygün Əliyevaya məxsusdur

Aygün Əliyeva dekabrın 26-da keçirilən psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində  yüksək nəticə göstərərək 52 bal toplayıb.

O, Samux şəhər 2 nömrəli tam orta məktəbin psixoloqudur; 4 ildir ki,  bu vəzifədə çalışır. Gəncə Dövlət Universitetində “pedaqogika və psixologiya” ixtisası üzrə təhsil alıb:

AzEdu.az Aygün Əliyevanın imtahan barəsində təəssüratlarını təqdim edir:

“Psixoloqların diaqnostik qiymətləndirilməsi imtahanı mənim üçün  çox yaxşı keçdi.  İmtahanda namizədlərə təqdim edilən suallar mənə görə çox asan idi. Amma imtahanda təqdim edilən suallar çox düşündürücü idi. Sualları cavablandırdığım zaman iki variant  arasında qalırdım. Ancaq  imtahanda salınan suallar çox maraqlı idi.  İmtahan barəsində təəssüratım isə çox yüksəkdir. Çünki yüksək nəticə göstərərək 52 bal toplamaq uğurdur. Özümə inanırdım ki, imtahanda  yüksək bal toplaya bilərəm. Amma namizədlər  arasında ən yüksək nəticə göstərəcəyimə inanmırdım.

İmahana az müddət ərzində hazırlaşmışam. Noyabrda Təhsil Nazirliyi tərəfindən açıqlandı ki,  dekabrın sonlarına yaxın psixoloqların diaqnostik qiymətləndirməsi imtahanı keçiriləcək. Noyabrın ortalarından sonra  imtahana  hazırlaşmağa başladım.

Aygün Əliyeva imtahanlarda yüksək bal toplamağın sirlərini də bölüşüb:

“İmtahana  girmədən öncə çox həyəcan keçirirdim.  Amma imtahan keçirilən zala daxil olduqdan sonra həyəcan baş vermədi.  İmtahanda iştirak etmək istəyənlərə tövsiyəm odur ki, qətiyyən həyəcanlanmasınlar. Çünki imtahan müddətində həyəcan baş verdikdə, iştirakçılar bildikləri mövzunu belə xatırlamır. Elə buna görə də imtahana girmədən öncə yüksək bal toplayacağına inanmaq lazımdı. Çünki özünəgüvənən insan qarşısına qoyduğu məqsədə asanlıqla çata bilər. İmtahana hazırlaşdığım müddətdə inanırdım ki, 50-dən çox yüksək bal toplayacağam və belə də oldu”.

 Əsl məktəb psixoloqu...

“Əsl məktəb psixoloqu şagird və valideynlərlə müntəzəm formada işləməlidir.  Həmçinin, məktəb psixoloqları şagirdlərlə fərdi söhbət etməli, onları narahat edən sualları cavablandırmalıdır.  Onu da bildirim ki, məktəb psixoloqu valideynlərlə söhbət edərək onların problemini dinləyib, tövsiyələrini də verməlidir. Psixoloq vəzifəsində çalışan bu peşənin vəzifə borcunu bilməli və onlara əməl etməlidir.

Hazırda Samux şəhər 2 nömrəli tam orta məktəbdə psixoloq vəzifəsində çalışıram. Bundan sonra da öz işlədiyim məktəbdə psixoloq kimi fəaliyyət göstərmək istərdim”.

Qeyd edək ki, dekabrın 24-dən etibarən psixoloqların diaqnostik qiymətləndirilməsi imtahanına start verilib. Dekabrın 28-dək davam edəcək prosesdə 2700-dək psixoloqun iştirakı nəzərdə tutulur.

Diaqnostik qiymətləndirilmə proqram təminatı vasitəsilə test üsulu ilə həyata keçirilir. İmtahanda namizədlərə praktiki psixologiya üzrə 35, nəzəri psixologiya üzrə 25 olmaqla ümumilikdə 60 test tapşırığı təqdim olunur. Hər düzgün cavab 1 balla qiymətləndirilir.

Günel Yaşarqızı
Müəllifin digər yazıları