Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-14 13:20:05
Müəllimlər qəbul sualları haqda: “Bununla bağlı yəqin ki, tədbir görüləcək”  

Xəbər verdiyimiz kimi, dünən Dövlət İmtahan Mərkəzi 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.

İmtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 66 binada aparılıb.

İmtahandan sonra bəzi abituriyentlər bir sıra fənnlər üzrə sualların çətinliyi ilə bağlı narazılıq ediblər.

AzEdu.az məsələni dəqiqləşdirmək üçün Azərbaycan dili, Ədəbiyyat və Xarici dil (İngilis dili) müəllimləri ilə əlaqə saxlayıb.

Azərbaycan dili və Ədəbiyyat müəllimi Elxan Nəcəfov bildirib ki, suallar proqramı tam əhatə etsə də,  mübahisə edilə biləcək, şagirdləri çaşdıra bilən test tapşırıqlarına rast gəlinib:

“II qruplara düşən suallarda mübahisə edilə biləcək, yüksək səviyyəli biliyə malik şagirdləri çaşdıra bilən test tapşırıqlarına rast gəlinib. Bunla bağlı aidiyyəti qurumlar  yəqin ki, tədbir görəcəklər. Sualların səviyyəsi o qədər də çətin deyildi. Orta səviyyəli şagird rahatlıqla yaza bilərdi. Ədəbiyyat fənni üzrə sualları da çox çətin adlandırmazdım. Şagirdlərin rahatlıqla yaza biləcəyi tapşırıqlar idi”.

Azərbaycan dili və ədəbiyyat müəllimi Məhbubə Abbasova bildirib ki, şagirdlər daha çox ədəbiyyat fənnindən olan suallarda çətinlik çəkiblər:

“Ədəbiyyatdan düşən suallarda dolaşıq məqamlar var idi. Amma abituriyentlərin əksəriyyəti yaxşı yazıblar. Azərbaycan dilindən demək olar ki, çətinlik çəkməyiblər. Hüseyn Cavidin “İblis” əsərində İblislə İxtiyar Şeyxin dialoqunu tapa bilməyərək, səhv variantı qeyd ediblər”.

İngilis dili müəllimi Sevda Hüseynovanın sözlərinə görə, qəbul imtahanında ingilis dili fənnindən çaşdırıcı suala rast gəlinməyib:

“Suallar tam olaraq mövzuları əhatə edirdi. Kənar heç bir sual düşməyib. Normal səviyyəli biliyə sahib şagird sualları rahatlıqla cavablandıra bilərdi. İmtahanda orta səviyyəli suallar üstünlük təşkil edib”.

İngilis dili müəllimi Gülnarə Quliyeva da suallardan razı qaldığını deyib:

“Demək olar ki,  çətin suallar düşməyib. Bir-iki çaşdırıcı suala rast gəldim. Amma belə sualların sayı o qədər də çox deyildi. Abituriyentlər də öz səviyyələrinə uyğun nəticə göstəriblər”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları