Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-02 10:12:00
Astrofizik alim: “Kainatda elə alternativ dünyalar var ki, ordakılar bizə  ibtidai canlılar, “qarışqa” kimi baxırlar”-MÜSAHİBƏ    

Cəfər Quluzadə: “Şimal Buzlu okean əriyəcək və bütün dünyanı su basacaq, temperatur 500 dərəcəyə qalxacaq”

Bu sözlər Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasının müdiri, professor Cəfər Quluzadəyə aiddir.

TƏQDİMAT: Cəfər Quluzadə 1961-ci ildə Leninqrad  Dövlət  Universitetindən məzun olub. 1966-ci ildə Astrofizika ixtisası üzrə aspiranturanı bitirib və namizədlik dissertasiyasını müdafiə edib.

1997-ci ildən Astrofizika kafedrasında müdir vəzifəsində çalışır. Avropa Astronomiya Cəmiyyətinin üzvüdür.

AzEdu.az Cəfər Quluzadə ilə müsahibəni təqdim edir:

-Kainatın yaranma  prosesi “Böyük partlayış” nəzəriyyəsi ilə izah olunur. Amma kainatın formalaşmasının ilkin anı hələ də elm üçün müəmmadır. Fikrinizcə, yaranma prosesinə təkan verən əsas qüvvə nədir?

-Bu, çox mürəkkəb məsələdir. Əvvəllər hesab edirdilər ki, bütün göy cisimləri ulduz və qalaktikalar hamısı bir vaxtda yaranıb. Kainat toz və qazlarla dolu olub. Qazla tozun içərisində hərəkət edən kiçik hissəciklər yanındakıları yığa-yığa göy cisimlərini əmələ gətirib.

Bu, əvvəlki konsepsiyadır. Son zamanlar  “Böyük partlayış” ideyası ortaya çıxıb. Bunların heç biri nəzəriyyə deyil, fərziyyədir. Kainat əvvəldən çox sıx bir maddədə cəmləşib və partlayış olub. Bununla da göy cisimləri əmələ gəlib. İlkin vəziyyəti təyin etmək isə mümkün deyil. Lakin hadisələrin sonrakı inkişafını izah edə bilirik. İlahiyyatçılar güman edirlər ki, hər şeyi Allah yaradıb və təkanverici əsas qüvvə odur. Elm isə başqa cür izah edir. Qeyd etdiyim konsepsiyalar nəticəsində dünya yaranıb və inkişaf edir. Bu gün də yeni ulduzlar öz-özünə əmələ gəlir. Ulduzlar da insan kimi yaşayır, inkişaf edir, müəyyən mərhələyə çatır. Sonra yavaş-yavaş məhv olmağa başlayırlar.

Bütün proseslər çox yavaş gedir. Bu prosesləri izləməyə insan ömrü yetməz. Təsəvvür edin, milyon yaşı olan ulduzlara cavan ulduzlar deyirik. Onların yaşları milyard illərlə ölçülür. Ulduzlarda müəyyən müddətdən sonra dayanıqsızlıq əmələ gəlir və onlar üst qatını saxlaya bilmir. Nəticədə ulduzlardan böyük bir maddə qopub kainata səpələnir.

Ulduz partlayanda həcmi böyüyür və parlaqlığı kəskin artır. Ulduzu tarazlıqda saxlayan 2 qüvvə var: Cazibə qüvvəsi onu sıxmağa, təzyiq qüvvələri isə genişləndirməyə çalışır. Bu iki qüvvə bir-birinə bərabər olanda ulduz tarazlıqda qalır. Cazibə qüvvəsi üstünlük təşkil edərsə, ulduz bərk sıxılır. Bərk sıxılanda temperatur artır. Sıxılıb-genişlənmələr nəticəsində ulduz hər dəfə müəyyən qatını atır. Elə bir an gəlir ki, ulduzun ölçüləri azalır və qravitasiya çoxalır. Qravitasiya sahəsi o qədər böyük olur ki, ulduzdan kvantlar çıxa bilmir. Ulduzu niyə görürük? Çünki ondan işıq kvantları çıxır. Qravitasiya sahəsi çox böyük olsa, kvantlar çıxa bilmir. Beləliklə, ulduz daha görünmür və buna elmdə qara dəlik deyirik. Qara dəliyi yalnız qonşu ulduzlara təsirinə görə hiss etmək olar.

-Dünya alimlərinin qənaətinə görə, kainat təcillə genişlənməkdə davam edir. Bu genişlənmə nə zamansa zəifləyə və sıxılma ilə əvəz oluna bilərmi?

-Kainatın genişlənməsi fikirləriylə razı deyiləm. Mənim şəxsi konsepsiyama görə, kainat genişlənmir. Amma bütün dünya bunun əksini söyləyir. Dopler effektinə görə, şüalanmanın mənbəyi bizdən uzaqlaşırsa, onun verdiyi xətlər spektrın qırmızı ucuna, yaxınlaşırsa, bənövşəyi ucuna sürüşür. Əksəriyyətinin xətləri qırmızı tərəfə sürüşür. Hesab edirlər ki, kainat genişlənir.

Ulduz uzaq olduqca daha böyük sürətlə hərəkət edir. Niyə? Sualın cavabını izah eləmək mümkün olmur. Bunu kvantların qocalması ilə izah edirəm. Onda müəyyən dərəcədə nəticəyə varmaq olar. Təbii, bu, şəxsi fikrimdir. Ola bilər ki, doğru olmasın.

-Başda Stiven Hokinq olmaqla, bir çox alim paralel dünyaların mövcudluğunu fərz etsələr də, bunun əksini söyləyənlər heç də az deyil. Sizcə, bu fərziyyələrdə hansı tərəf haqlıdır?

-Həyatda hər şey cüt yaranıb. İnsan da cüt yaranır. Ona görə hesab edirlər ki, anti-dünya da var. Anti-dünya nədir? Bu barədə heç nə bilmirik. Kainatda sirli məsələlər həddən artıq çoxdur. Zərrəciklər varsa, anti-zərrəciklər də mövcuddur. Eyniylə, dünya varsa, anti-dünya da var.

“Nyuton yaradıcı qüvvəyə inanıb və ibadət edib”

-Qeyd etdiniz ki, ilahiyyatçılar kainatın yaranmasını dinlə əlaqələndirirlər. Amma reallıq budur ki, dünyanın ən məşhur astrofizikləri də yaradıcı qüvvənin varlığına inanıb, bəzən də ibadət edirdilər..

-Bəli, böyük alimlər də buna inanıblar. Nyuton çox böyük alim olub. Fizika sahəsində o zirvəyə çatan olmayıb və olmayacaq. Nyuton da yaradıcı qüvvəyə inanıb və ibadət edib. Ancaq dünyanın çox sirlərini də məhz Nyuton açıb. Fəsillərin, gecə-gündüzün əmələ gəlməsini o izah edib. Ümumdünya cazibə qanunu bu dəqiqə bütün dünyanı idarə edir. Mexanikanın 3 qanunu var ki, istənilən avtomobil bu qayda ilə idarə olunur. Bu inam onun öz fikridir. Mən şəxsən inanmıram.

Universiteti Rusiyada bitirmişəm. İlkin təlimimiz dialektika, materiya olub. O zamandan bu fikir məndə qalıb. Allahın hər şeyi yaratdığını hesab etmirəm. Biri oğurluq edir, deyirlər Allahın işidir. Kim nə edirsə, Allaha bağlayır. Mən bu fikirlərlə razılaşmıram.

-Belə çıxır ki, cəmiyyətin böyük kəsiminin dini düşüncələri sizə görə utopiyadan başqa bir şey deyil...

 - Mən bizdəki fikirlərin çoxu ilə razı deyiləm. Hamısı uydurmalardır.

Qurani-Kərimdə də qeyri-adi bir şey yoxdur. Quran sanki o dövrün konstitutsiyasıdır. Xristianların da müqəddəs kitabını oxumuşam. Bütün dinlərdə eyni şeyi yazırlar. Pis yola getmə, oğurluq eləmə. İnsanlar öləndə Yasin sürəsi oxunur. Halbuki orda ölüdən söhbət belə getmir. İslam dininə görə, Quran təkcə yas yerində oxunmalı deyil. Bizdə isə ancaq hüzrlərdə oxuyurlar. Üstəlik, Yasin oxumağın ölüyə xeyir olduğunu deyirlər. Heç bir xeyri yoxdur. Heç ölünün oxunulanlardan xəbəri də olmur.

-Anladığım qədərilə materialistsiniz. Lakin materializmin özünü doğrultmadığına dair kifayət qədər iddialar səsləndirilir..

-Bəli, materialistəm! Kommunizmdə materializmlə bağlı uydurmalar var idi. Lakin bunların heç biri doğru deyil. İdealist fikirləri müdafiə edə bilmərəm.

“Kainatda həyat bir bizim planetdə deyil, çox yerdə mövcuddur”

-NASA-nın hazırda əsas hədəfi Marsdır. Bu planetdə insan koloniyası qurmaq planlaşdırılır. Lakin professor Namiq Cəlilovun fikrincə, bundan sonra Marsda həyatın yaranmağı mümkünsüzdür...

- Bu suala cavab vermək çox çətindir. Elə canlılar var ki, min dərəcə temperaturda da ölmürlər. Həyatın varlığı orda yalnız insan yaşamalıdır anlamına gəlmir. Kainatda elə paralel dünyalar  var ki, orda yaşayanlar bizə ibtidai canlılar kimi baxırlar. Eyniylə biz qarışqaya baxan kimi... Kainatda həyat bircə Yerdə ola bilməz. Yoxsa idealizmə gəlib çıxmış olarıq. NASA tərəfindən çoxlu sayda başqa ulduzlar, planetlər kəşf olunub. Onların bəzilərində fiziki şərait tam öyrənilməyib. Lakin Mars həyatın mövcud olması üçün fiziki şəraitinə görə ən uyğun yerdir. Merkuri və Venerada temperatur çox yüksəkdir. Digər planetlər isə buzdan ibarətdir. Marsda öncələr həyatın mövcud olması artıq sübut olunub. Orda ibtidai şəkildə də olsa, bitki var.

-Amma Marsın maqnitsferası olduqca zərər görüb və atmosfer qatı çox incədir. Bu planetdə həyat üçün ilkin şərt hesab olunan maqnitsferanın yenidən meydana gəlməsi nə dərəcədə realdır?

- Yerin atmosferi, həm də qoruyucu təbəqədir. Atmosfer olmasa, heç bir canlı yaşaya bilməz. Yerin qoruyucu təbəqəsi Günəşdən gələn təhlükəli zərrəcikləri dünyaya buraxmır. Bəzən bu zərrəciklər qütb bölgələrindən Yerə daxil olurlar. Ona görə qütb parıltıları meydana gəlir. O planetin ki  maqnitsferası yoxdur, orada hər hansı canlının yaşaması mümkün deyil. Bundan sonra da bu qoruyucu təbəqə yarana bilməz.

NASA Marsa insan göndərməyə hazırlaşır. Ən azından gedib- görüb, geri qayıdacaqlar.

“Bir layihəmə Amerikadan qrant təklif etdilər”

-Bugünün özündə də dünyanı düşündürən əsas məsələ Neil Armstronqun doğurdan da Aya gedib-getməməsiylə bağlıdır. Astrofizik alim kimi bu məsələdə siz nə düşünürsünüz?

-Əlbəttə ki, gediblər. Bu qədər yalan olmaz. Bəzən müəyyən uydurmalar danışırlar. Deyirlər, Armstronq azanı dinləyərək deyib ki, mən Ayda bu səsi eşitmişdim. Ayda səs ola bilməz! Səs atmosferdə yaranır. Daha bir uydurma isə Amerikanın bayrağının Ayda yellənməsi ilə bağlıdır. Orada bayraq yellənə bilməz! Bayrağı yellədəcək hava Ayda mövcud deyil! Bütün bu uydurmalar insanları elmdən uzaqlaşdırır.

-Zaman-zaman NASA-nın özünün də gizli məqsədlər xatirinə bu cür utopiyaları məqsədli şəkildə yaydığı bildirilir...

- Kosmik gündəmi daim izləyirəm. Hər şey göz qabağındadır. Edilən işlərin də hamısının dəlili var. İndiki dövrdə hər şey var-dövlətə bağlıdır. Amerikanın imkanı var ki, elmə bu qədər xərc qoysun. Məhz bu xərclərin nəticəsində belə kəşflər edilir. Biz isə alimə 1 həftəlik məzuniyyət verə bilmirik.

Amerikadan Bakıya azərbaycanlı professor gəlmişdi. Deyir, bizi məcbur edirlər ki, məzuniyyətə çıx, get, dünyanı gəz. Amerikadan neçə qurumdan mənə məktub gəlib. Bir elmi işimə görə məni oraya dəvət etdilər. Layihəyə qrant həsr etdilər və özümün də gəlməyimi istədilər. Buna imkanımın olmadığını yazdım. 1 həftədən sonra bütün xərclərinizi yüksək səviyyədə ödəyəcəyik deyə mail aldım. Ancaq yenə gedə bilmədim. Səhhətim uyğun deyil. Yaşım da çoxdur. Amerikaya getmək üçün16 saat uçmaq lazımdır. Mən bu yaşda ona dözə bilmərəm.

“Atmosfer bu qədər çirklənməyə davam eləsə, Şimal Buzlu okean əriyəcək və bütün dünyanı su basacaq”

-Alimlərin bütün xəbərdarlıqlarına baxmayaraq, atmosferdə çirklənmənin miqdarı sürətlə artır. Üstəlik, bir gün Günəşin tamamilə sönəcəyi də dəqiqdir. Bütün bunların fonunda gələcək dünyada bizi nələr gözləyir?

-Bizi insanlığın çox böyük təhlükələri gözləyir. Belə getsə, 5 min ildən sonra Yer qaynar ulduz kimi işıq şüalandıracaq. Temperatur 500 dərəcəyə qalxacaq. Bütün canlılar məhv olacaq. Bu, labüddür. Günəşin də sonu var. Elə bir fəlakət ola bilər ki, Yer tamamilə əriyib yoxa çıxar.

Bunlar olmasa belə, Yerdə bu gün qlobal istiləşmə prosesi gedir. Atmosfer bu qədər çirklənməyə davam eləsə, Şimal Buzlu okean əriyəcək və bütün dünyanı su basacaq. Bu hadisələr gözləniləndir. Günəşdə hazırda da nüvə reaksiyaları gedir. Yüksəkenerjili zərrəciklər çıxır və kainata yayılır. Bunlar olmasa belə, birbaşa insanların səbəb olduğu problemlər dünyamızı məhvə aparacaq.

-Cəfər müəllim, bir az da işin təhsil istiqamətinə yönələk. Tələbələrimizin astrofizikaya marağı necədir?

-Elmə maraq kəskin azalıb. Biz tələbə olan vaxtı auditoriyada 50 nəfərdən cəmi 3-5-i qız olardısa, indi 80 nəfər arasında bir oğlan belə tapılmır. Oğlanlar elmə gəlmirlər. Çünki elm insanları “yedizdirmir”. Oğlan alimlikdən qazandığı pulla ailə saxlaya bilməz.

Magistraturada da vəziyyət eynidir. Qızların xətrinə dəymək istəmirəm. Ancaq elmi inkişaf etdirən əsasən, kişilər olub. Qadın alimlərin sayı nisbətən azdır. Belə getsə, 20-30 ildən sonra dərs demək üçün xaricdən alim çağıracaqlar. Burda işləyən professorların 99%-i Rusiyada, Ukraynada təhsil alanlardır. 20 il bundan əvvəl məşhur alimlərimiz var idi. Bəhram Əsgərov, Zahid Xəlilov, Mirabbas Qasımov və s. İndi bu cür alimlərimiz yoxdur. Uşaqlarda da səviyyə kəskin aşağı düşüb. 50 ildən çoxdur, mühazirə oxuyuram. 10-20 il bundan qabaq auditoriyaya daxil olanda ehtiyat edirdim ki, birdən tələbənin verdiyi  sualı  cavablaya bilmərəm. Məcbur idim, bir xeyli izahlar axtarıb tapım. İndi nə deyirsən de, qəbuldur. İndiki tələbəyə “pambıq qaradır” desən, elə də qəbul edəcək. Boloniya sistemi bizə uyğun deyil. Bizim xalq bu sistem üçün yetişməyib. Birdən-birə I mərtəbədən X mərtəbəyə çıxmaq olmaz.

Mən universitetə daxil olanda (1955-ci il) bir dənə də olsun Azərbaycan dilində dərslik yox idi. İndi elə 10-dan çox dərsliyi mən yazmışam. Bütün universitetlərdə bu dərsliklərdən istifadə olunur. Ancaq təəssüf ki, oxuyan yoxdur.

“Bu gün Yerin, ulduzun nə olduğunu bilməyən elmlər doktoru var”

-Yəqin, elmi maarifləndirmənin yetəri qədər aparılmaması da marağın kəsin azalmasında öz təsirini göstərir...

- TV və radiolarda səhərdən axşama qədər vur-çatlasındı. Baxın görün, elmdən bircə kəlmə verirlərmi?

İnsanlarda elmə marağı oyatmaq lazımdır. Neçə il bundan əvvəl TV-lərə müraciət elədim ki, razıyam, pulsuz, heç olmasa həftədə bir dəfə “İnsan və kainat” adlı elmi veriliş aparaq. Bu gün Yerin, ulduzun nə olduğunu bilməyən elmlər doktoru var. Hansı ki, planetlə ulduzu bir-birindən seçə bilmir.  

Bu sahədə maarifləndirmə işləri aparılmır. Gənclərdən soruşsanız, Üzeyir Hacıbəyovu tanımayacaqlar. Amma Mozanbikdə filan müğənninin neçənci dəfə ailə həyatı qurması hamının marağındadır.

O gün TV-də süjet verirlər ki, Tacir Şahmalıoğlu 54 yaşında ata olub. Üstəlik, doğum evini də göstərirlər. Axı bu informasiya mənim nəyimə lazımdır?! Fikir verin, hər hansı dahimiz haqqında efirlərdə bir süjet gedirmi?! Halbuki bizim çox böyük alimlərimiz olub. Amma səhərdən axşama qədər müğənnilərin ad günlərini qeyd edirlər.

Bir gün bir verilişdə elə informasiya eşitdim ki, ayağımın altından yer qaçdı. Məlumatda deyilirdi ki, Yer Günəşin ətrafında fırlanmır. Yer Günəşə yaxınlaşanda yay, uzaqlaşanda qış olur. Kanala zəng edib biabır etdim! Buna dünya baxır. Belə səhvlərə yol vermək olmaz! İl ərzində TV-lərdə 28 elmi səhv tapıb qeyd etdim. Bunu onlara bildirsəm də, heç reaksiya verən də olmadı.

 

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları