Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-11 11:45:00
Məktəblərdə akt zalları şagirdlərə icarəyə verilir – Valideynlərdən müdhiş iddia + CAVABLAR

Bayram tədbirlərinin keçirilməsi üçün məktəblərin akt zalları, adətən, valideynlərə icarəyə verilir. Yəni, əlifba bayramı və bu kimi günləri qeyd etmək üçün Akt zalından istifadəyə görə valideynlərdən pul yığılır. Valideynlərin əksəriyyəti, əlifba bayramının yaxınlaşdığı ərəfədə yenə bu halların təkrarlandığından şikayət edirlər:

Qızı 272 saylı tam orta məktəbdə təhsil alan valideyn Aygün Abbasova deyir ki, onlar keçən il əlifba bayramında direktora hörmət ediblər:

“Mən pul yığmaq lazım olduğunu bilmirdim. Sinif müəllimləri nə vaxt, nə üçün pul yığmaq lazım olduğunu bilirlər. Dəqiq yadımda deyil, amma deyəsən 30 manatdan yığmışdılar. Valideynlərin əksəriyyəti verdi, ancaq bəzilərinin pulu olmadığı üçün əlifba bayramında da iştirak etmədilər. Eşitdiyimə görə, yığılan pullar direktora verilir...”

Övladı Bakı Slavyan Universitetinin məktəb-lisey kompleksində təhsil alan, adının çəkilməsini istəməyən valideyn isə qeyd edir ki, bu il məktəbdən əlifba bayramını Akt zalında keçirmək üçün 180 manat icarə pulu yığırlar:

“Əlifba bayramını keçirmək üçün müxtəlif işlərə pul yığılır: yeni paltarların alınması, musiqi tərtibatı, rəqs müəllimi, tədbirin təşkili üçün rejissora zəhmət haqqı və.s. Bu siyahıda hamını təəccübləndirən bir əlavə xərc də var - Akt zalının icarəsi. Hər valideyn uşaqların akt zalında tədbir keçirməsi üçün 16 manat pul ödəməlidir. Maraqlananda bu nə məsələdir, dedilər, zalı 180 manata icarəyə götürürük. Sonra öyrəndik ki, başqa məktəblərdə də belədir. Hətta bəzi orta məktəblərdə bu icarə haqqı iki dəfə bahadır...”

AzEdu.az saytının əməkdaşı mövzu ilə bağlı Bakıdakı bir neçə orta məktəblə əlaqə saxlayıb.

191 saylı orta məktəbin direktor müavini Məmmədova Mehriban sualımızı cavablandıraraq qeyd edib ki, məktəbdə pul yığımı halları baş verə bilməz:

“Belə bir şey mümkün deyil”.

Rəsul Ənnağıyev adına 141 nömrəli tam orta məktəbin direktor müavini Həsənova Minayə isə məktəbdə Akt zalının olmadığını deyib:

“Ümumiyyətlə, əlifba bayramı siniflərdə keçirilir, sadə şəkildə. Akt zalımız var ki, pul da yığaq? Balaca 30 nəfərlik sinif ayırmışıq, lazımi tədbirləri orada təşkil edirik”.

Etibar Cəlilov adına 272 saylı məktəbin katibəsi Şəlalə Nurullayeva direktorun hazırda 10-11-ci siniflərin davamiyyətini yoxlamağa getdiyini, direktor müavinin isə danışmaq üçün uyğun olmadığını qeyd edib:

“Bizim məktəbdə əlifba bayramları üçün pul yığılması halları olmur. Belə bir şey mümkün deyil. Tədbirlər, adətən, musiqi müəllimləri və direktor müavinləri tərəfindən təşkil edilir. Orada heç bir xərc çəkilmir, pul niyə yığılsın ki? Haradan məlumat verilibsə, yanlış məlumatdır”.

Elitar Gimnaziyadan bildiriblər ki, burada heç bir rüşvətdən söhbət gedə bilməz: “Əgər gimnaziya ilə bağlı belə bir informasiya verilibsə, inanın ki, qətiyyən mümkün deyil”.

Həbibulla Hüseynov adına 83 nömrəli məktəb-liseyin direktor müavini Nizami Ağayev də qeyd edir ki, onlar ümumiyyətlə əlifba bayramlarını Akt zalında təşkil etmirlər:

“Bizdə bu kimi tədbirlər olduqda belə pul yığılması halları baş verə bilməz. Əgər bununla bağlı hər-hansısa informasiya əldə etmisinizsə, yanlış informasiyadır”.

Fazil İsmayılov adına 79 saylı tam orta məktəbin direktor müavini də məktəbdə pul yığılması hallarını inkar edib. O, qeyd edir ki, nəinki əlifba bayramları, ümumən heç bir tədbirin təşkilində valideynlərdən pul yığıla bilməz.