Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-10 13:22:00
Təhsil müəssisələrində Qələbə Günü qeyd olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 73-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

BŞTİ-dən AzEdu.az-a bildiriblər ki, təhsil müəssisələrində Qələbə Gününə həsr olunan konfranslar, mühazirə və “dəyirmi masa”lar, ədəbi-bədii kompozisiyalar, şagirdlərin əl işlərindən ibarət sərgilər, vətənpərvərlik mövzusunda bədii qiraət gecələri, müharibə veteranları ilə görüşlər təşkil edilib.

Tədbirlərdə BŞTİ, rayon icra hakimiyyətləri, müxtəlif idarə və təşkilatların nümayəndələri, təhsil müəssisələrinin pedaqoji kollektivləri və şagirdlər iştirak ediblər.

Vətən uğrunda canlarını qurban vermiş insanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirlərdə alman faşizmi üzərində qələbənin əldə olunmasında Azərbaycan xalqının əvəzsiz rolu şagirdlərin diqqətinə çatdırılıb, həmyerlilərimizin döyüş meydanlarında və arxa cəbhədə göstərdikləri qəhrəmanlıqlardan bəhs edilib.

Bildirilib ki, Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev müharibə veteranlarının sosial vəziyyətinin yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayır.

Tədbirlərdə çıxış edənlər işğal altında olan torpaqlarımızın dövlət başçısının rəhbərliyi ilə tezliklə azad ediləcəyinə və qələbə bayramının Şuşada, Laçında, Xankəndidə, digər tarixi məkanlarımızda qeyd olunacağına inandıqlarını bildiriblər.

Şagirdlər Böyük Vətən müharibəsində faşistlərə qarşı qəhrəmanlıqla vuruşmuş həmyerlilərimizə həsr olunan şeirlərdən parçalar səsləndirib, mahnılar ifa edib, ədəbi-bədii kompozisiyalar göstəriblər.

Qeyd edək ki, tədbirlərdə İkinci Dünya müharibəsində azərbaycanlıların qəhrəmanlığından bəhs edən sənədli və bədii filmlər nümayiş olunub.