Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-30 13:00:00
Sabirabadın zəif qəbul nəticələri – Tələbəsiz kəndlər

2018-ci ildə Azərbaycanın ayrı-ayrı bölgələrini təmsil edən məzunların imtahan nəticələrinin elmi-statistik təhlili açıqlanıb.

Bu barədə “Abituriyent” jurnalının 12-ci sayında bildirilib.

AzEdu.az adıçəkilən jurnala istinadən bölgələr üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrini silsilə şəkildə oxuculara təqdim edəcək.

İlk yazıda Sabirabad rayonu üzrə məzunların ali məktəblərə qəbul imtahanlarında göstərdikləri nəticələrin statistik təhlilini diqqətə çatdırırıq.

2018-ci ildə rayonun ümumtəhsil müəssisələrini 1428 şagird bitirib, onların 1309 nəfəri buraxılış imtahanında iştirak edib və 533 nəfəri hər üç fənn üzrə müvəffəq qiymət alıb.

Buraxılış imtahanında tədris dili fənni üzrə məzunların 29.26%-i “2”, 41.94%-i “3”, 18.26%-i “4”, 10.54%-i “5”, riyaziyyat fənni üzrə 36.97%-i “2”, 31.32%-i “3”, 18.49%-i “4”, 13.22%-i “5”, xarici dil (kimya) fənni üzrə isə 39.27%-i “2”, 43.54%-i “3”, 11.23%-i “4”, 5.96%-i “5” qiyməti alıb. Ümumilikdə, 1318 nəfər attestat alıb.

Attestat alanların 41.73%-i (550 nəfəri) I-IV qruplar üzrə qəbul imtahanlarında iştirak edib, 29.59%-i (390 nəfəri) isə buraxılış imtahanlarının nəticələri əsasında V qrupa daxil olan ixtisaslar üzrə müsabiqədə iştirak etmək üçün ərizə verib. Ümumilikdə, attestat alanların 44.99%-i (593 nəfəri) ali təhsil müəssisələrinə qəbul kampaniyasında iştirak edib. Qəbul imtahanlarının nəticələrinə əsasən, rayonun 239 məzunu (imtahanlarda iştirak edənlərin 40.30%-i) tələbə adını qazanıb. Onların 28.45%-i (68 nəfəri) dövlət, 0.84%-i (2 nəfəri) özəl ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 51.05%-i (122 nəfəri) dövlət, 19.67%-i (47 nəfəri) özəl ali təhsil müəssisələrinə ödənişli təhsil forması üzrə qəbul olub. Rayon abituriyentlərinin I-IV qruplarda bütün imtahan fənləri üzrə göstəriciləri respublikanın orta göstəricilərindən aşağıdır.

Rayon məzunlarının 45 nəfəri 500-dən, o cümlədən 11 nəfəri 600-dən yuxarı bal toplayıb. Abituriyentlərin ən çoxu Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Sumqayıt Dövlət Universitetinə qəbul olub. Rayon abituriyentlərinin I-IV qruplar üzrə qəbul imtahanlarında topladıqları orta bal 218.4-ə bərabərdir. Bu, respublika üzrə orta göstəricidən 20.3% aşağıdır. Rayon abituriyentlərinin yalnız 29.45%-i 300-dən yuxarı bal toplayıb. Rayonun attestat qiymətləri əla olan abituriyentlərindən 1.39%-i 200 baldan aşağı nəticə göstərib. 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 34.72%-dir.

Qəbul imtahanlarında 63 məktəbin məzunları iştirak edib. Bu məktəblərdən Axısxa kənd, Nizami kənd, Ələmbəyli kənd, Əhmədabad kənd, Narlıq kənd, Balvar kənd və C.Xəlilov adına Çağırqan kənd tam orta məktəblərinin bir abituriyenti belə ali təhsil müəssisəsinə qəbul olmayıb. Rayonun Axısxa kənd, Əhmədabad kənd və Narlıq kənd tam orta məktəblərinin qəbul imtahanlarında iştirak edən abituriyentlərinin sayı, məzunlarının sayının 10%-ni belə təşkil etmir.

Rüstəmli kənd tam orta məktəbinin bir məzunu belə ali təhsil müəssisələrinə qəbul üçün sənəd verməyib.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları