Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-08 12:15:36
Şuşanın müdafiəsində canından keçən MİLLİ QƏHRƏMANLAR

Bu gün Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 26-cı il ötür. Şuşa, 1992-ci il may ayının 7-dən 8-nə keçən gecə işğal olunub.

Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin ermənilərin əlinə keçməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırılıb. Bununla ermənilər bölgənin Azərbaycandan faktiki qoparılmasına nail olublar.

Şuşa şəhərində həmin dövrdə 24.900 əhali yaşayıb. İşğal  zamanı yerli əhalinin 193 nəfəri şəhid, 102 nəfəri isə əlil olub.

AzEdu.az  Şuşanın Milli Qəhrəmanları haqda məlumatı təqdim edir:

Hüseynov Sadıq Dayandur oğlu: 29 iyul 1969-cu ildə Ağcabədi rayonunun Xocavənd kəndində doğulub. 1968-1978-ci illərdə burada orta məktəbdə oxuyub. 1980-cı ildə ordu sıralarına çağırılıb. 1989-cu ildə DİN-nin sərəncamı ilə Şuşa şəhərində sahə müvəkkili olaraq işə başlayıb. Ermənilərin azğınlaşmış silahlı dəstələri Azərbaycan torpaqlarını işğal etdikləri vaxtlarda digər polis əməkdaşları kimi o da, döyüşlərə qatılıb. 29 mart 1992-ci il o döyüşlərdən birində ağır yaralanır buna baxmayaraq silahı yerə qoymur. 13 aprel 1992-ci il erməni faşistlərinin silahlı dəstələri Şuşanı ağır raket atəşinə tutublar. Sadıq döyüş yoldaşlarını xilas edərkən qəhrəmancasına həlak olub.

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə Hüseynov Sadıq Dayandur oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Qəmbərov Ramiz Bulud oğlu: Ramiz Qəmbərov 2 iyul 1962-ci ildə Şuşa şəhərində anadan olub. 1979-cu ildə H.Hacıyev adına Şuşa şəhər orta məktəbini bitirib. 1986-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstituna daxil olub, amma təhsilini başa çatdıra bilməyib. Erməni təcavüzkarlarının başlatdığı Qarabağ müharibəsi minlərlə qeyrətli Azərbaycan oğulları kimi Ramizi də torpaqlarımızın müdafiəsinə qalxmağa məcbur edib. Ramiz 1988-ci ildən xalq hərəkatına qoşulub. O, 1992-ci ildə könüllü özünümüdafiə batalyonu yaradıb və bu batalyonun başçısı olub. 29 aprel 1992-ci ildə erməni işğalçıları Kosalar və Kərkicahan kəndləri yaxınlığındakı postlara hücum edən zaman Ramiz Qəmbərovun taboru döyüşə atılıb və bu döyüşdə cəsur komandir ağır yaralanıb. Bir gün sonra, 30 aprel 1992-ci ildə dünyasını dəyişib.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli fərmanı ilə Qəmbərov Ramiz Bulud oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Məmmədov Nizami Murad oğlu: 12 yanvar 1958-ci ildə Xankəndi şəhərində dünyaya göz açıb. N.Gəncəvi adına 4 saylı məktəbi bitirdikdən sonra 1975-1977-ci illərdə İrkutsk vilayətində hərbi xidmətdə olub. 1988-ci illərdə erməni millətçiləri azərbaycanlıları doğma el-obalarından qovarkən o, əhalinin təhlükəsizliyini təmin edirdi. Polis zabiti Nizami daha sonra Şuşaya köçür və burada işini davam etdirir. Nizami Məmmədov özünümüdafiə batalyonlarına silah-sursat çatdırılmasında iştirak edir, döyüşlərə atılırdı. Nizami Daşaltı, Malıbəyli, Qaladərəsi kimi mühüm əməliyyatlarda iştirak edib, erməni basqınçılarına öz gücünü göstərib. 1992-ci il 29 mart snayper gülləsi vətənin cəsur övladı əbədiyyətə qovuşdurub.

Teymurov Rizvan Rəhman oğlu: 16 aprel 1967-ci ildə Şuşa rayonunun Quşçular kəndində ziyalı ailəsində anadan olub. 1984-cü ildə Quşçular kəndindəki orta məktəbi bitirib. 1985-ci ildə hərbi xidmətə çağırılır, Omsk şəhərində xidmətini başa vurur və Vətənə qayıdır. Rizvan iş üçün 1987-ci ildə Arxangelsk vilayətinə gedir. Qeyrətli vətən oğlu 1990-cı ildə geri dönür. Şuşa rayon Daxili İşlər Şöbəsinin nəznində yaranan polis alayına yazılıb.  1991-ci il 9 dekabr Kərkicahan ətrafında gedən qanlı döyüşlərdə cəsur polis işçisi Teymurov Rizvan qəhrəmancasına həlak olub.

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə Teymurov Rizvan Rəhman oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.