Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-30 14:29:00
Tələbə adı qazananların ilkin təsəvvürləri: “Gərgin atmosfer məni gözləyir”

Dərs ilinin başlamasına sayılı günlər qalıb. I kurs tələbələri üçün 15 sentyabr xüsusi əhəmiyyət daşıyır. Onlar tələbəlik həyatına yeni qədəm qoyurlar.

AzEdu.az olaraq, bu il tələbə adını qazananlarla həmsöhbət olub həyəcanlarına şərik olduq.

Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olunan Coşqun Abdullayev həyəcanlıdır. Buna görə də, yuxarı kurs tələbələri ilə xeyli söhbətləşib:

“Əslində əvvəl çox həvəsli idim. Universiteti maraqlı yer kimi təsəvvür edirdim. Təəssüf ki, yuxarı kursların danışdıqları məndə elə xoş  təəssürat yaratmadı. Kəsrlər, dərslər və s. bir sözlə, qısa müddətdə bezəcəyim yer təsəvvürü yaratdılar. Ona görə də əvvəlki kimi həvəsli deyiləm”.

Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinə qəbul olunan Orxan Bağızadə universitet dedikdə yalnız dərs təsəvvür etdiyini bildirib:

“Məncə, məktəbdən daha modern dərs sistemi ilə qarşılaşacağam.  Məktəbdə bir az  qarışıq idi, müxtəlif fənlər keçirilir, hər müəllim də öz dərsinin zərurətindən danışıb, oxumağa məcbur edirdi. Universitetdə isə həqiqətən sevəcəyim, mənə lazım olan fənlər keçiriləcək”.

Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olunn Fidan Abdullazadə ali məktəbə qəbul olmağı həyatdakı ən böyük uğuru hesab edir:

“Universitet mənim üçün həyatda yeni bir mərhələdir. Yeni auditoriya, yeni tanışlıqlar və s. Təbi ki, bu yeniliklər ilk əvvəl çətinlik yaradacaq.

Dərslər haqda sosial şəbəkələrdən, yuxarı kursda təhsil alanlardan məlumat almışam.  BDU haqda ilk bilgim, dərslərin çətinliyi və kəsrlərdən ibarətdir. Amma düzgün çalışsam, öhdəsindən gələcəyimə inanıram. Hesab edirəm ki, dərslərə gün ərzində sadəcə bir saat ayırsam, imtahanlardan uğurla keçərəm.

BDU-da oxumaq məncə çoxlarının arzusudur. Bunu həyatımda qazandığım ən böyük uğur hesab edirəm. Sadəcə qeydiyyat üçün getdikdə belə uzun müddət oranın abu-havasından çıxa bilmədim”.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq ixtisasına qəbul olunan Sadiq İsmayılov universitet haqdakı düşüncələrindən ağız dolusu danışır:

“Sözsüz ki, gərgin bir atmosfer məni gözləyir. Hər yeni başlanğıc, yeni bir marafon deməkdir. Universitetlə bağlı müəyyən qədər həyəcanlı olsam da, bu həyəcan xəyallarımın açarı rolunu oynayacaq. Universitet aqil məkandır. Mənə yeni biliklər verib, yeni dostluqlar qazandıracaq. Gələcəkdə xəyallarıma uçmağa kömək edəcək: qanadlarımı incəliklə tikəcək. Dərslər aqil olan hər bir tələbə üçün yaxşı keçir. Bu məsələn tamamilə bizim ciddiyyətimizdən asılıdır.

Qəbul olduğum universitet tələbələrinə daha çox yaradıcılığı aşılayır. Bizim tələbələr dünyaya başqa gözlərlə baxa bilir. Aktyor özünü başqasının yerinə qoya bilirsə, rejissor bir insanın daxilini müşahidə edir.

Xalq artistlərimizdəm dərs almaq, qəlbimdəki xatirə dəftərimə zənginlik qatacaq”.

Bakı Dövlət Universitetinin təhsildə sosial - psixoloji xidmət ixtisasına qəbul olunan Fərid İmamzadə universiteti tam fərqli bir məkan kimi təsəvvür edir:

“Universiteti məktəbdən olduqca fərqli bir yer kimi təsəvvür edirəm. Mühazirə, seminar, kollokvium, semestr imtahanları və s. haqda çox eşitmişəm. Qəbul olunduğumun təhsil müəssisəsi prestijli olduğu üçün hər şeyin yaxşı olacağına inanıram”.

Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olunan Ayşən Pirməmmədova isə universiteti gəlcəyə atılacaq ilk addım hesab edir:

“Universitet ali təhsilin tamamlanması ilə yanaşı, gəncliyin daha maraqlı keçməsini təmin edən fürsətdir. Yeni həyat, yeni kariyera və öz ayaqların üstdə durmaq üçün 4 illik praktikadır. Dərslər professor və dosentlərin müşayəti ilə daha ciddi tədris edilir. Bir sözlə universitet  yeni həyata atacağımız ilk addımın səbəbkarıdır”.