Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-04 15:54:00
BTE-yə yeni tədris ili üçün məktəbli formaları təqdim ediləcək? – Rəsmi cavab  

Təhsil naziri Ceyhun Bayramov “Ümumi təhsil haqqında” Qanuna müvafiq olaraq, bir neçə çeşiddə məktəbli formasının hazırlanacağını bildirib.

Nazir deyib ki, həmin formaların çeşidləri təsdiqləndikdən sonra məktəblər onların əsasında seçim həyata keçirəcəklər.

Bakı Tikiş Evinin (BTE) Satış şöbəsinin müdiri Etibar Əzimov isə mediaya açıqlamasında yeni formaların bu mövsümdən tətbiq olunacağına inanmadığını bildirib. Onun fikrincə, 4-5 yeni forma hazırlanması ilə bağlı məsələ bir qədər müəmmalıdır:

“Məsələ burasındadır ki, yeni tədris ili üçün heç bir yeni təklif yoxdur. Bilirsiniz ki, yeni tədris ilinin başlamasına iki ay yarım qalıb. Bu müddətdə yeni məktəbli formalarının dizaynını hazırlamaq, onları baxışa vermək, daha sonra tikişinə başlamaq mümkün deyil. Çünki bunun üçün kifayət qədər böyük vaxt lazımdır. Yəqin, həmin yenilik 2020-2021-ci tədris ili üçün nəzərdə tutulacaq”.

Maraqlıdır,  həmin məktəbli formaları yeni tədris ili başlayanadək BTE-ə təqdim ediləcəkmi?

Məsələ ilə bağlı Təhsil Nazirliyindən AzEdu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Ümumi təhsil haqqında” Qanuna müvafiq olaraq, məktəblilərin geyim formalarının təsvirlərinin müəyyən olunması üçün Qanunun tətbiqi ilə bağlı Fərmanda konkret müddət müəyyənləşdirilib.

Bununla əlaqədar qarşıya qoyulmuş vəzifənin yerinə yetirilməsi məqsədilə müvafiq təşkilati və əməli tədbirlər görüləcək.

Qeyd edək ki, Azərbaycanın bütün təhsil müəssisələrində təhsilalanların geyim formaları təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.

I-VI siniflər üçün nəzərdə tutulan 26-44 ölçülü məktəbli formalarının qiyməti 40 manat, yuxarı ölçülər isə 46 manatadır.

Bakı Tikiş Evində məktəbli köynəkləri və jiletlərin hər birinin qiyməti 8 manatdır. Köynək və jilet də daxil olmaqla məktəbli formalarının qiyməti müvafiq olaraq 56 manat, 62 manat təşkil edir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları