Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-03 10:37:11
Maksimum bal toplayıb müəllimliyi seçən Aysel: “Riyaziyyatı ingiliscə tədris edəcəyəm”  

“İngilisdilli bölmələrdə  Riyaziyyat müəllimi kimi çalışmaq istəyirəm. Həmin ixtisas üzrə məndən  aşağı bal toplayanlarla eyni qrupda oxumaqdan qətiyyən narahat deyiləm”.

Bu sözləri AzEdu.az-a açıqlamasında I ixtisas qrupu üzrə maksimal nəticə göstərib, 400 bal toplayan Mingəçevir şəhər 8 saylı tam orta məktəbin məzunu Aysel Seyidova deyib. Onun imtahan göstəricisi ümumilikdə 666 bal olub:

 “Yayda keçirilən ikinci şans  imtahanlarda 400 bal topladığımı eşidəndə çox sevindim. Sual kitabçamı öncədən yoxlatmışdım, 400 bala ümid edirdim. Amma situasiya tapşırıqlarından tam əmin deyildim.

İlk  imtahanda nəticəm bir qədər az oldu. II imtahanda isə göstəricimi 400 bala çatdırmaq  üçün maksimum çalışdım. Yay boyu çox oxudum”.

Aysel  düşünür ki, əvvəlki illərdə -yeni qəbul modelinin tətbiqindən əvvəl- qəbul imtahanlarında iştirak etsəydi, 700 bal toplaya bilərdi. Dediyinə görə, onu 700 baldan 1 neçə ay ayırıb:

“Əvvəlki illərdə 700 bal toplayanların sayı  çox idi. Mən 2001-ci ildə anadan olmuşam. Dekabr ayında  doğulduğuma görə, keçən il imtahan vermək üçün yaşım çatmadı.

700 bal qismət, şans məsələsi olsa da, bunun üçün çox çalışmaq da mütləqdir”.

O, qəbul imtahanlarında bəzi şagirdlərin zəif nəticə göstərməsini belə izah edir: 

“Üzərilərində bir qədər çox çalışsalar, nəticə əldə edə bilərlər. Çoxu ilk  imtahandan az bal toplayıb, həvəsdən düşür. Şəxsən mən ikinci imtahanda daha da həvəsləndim.

Yay çox isti keçdiyinə görə, hazırlıqlara getməkdə çətinlik çəkirdim. Son zəng hazırlıqları da bir tərəfdən... Buna baxmayaraq, məktəbdən gəlib axşama qədər dərs oxuyurdum”.

Aysel Seyidova müəllim olmaq istəyir. Deyir ki, 666 bal toplasa da, arzusuna sadiqdir:

“İngilis dili bölməsi üzrə məktəbdə  Riyaziyyat müəllimi olmaq istəyirəm. Orada aşağı bal toplayanlarla bir qrupda oxumaq məni qətiyyən narahat etmir.

Üstəlik, seçdiyim fakültənin balı 500-dən yuxarıdır. Müəllimliyi seçməyimə səbəb sırf öz həvəsimdir. Həmişə müəllimlərimdən örnək götürmüşəm”.

Qeyd edək ki, 23 iyunda I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının nəticələri dünən açıqlanıb. Nəticələrə əsasən, 700 bal toplayan olmasa da, 7 abituriyent bütün test tapşırıqlarına düzgün cavab verərək maksimal nəticə – 400 bal toplayıbar.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları