Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-16 15:42:52
Sumqayıtın deputatları maksimum bal toplayan qızı belə təbrik etdilər: “Olduqca sevindiricidir”  

IX sinif şagirdləri üçün təşkil olunan buraxılış imtahanlarının birinci mərhələsində Sumqayıt məktəblisi maksimum bal toplayıb.

24 saylı orta məktəbin şagirdi Yasəmən Məmmədova buraxılış imtahanlarının ilk mərhələsində 90 ballıq nəticə göstərib.

AzEdu.az məsələylə bağlı Sumqayıt şəhəri üzrə seçilən millət vəkillərinin münasibətlərini öyrənib:

Deputat Tahir Mirkişili AzEdu.az-a açıqlamasında bildirib ki, Sumqayıt məktəbliləri daim buraxılış və ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələri ilə fərqlənirlər:

“Bunun bir səbəbi məktəblərdə müəllim heyətinin şagirdləri təhsil almalarına daha yaxşı həvəsləndirməyi bacarmalarıdırsa, digər səbəbi Sumqayıtlı gənclərin öz gələcəklərini yaxşı təhsil almaqda görmələridir. Təbii ki, Yasəmən Məmmədovanın maksimum nəticə göstərməsi olduqca sevindirici haldır!”

Millət vəkili Azər Badamov da bunun Sumqayıt təhsili adına yüksək nəticə olduğunu vurğulayıb:

“Məktəblinin maksimum bal toplaması yüksək göstəricidir. Bu onu deməyə imkan verir ki, Sumqayıt məktəblərində təhsil inkişafa doğru irəliləyir və bir çox məktəblərdə göstəricilər daha da yaxşıdır. Sumqayıt təhsili öz inkişaf dövrünü yaşayır”.

Azər Badamov respublikada buraxılış imtahanında yüksək nəticə göstərənlərin sayının azlığı məsələsinə də toxunub:

“Respublika üzrə sadəcə iki nəfərin bu nəticəni göstərməsi sevindirici hal deyil. Bu gün ölkəmizdə orta məktəblərin yenidənqurulması siyasəti uğurla icra olunur. Son illər ərzində 3200-dən çox yeni məktəb tikilib. Bütün məktəblər müasir səviyyədə standartlara cavab verən səviyyədə istifadəyə verilib. Belə şəraitin yaradılmasına baxmayaraq  uğurlu nəticələr çox deyil. İstərdim, hər yerdə, xüsusilə də bölgələrdə belə nəticələr çox olsun. Bölgələrdəki məktəblər şəhərdəki məktəblərdən heç də fərqlənmir. Bölgələrdə də təhsilin inkişafı üçün hər cür şərait yaradılıb. Şəraitdən yararlanaraq nəticələri bir az da yüksəltmək olar”.

Xatırladaq ki, IX siniflər üzrə keçirilən buraxılış imtahanlarında respublika üzrə 2 nəfər maksimum nəticə göstərib.

İmtahanın II mərhələsi iyun ayında keçiriləcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları