Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-03 16:14:48
Türkiyə burslarına müraciətin şərt və qaydaları - Ekspert tövsiyələri  

Türkiyədə təhsil  son zamanlar çox sürətlə inkişaf edir. O səbəbdən, burada oxumaq istəyənlərin sayı da artmaqdadır.

Türkiyədə təhsil çoxlarının arzusu olsa da, bu istək bir sıra hallarda maddi çətinliklərə görə reallaşmır. Elə buna görə də Türkiyə Cümhuriyyəti “Türkiyə Bursları” vasitəsilə 150-dən çox ölkənin vətəndaşlarına təqaüdlü təhsil imkanı verir.

“Türkiyə burslarına müraciət üçün yaş səviyyələri təhsil dərəcələrinə  görə dəyişir”

Bunu AzEdu.az-a Türkiyədə təhsil üzrə mütəxəssis Rəşad Abbasov bildirib. Onun sözlərinə görə, Türkiyə burslarına bütün ölkələrdən müraciət etmək olar:

“Türkiyə burslarına müraciət üçün əsas şərt universiteti bitirmək və ya cari ilin sonunda məzun olmaqdır. Azərbaycan vətəndaşları üçün müraciət müddəti adətən yanvar-fevral aylarında olur. Müraciəti uyğun olan tələbələr may ayının ilk həftəsi müsahibəyə dəvət edilirlər. Mayın sonunda isə müsahibədən keçənlər müəyyən olunur.

Bakalavr dərəcəsi üçün bütün sahələr üzrə təhsil nailiyyətləriniz 70%, magistr və doktorantura üzrə müraciət edirsinizsə, 75% olmalıdır. Təhsil səviyyəsindən asılı olmayaraq, tibb sahəsi üzrə sənədlərini göndərən namizədlərin göstəriciləri isə 90%-dən yüksək olmalıdır.

Türkiyə burslarına müraciət üçün yaş səviyyələri təhsil dərəcələrinə  görə dəyişir. Onu da qeyd edim ki, Türkiyə burslarına bakalavr proqramı üçün 21, magistratura 30, doktoranturaya isə  35 yaşa qədər olan gənclər müraciət edə bilərlər”.

Rəşad Abbasov Türkiyə burslarına müraciət üçün lazım olan sənədləri də bildirib:

“Müraciət üçün isə  lazım olan sənədlər bunlardır: xarici pasport və ya şəxsiyyət, attestat, IX, X, XI sinif transkript, beynəlxalq imtahan nəticəsi ( SAT, GMAT, ALES, YÖS və s), CV, niyyət məktubu... Həmçinin,müraciət üçün referans məktubu, DİM imtahan nəticəsi  tələb olunur.

Bakalavr  dərəcəsində oxumaq istəyənlər üçün təqaüd paketinə aylıq xərclik  700TL, təhsil haqqı, türk dili dərsi (1 illik), yataqxana, tibbi siğorta,gediş-gəliş təyyarə bileti daxildir.Magistratura dərəcəsində oxumaq istəyənlər üçün təqaüd paketinəaylıq xərclik 950 TL,  doktorantura üzrə isə 1400 TL-dir.

Doktorantura və ya magistratura üzrə təhsil almaq istəyənlər üçün təqaüd paketinə təhsil haqqı, birdəfəlik təyyarə bileti, tibbi siğorta, tələbə yataqxanası, türk dili dərsləri daxildir”.

Qeyd edək ki, müraciətlər turkiyebursları.gov.tr  internet səhifəsindən edilir.

Günel Yaşarqızı
Müəllifin digər yazıları