Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-29 15:00:47
Azərbaycandakı əcnəbi tələbə Yəməndəki dəhşətlərdən danışır: “Bacım olan məktəbi bombaladılar”-Faciə

Yəməndə ərəb koalisiyası ilə İran dəstəkli husilər arasında gedən müharibənin törətdiyi fəlakətlər günbəgün artmaqda davam edir. Qərb dövlətləri ərəb koalisiyasını dəstəkləyir.

Husilər Ənsar Allah (Allahın döyüşçüləri) kimi tanınan qiyamçı qrupun üzvləridirlər.Onlar İslamın şiə təriqətinin Zeydilik təriqətinə aiddirlər.

Birləşmiş Millətlər Təşkilatının statistikasına əsasən, Yəməndə 2015-ci ildən bugünə kimi müharibə şəraiti nəticəsində ortaya çıxan aclıq və müxtəlif xəstəliklər nəticəsində 131 min nəfər həyatını itirib.

BMT tədbir görülməyəcəyi təqdirdə 2019-cu ilin sonuna qədər bu rəqəmin 233 minə çatacağını açıqlayıb.

Uçqunlar altında əzilən TƏHSİL

Müharibənin fəlakətli nəticələrdən biri də təhsil infrastrukturunun məhv edilməsi, uşaqların öldürülməsi və yaralanması, onların təhsil imkanlarından məhrum edilməsidir.

AzEdu.az xarici mətbuata istinadən xəbər verir ki, ölkədə fəaliyyət göstərən 2500-dən çox məktəb istifadəyə yararsızdır. Onların 27%-i bağlanıb, 7 %-i isə hərbi məqsədlər üçün istifadə olunur. Yerdə qalan orta təhsil müəssisələrində qaçqınlar qərarlaşıblar.

Məktəblər bu vəziyyətdə olması Yəməndəki təhsil sisteminin məhvinə gətirib çıxarır.

UNİCEF-in məlumatlarına görə, təxminən 4,5 milyon yəmənli uşaq təhsildən imtina etmək məcburiyyətində qalıb. Öldürülənlərin arasında müəllimlər üstünlük təşkil edir. İşləyənlərin 70% -dən çoxunun maaşı isə ödənilmir. Onlar bu səbəbdən, özlərinə başqa qazanc yeri tapmaq məcburiyyətindədirlər.

Mollaxana üsulu ilə tədris

Fəlakətlər sadəcə bununla məhdudlaşmır. Husi üsyançıları tərəfindən ələ keçirilən ərazilərdə təhsil sistemi təbliğat və ideoloji çalarlarla zəngindir.

Üsyançılar Yəməndəki universitetlərdə öz ideologiyalarını yayır, siyasi və dini baxışlarını təbliğ etmək məqsədilə tədris planını dəyişdirirlər.

Husilərin həbs etdikləri insanlar arasında universitet professorları da olub. Bu üsyançılara ali məktəblərə yeni müəllimlər təyin etmək və dövlət, eyni zamanda özəl universitetlərin tədris proqramlarına dəyişiklik etmək üçün şərait yaratmışdı.

Tədris proqramında başlıca olaraq şiəlik məzhəbi təbliğ olunur və ərəb koalisiyası tələbələrə işğalçı və təcavüzçü kimi tanıdılır.

Azərbaycandakı yəmənli tələbə...

Yəməndə uşaqlar yalnız təhsildən məhrum olmur, eyni zamanda onların fiziki və psixoloji vəziyyətləri də ürəkaçan deyil.

Bütün bunlar xarici mətbuatda yer alan informasiyaların bir qismi və Yəmənda baş verənlərin sadəcə qısa xronikasıdır. Bir də, bu hadisələri yaxından görüb, fəlakətlərə canlı şahidlik edən insanlar da var.

Onlardan biri çox da uzaqda deyil. Azərbaycan Memarlıq və İnşaat Universitetinin yəmənli tələbəsi Haşed Əl Əvlaqinin 28 yaşı var. O, İnşaat mühəndisliyi ixtisası üzrə magistr təhsili alır. 6 aydır, Azərbaycanda təqaüd proqramını qazanaraq doğma vətəni Yəməndən Bakıya üz tutub.

Ailəsi isə hazırda Yəmənin ən təhlükəli yerlərindən hesab edilən paytaxt Səna şəhərindədir.

“Bakalavr təhsilimi İordaniyada almışam.Təhsilim bitdikdən sonra 2 illik Yəmənə qayıtdım. Azərbaycanda təqaüd proqramının elan olunduğunu eşitdim və bu şansdan istifadə etməyə qərar verdim. Təhsilimi doktorantura səviyyəsi üzrə davam etdirmək niyyətindəyəm. Ancaq bu hazırda mövcud şərtlərə bağlıdır. Çünki məlum olduğu kimi Yəməndə vəziyyət illərdir, ürəkaçan deyil. Azərbaycanda təhsil aldığım və ölkənizin mədəniyyəti, turizm yerləri ilə tanış olduğum üçün xoşbəxtəm”-deyə Haşed Əl Əvlaqi bildirir.

Yəməndə təxminən 100.000 nəfər vəba xəstəliyinə tutulub

Müsahibimiz Yəməndə müharibənin ən çox ziyan verdiyi infrastrukturlardan birinin məhz təhsil sistemi olduğunu qeyd edib:

“Yəməndən Azərbaycana səyahət etmək mənim üçün bir qədər çətin başa gəldi. Ölkədə  hava limanlarının əksəriyyəti bağlı olduğuna görə, avtobusla 48 saat yol gedərək Omana səyahət etməli oldum. Buradan Dubaya gəldikdən sonra Bakıya uça bildim.

Yəməndəki müharibə hər şeyi, eləcə də təhsil sistemini çətinləşdirib. Xəstəxanalar xəstələrlə dolub-daşır, vəba xəstəliyi demək olar ki, ölkənin hər yerinə yayılıb. Yəməndə insan hüquqlarından söhbət belə gedə bilməz.

İnsanların vəziyyəti çox ağırdır. Ölkədə yaşayanlar övladları və onların təhlükəsizliyi üçün narahatdırlar. Bundan başqa, hökumət işçilərə 3 ildir ki, maaş ödəmir. Təxmin 100.000 nəfərin vəba xəstəliyinə tutulduğu bildirilir”.

Ölülərdən də qorxub cansız bədənləri bombalayırlar

“Cənazə evinin bombalanması nəticəsində 200-dən çox cəsədin, 400-dən çox yaralının, insanların gözyaşlarının və tərifsiz kədərin canlı şahidi olmuşam”-deyən Haşed Əl Əvlaqi kövrəldiyini gizlədə bilmir.

Haşed deyir ki, hələ bir neçə həftə öncə qızlar məktəbinin yerlə-yeksan edilib və 12 şagird ölüb.

“Qızlar məktəbinin bombalanması 12 şagirdin ölümünə, 45-dən çox insanın isə yaralanmasına səbəb oldu. Bu sadəcə bir-iki həftə ərzində baş verən hadisələrdir. Son 4 ildə nələrin baş verdiyini, yəqin, təsəvvür edə bilirsiniz.

Yəməndə təhsilin keyfiyyəti olduqca aşağıdır. Şagirdlərin əksəriyyəti təhsillərini davam etdirə bilmirlər. Çünki ölkənin yarıdan çoxu aclıq içindədir və onlar ailələrinə yardım etmək üçün işləmək məcburiyyətindədirlər. Müharibə Yəməndəki şəxsi mülklərin çoxunu da məhv edib.

Bir gün sadaladığım dəhşətli hadisələrdən biri gözümün önündə baş verdi. Minlərlə vətəndaşın olduğu cənazə salonunun bombalandığını gözlərimlə gördüm. 200-dən çox cəsədin, 400-dən çox yaralının, insanların gözyaşlarının və  izahı mümkün olmayan kədərin canlı şahidi olmuşam. Heç kimin xəyalına belə gətirə bilməyəcəyi, qorxulu mənzərəydi. Təsəvvür edin, hadisə, günün günorta çağı baş vermişdi”.

“Xəbər gəldi ki, bacımın məktəbinin yaxınlığı bombalanıb”

Müsahibimiz Yəmənin ən təhlükəli bölgəsində yaşayan ailəsinin vəziyyətindən çox narahat olduğunu diqqətə çatdırıb:

“Baş verə biləcəklərdən qorxmaqdan və gələcək hər hansı bəd xəbəri gözləməkdən daha pis bir hiss yoxdur. Ailəm, ən təhlükəli bölgələrdən biri olan Yəmənin paytaxtı Sənada yaşayır.

İordaniyada işlədiyim zamanlarda bir xəbər oxudum. Xəbərdə Sənada, ailəm yaşayan ərazidəki yerin bombalandığını görəndə olduğum yerimdəcə qaldım. İnanın, xatırlaması belə bərbad hissdir.

İkinci unutmadığım hadisə isə kiçik bacımla bağlıdır. Hadisə baş verəndə evdəydim və bacım məktəbdə getmişdi. Xəbər gəldi ki, həmin məktəbin yaxınlığı bombalanıb. Evdən necə çıxdığımı və məktəbə doğru necə qaçdığımı xatırlamıram. Şükürlər olsun ki, hadisədən saniyələr öncə bacım məktəbdən çıxmışdı. Yəməndə hər gün minlərlə insan bu hadisələri yaşamaq məcburiyyətindədir”.

Bir şəxs - bir ölkənin obrazı

Bu, hələ bir yəmənlinin dilindən eşidilənlərdir. Onun harayı fiziki olaraq təkdir, lakin mahiyyətinə görə, əziyyət çəkən xalqın əzabıdır. Bir tələbə öz ölkəsinin obrazını yarada bildi. Sanki ölkəsindəki faciələr, dəhşətlər küll-şəklində Haşed Əl Əvlaqinin cismində və ruhunda təcəssüm edir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları