Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-26 10:21:34
“Müasir universitetlərdə sahibkarlıq ruhu olmalıdır”-BDU-nun Himayəçilər Şurasının üzvü  

“Universitet tələbəyə sadəcə, məzmun verməklə kifayətlənməməlidir. Çünki məzmun bəlli dövrdən sonra tələblərə cavab vermir. Tələbələrə yeni biliklərə müstəqil şəkildə yiyələnmək vərdişini də aşılamaq lazımdır. Bu, yeni yanaşmadır”.

AzEdu.az xəbər verir ki, bunu Təhsil Tv-də yayımlanan “Təməl” verilişində BP Azərbaycanın vitse-prezidenti, BDU-nun Himayəçilər Şurasının üzvü Bəxtiyar Aslanbəyli deyib. Onun sözlərinə görə, dünya dayanmadan inkişaf edir:

“Belə idarəetmə yeniliyinin Bakı Dövlət Universitetində tətbiq olunması sevindiricidir. Himayəçilər Şurasının dünya təcrübəsində müxtəlif statusları var. Dünya sürətlə dəyişir. Humanitar sahələrdə artıq texnoloji həllər tətbiq olunur. Dünya təhsil sistemində aparıcı universitetlərdə də idarəetmə metodlarının dəyişməsinə ehtiyac olduğu deyilir. Ali təhsil müəssisələrimiz ənənəvi təhsil sistemindən uzaqlaşdıqca, bu, onlarda muxtariyyət hissinin yaranmasına şərait yaradır. Müasir universitetlərdə sahibkarlıq ruhu olmalı, özəl sektorla müstəqil əlaqələr qurulmalıdır”.

Bəxtiyar Aslanbəyli qeyd edib ki, dünyada biznes özü universitetə gəlir:

“Şirkətlər tələbələri müşahidəyə götürür. Onların inkişaf dinamikasını izləyərək işçi kimi müəssisəyə cəlb edirlər. Dəyişiklərin sürəti artdıqca kontent təzələnir və həmin məzmunun universitetdə tədrisi geriləyir. Ali məktəb tələbəyə sadəcə məzmun verməklə kifayətlənməməlidir. Çünki məzmun bəlli dövrdən sonra tələblərə cavab vermir. Tələbələrə yeni biliklərə müstəqil şəkildə yiyələnmək vərdişini aşılamaq lazımdır. Bu, yeni yanaşmadır”.

Qeyd edək ki, Təhsil naziri Ceyhun Bayramov Bakı Dövlət Universitetinin Himayəçilər Şurasının tərkibini təsdiq edib.

Himayəçilər Şurasının  tərkibinə Təhsil naziri Ceyhun Bayramov, Ədliyyə nazirinin müavini Azər Cəfərov, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, xalq yazıçısı Elçin Əfəndiyev, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü RoaldSaqdeyev, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının baş katibi Asəf Hacıyev, “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə heyətinin sədri Fərid Şəfiyev və “BP” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli daxildir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları