Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-18 10:46:22
Azərbaycandakı böyük şirkətlər nə zaman tələbə “oxutduracaq”?  - Dünya trendinin tətbiqi  

Azərbaycan Gənclər Fondu 2018-ci ildə gənclərin təhsil haqqının ödənilməsi ilə bağlı müsabiqə keçirib. Qiymətləndirmə əsasında 237 gəncin təhsil haqqı Fond tərəfindən ödənilib.

Qeyd edək ki, hazırda bir çox ölkələrdə müxtəlif korporasiyalar tərəfindən tələbələrin illik təhsil haqqılarının ödənilməsi tendensiyası var.

Korporativ sosial məsuliyyət layihələri çərçivəsində böyük şirkətlər tərəfindən gənclərin ödənişsiz  ali təhsil almalarına şərait yaradılır.

Bəs dünyada istifadə olunan təcrübə Azərbaycanda tətbiq edilsə və Gənclər Fondunun təşəbbüsü ilə ölkədə fəaliyyət göstərən böyük şirkətlərbu işə cəlb olunsa, o zaman ali təhsilin vəziyyətində hansı dəyişikliklər baş verər?

UNEC Karyera Mərkəzinin direktoru Ramil Cabbarov AzEdu.az-a açıqlamasında bildirib ki, dünya təcrübəsində qlobal şirkətlər sosial məsuliyyət faktoruna xüsusi diqqət ayırırlar. Beləliklə, gəlirlərinin bir qismini bu istiqamətə yönəldib marka gücünü artırırlar:

“İri şirkətlərin yaratdıqları fondlar təhsil sektorunda xüsusi çəkiyə malikdir. Bu fondlar tələbələrin təhsil haqqılarını qarşılamaqla, həm müəyyən imic formalaşdırırlar. Həmçinin, onları diqqətdə  saxlayıb,  özləri üçün kadr yetişdirmiş olurlar. Bu ənənə Qərb ölkələrindəki korporativ sektorda xüsusilə geniş yayılıb, hətta dövlət bu istiqamətdə təşviqedici addım ataraq şirkətlərin təhsilə dəstəyindən dolayı onları bəzi rüsumlardan və ödənişlərdən azad edib”.

Ramil Cabbarovun fikrincə,belə layihələr nəticəsindətərəflər ciddi şəkildə maddi və mənəvi qazanc əldə etmiş olurlar:

“Başqa sözlə, şirkət təhsilə yatırım etməklə, həm imic, marka reputasiyasını yüksəldir, həm də gələcək mütəxəssisini yetişdirib, insan kapitalı formalaşdırır. Üstəlik, dövlətin bir sıra güzəştlərindəndə yararlanmış olur. Digər qazanan tərəf də təbii ki, gənclərdir. Onlar təhsil haqqı məsələsini düşünmədən elmə daha çox fokuslanmış olur, gələcək karyeralarını təmin edirlər. Azərbaycanda yerli şirkətlərin ara-sıra bu kimi  işlər gördüyünün şahidi oluruq. Bu istiqamətdə bank sektoru xüsusilə fərqlənir. Bütün hallarda bunun bir trendə çevrilməsi, şirkətlərdə beləfondların yaradılması hallarının genişləndirilməsi mühüm təşəbbüslərdən olardı”.

Ekspert Adil Vəliyevin sözlərinə görə, Gənclər Fondu sosial vəziyyəti zəif olan və qiymətləri, davamiyyəti yaxşı gənclərin təhsil haqqılarını ödəməyi öhdəsinə götürüb:

“Prezidentin fərmanına əsasən, məcburi köçkün və şəhid ailəsi statusunu almış ailənin üzvləri də təhsil haqqından azad olunurlar.

Gənclər Fondu da demək olar ki, eyni kateqoriyadan olan tələbələrə üstünlük verir.

Bəzi Avropa ölkələrində əlillik dərəcəsi olan tələbələr təhsil haqqından azaddırlar. Üstəlik, onlarda təhsil haqqı bizdəki qədər yüksək deyil. Yaxşı olardı ki, böyük şirkətlər bu işə qoşulub, istedadlı, maddi durumu zəif tələbələrin təhsil haqqını ödəsinlər. Məsələn, tələbə ilə müqavilə bağlanır. Müqaviləyə əsasən, şirkət gəncin bütün xərclərini qarşılaya, təhsilini bitirən tələbə isə müəyyən vaxt ərzində şirkətlə bərabər işləyə bilər.

Avropada tələbələr təhsil haqqını qrantlardan, layihələrdən qazanılan pulla ödəyirlər. Nəzərə almaq lazımdır ki, universitetlər də bunun üçün şərait yaradır”.

İqtisadçı ekspert Natiq Cəfərli isə şirkətlərin təhsil haqqılarını ödəməsi əvəzinə, ali təhsilin ümumiyyətlə, ödənişsiz olmasının tərəfdarıdır:

“Dünya təcrübəsində, əsasən də mərkəzi Avropa ölkələrində ali təhsilin ödənişsiz olduğu sistemə keçiblər. Ödənişsiz təhsil strateji olaraq dövlətlərin marağındadır. Təhsilin əlçatanlığı müxtəlif sosial qruplardan olan bacarıqlı insanlarınsavadlanmasına, beləliklə də gələcəkdə ölkəsinə, cəmiyyətinə, dünyaya xeyir verməsinə gətirib çıxarır. Bu gün Almaniya, Fransa, Çexiya və Baltikyanı ölkələrin vətəndaşları üçün ana dilində ali təhsil pulsuzdur. Ancaq xaricdən gəlib, ingilis dilində təhsil almaq istəyənlər çox da baha olmayan ödəniş etməlidirlər. Çexiyada illik təhsil haqqı təxminən, 500 avrodur. Bu da təxminən, 1000 manat edir. Azərbaycanda keyfiyyətsiz ali təhsilə baxmayaraq, demək olar ki, 1000 manat ödəniş tələb edən universitet yoxdur və təhsilhaqqıları daha yüksəkdir”.

İqtisadçı ekspert Gənclər Fondunun təşəbbüsünü təqdirəlayiq hesab edir:

“Təhsilhaqqının ödənilməsi məsələnin həlli deyil. Məsələnin həlli ali təhsilin keyfiyyətini artırmaq, insanları pulsuz təhsil almağa təşviq etməkdir. Bunun üçün müəyyən tezislər  hazırlana bilər. Məsələn, 600 baldan yox, 300 baldan yuxarı nəticə göstərənlər pulsuz ali təhsil ala bilərlər. Ya da ümumiyyətlə, I kursda ödənişsiz təhsil sistemi qurmaq olar. I kursdan sonra imtahanlar vasitəsiləşagirdlərin biliklərini yoxlayıb, kimin təhsilini davam etdirməsi, kimin isə təhsilə yararsız olduğunu üzə çıxarmaq mümkündür. Dünya bu təcrübədən də istifadə edir.

Azərbaycanda test üsulunun böyük üstünlüyü olsa da, mənfi tərəfi şagirdlərə əzbərçiliyi öyrətməsidir. Yüksək bal toplayan şagirdlər belə sonradan oxumaq həvəsində olmurlar. Ən yaxşı üsul I kursdan kimin ali təhsil almaq qabiliyyətinin olub-olmamağını ədalətli şəkildə yoxlamaq vətəhsilin davam etdirilməsi üçün digərlərinə şərait yaratmaqdır. Dünya universitetlərində I kursa daxil olanların ən yaxşı halda üçdə biri universiteti bitirə bilir. Çünki təhsil sistemi fundamental biliklərə əsaslanır. Bizdə isə ödənişli təhsil olduğu üçün heç kimi qovmamaqali məktəblərin də marağındadır”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları