Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-04 11:55:20
Deputat Flora Qasımova: “Pedaqoji Şurada danlanmışam da, ağlamışam da, amma yazdığım “2”-ni dəyişməmişəm” -LAYİHƏ  

AzEdu.az “Deputat məktəbdə” layihəsi ilə ictimai-siyasi xadimləri, oxuculara valideyn kimi təqdim edəcək.

Layihənin budəfəki qonağı Azərbaycan Respublikası Milli Məclisinin deputatı Flora Qasımovadır.

F.Qasımova, Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant, Qarabağ müharibəsi şəhidi Şirin Mirzəyevin həyat yoldaşıdır.

AzEdu.az müsahibəni təqdim edir:

Flora Qasımova: “Dünyaya övlad gətirmək hələ valideyn olmaq demək deyil”.

“Çünki valideynlik böyük məsuliyyət tələb edir. Belə bir atalar məsəli var: “Uşaq ailənin güzgüsüdür”. Valideyn övladının sağlam böyüməsinə, nümunəvi tərbiyə olunmasına cavabdehlik daşıyır. Uşağın düzgün tərbiyə olunması, bir azərbaycanlı kimi ona milli-mənəvi dəyərlərin aşılanması, böyüklərə hörmət, qohumlarla münasibət, bir növ, sənin gələcəyin övladına verdiyin tərbiyədən asılıdır. Övlada mərhəmət, ata-anaya hörmət hissini ilk növbədə valideyn aşılamalı, ümumiyyətcə, ailədə uşağın hər tərəfli inkişafına o, nəzarət etməlidi. Uşaqlar günün çox hissəsini evdə valideynləri ilə keçirir”.

“Anam şəhər məktəbində yer olmadığına görə, Kərkicahan kəndində işləyirdi”.

F.Qasımova deyir ki, anası ibtidai sinif müəllimi, atası isə daxili işlər orqanlarında çalışıb:

“Anam mənitez-tez məktəbə aparardı. Bəzən, sinifdə oturub şagirdlərin dərslərə necə hazırlaşdıqlarınıizləyərdim. Axşamlar anam o dəftərləri yoxlayanda mən də onun yanında oturub, baxırdım. Biz Xankəndində yaşayırdıq. Ancaq anam şəhər məktəbində yer olmadığına görə, Kərkicahan kəndində işləyirdi. Anama bu kənddə şagird və valideynlərin çox böyük hörmətini görürdüm; xeyirdə-şərdə həmişə xüsusi hörmət edərdilər. Bəzən,anamın oğlan şagirdləri gəlib, həyətimizdə odun yarar, qızlar su gətirərdilər. O zamanlar qaz olmadığına görə odun peçindən istifadə edirdik. Mən həyatımın ən gözəl günlərini bu kənddə yaşamışam; insanları çox saf və mehriban idilər. Anamı qoymazdılar ki, bulaqdan su gətirsin. Hər işdə köməyə yetişirdilər. Kəndin havası və suyu çox təmiz idi. Milli adət-ənənələrimiz qorunur, milli bayramlarımız çox yüksək səviyyədə qeyd olunurdu. Bu insanlar çox zəhmətkeş və qoçaq adamlar idi. Təsadüfi deyil ki, Qarabağ hadisələrində onlar 4 il ermənilərə müqavimət göstərərək, torpaqlarını tərk etmədilər. İndi də bu kəndin camaatı anamın xatirəsini əziz tuturlar. Bəlkə də, müəllimlik peşəsinə maraq mənə anamdan keçib”.

Flora Qasımova:Anam yaşlı qadınlara da evlərində hərf yazmağı öyrədirdi”.

“O zamanlar kənddə yaşayış səviyyəsi aşağı idi. Dərsliyi, qələmi çatışmayanşagirdlər üçün anam ehtiyat olaraq, şəhərdən məktəb ləvazimatları alıb gətirirdi. Xəstələnən şagirdlərəevlərində dərs keçirdi. Yadımdadı, savadsızlığın ləğvi ilə bağlı qərar verilmişdi. Anam yaşlı qadınlara da evlərində hərf yazmağı öyrədirdi. Sonralar anam şəhər məktəbində işlə təmin olundu və biz daha Kərkicahana getmədik. Kəndə isə bir müddət sonra qəsəbə statusu verildi”.

Məktəb illərindən YADDA QALANLAR:“Mənə müəllimlik peşəsinə maraq Xankəndi şəhər N.Gəncəvi adına 4 nömrəli orta məktəbdə oxuyarkən dərs aldığım müəllimlərdən keçdi. Ümumiyyətlə, bu məktəbdə dərs deyən müəllimlər çox ciddi idilər və əsasən, kişilər üstünlük təşkil edirdi. Heç vaxt unuda bilməyəcəyim iki müəllimi qeyd etmək istəyirəm: Mənə Riyaziyyat fənninə marağı aşılayan Eldar müəllim və Dil-ədəbiyyat müəllimimiz Vahid müəllim. Neçə illər Riyaziyyat müəllimi işləsəm də Eldar müəllimin fənni tədris metodunu hələ də aydınlaşdıra bilmirəm. Dərsi necə izah edirdisə,mən artıq həmin yeni mövzunun izahını həmən verirdim.

10-11-ci siniflərdə oxuyanda Eldar müəllim aşağı siniflərin yoxlama dəftərlərini gətirirdi və mən onları yoxlayırdım. Qiymətləri isə özü yazırdı. Yaxud, texnikumda qiyabi oxuyan tələbələrin kurs işini mən yazırdım. Onun mənə etimad göstərməyi məni elə sevindirirdi ki... Sinifdə və məktəbdə Riyaziyyatı ən yaxşı bilən mən idim. Düşünürəm ki, Riyaziyyat müəllimi olmaq çox şərəfli peşədir. Mənə görə Riyaziyyatdan asan fənn yoxdur. Əbəs yerə demirlər ki, riyaziyyat bütün elmlərin açarı, əqlin gimnastikasıdır.

Xatirəsini əziz tutduğum digər müəllimim isə Dil-ədəbiyyat müəllimi, BDU-nun Şərqşünaslıq fakültəsini bitirən Vahid Əliyevdir. Onun bizə həyatda düzgün yol tutmaqda, bir vətəndaş kimi yetişməkdə böyük təsiri olub. O, Füzulidən, Nəsimidən şerləri fars dilində çox gözəl deyirdi. Bizə bu fənni o  qədər sevdirmişdi ki, artıq şəhər kitabxanasında oxumadığımız kitab qalmamışdı. Kitabxanaçı hansı kitabı gətirirdisə, deyirdik ki, oxumuşuq. Vahid müəllim təkcə dərs deməklə kifayətlənmir,dərsdən sonra müəyyən tədbirlər keçirirdi. Yeni çap olunan kitabları oxuyurduq; oradakı surətlər bölünürdü, hər surəti təhlil edərək, müsbət və mənfi keyfiyyətlərindən danışırdıq. Yazıçıların əsərlərini səhnələşdirirdik. Məsələn, C.Cabbarlının “Sevil” və “1905-ci ildə” pyeslərini... “Sevil” pyesindəGülüş obrazını oynayırdım. İnşa yazılara xüsusi hazırlaşırdıq. Müəllim inşa yazının planını verirdi: məsələn, bu əsər haqqında hansısa tənqidçinin kitabını yazırdı və onun əsərlə bağlı düşüncələrini oxuyurduq. Biz isə tələb edirdik, inşanın qaralamasını evində də olsa yoxlayırdı. İnşada kitab cümləsi varsa, onun üzərindən xətt çəkirdi. Həmişə deyirdi öz sözlərinizlə yazın. Elə hazırlaşırdıq ki, inşa yazı vaxtı qaralamadan istifadə etmirdik. Ümumiyyətlə, öz peşəsinə, ixtisasına bu qədər hörmət bəsləyən ikinci bir şəxs tanımıram. Sonralar o, SSRİ-nin İrandakı səfirliyində çalışdı.

Qeyd etdiyim dövrdəgündəlik dolanışıq müəllimlər üçün də çətin idi. Maaşları o vaxt da az idi. Lakin onların öz peşələrinə ləyaqətlə yanaşması məişətindəki çətinliklərini arxa plana atırdı. Ona görə də müəllimlərə şagird və valideynlər tərəfindən yüksək hörmət bəslənilirdi. Bəzən elə deyirdilər ki,  sanki müəllim evdə yemək yemir. Təmənnasız insanlar idi. Müəllimlər hər şeyə rəğmən, heç vaxt şikayət etmirdilər. Bəs niyə deyirik, müəllimlik çətin və şərəfli peşədir? Ona görə ki, biz müəllimlər vətəndaş yetişdiririk. Belə bir deyim var, valideyn uşağı göydən yerə endirir, müəllim isə yerdən göyə qaldırır. Qısacası, cəmiyyətin gələcəyi müəllimdən asılıdır. Uşağı necə tərbiyə edib, cəmiyyətə veririksə, bəhrəsini də elə görəcəyik”.

1970-ci il müəllimlərinin gənc müəllimlərlə müqayisəsi:

“O vaxtlar valideynlərin müəllimə böyük inam və hörməti vardı. O vaxtkı müəllimlər daha çox tələbkar idilər. İndikilər yalnız dərsini izah edir, lakin şagirdlərin neçəsinin mövzunu qavraması ilə maraqlanmırlar. Tutaq ki, hansısa mövzunu zəif qavrayan şagirdlə dərsdən sonra əlavə məşğələkeçirilmir. Yalnız valideynə şikayətlənirlər ki,övladın dərsini oxumur, sinifdə fəal deyil və ya evtapşırığını etməyib. Şagirddə dərsə marağı müəllim yaratmalıdır. Dərsləri, verilən tapşırıqları qavramalarına görə sinifdə zəif şagird də olur, güclü də. Onlara fərdi yanaşmaq lazımdır. Zəif şagirdə səviyyəsinə uyğun yüngül sual verib,həvəsləndirmək olar. Yaxud, da hansısa mövzunu mənimsəmədiyi halda, dərsdən sonra əlavə məşğul olmaq olar. Sinifdə sağlam rəqabət hissi yaratmaq lazımdır ki, şagirdlər dərsləri maraqla, həvəslə mənimsəsinlər, hazırlaşsınlar. Hər birimiz şagird olmuşuq. Bizdə elə müəllim var idi ki, fənnini həvəslə öyrənirdik. Ev tapşırığının hazırlanmamasınınsəbəbini araşdırmaq lazımdır. Valideyn nə ədəbiyyatçı, nə riyaziyyatçı, nə də ki, fizikdir. Sanki hər şeyə görə o, günahkardır. Bütün bunların nəticəsidir ki, valideyn məcbur olub, övladını əlavə müəllim yanına göndərir. Əvvəllər uşaqlar 10-11-ci sinifdən müəllim yanına gedirdisə, indi şagirdə birinci sinifdən başlayaraq müəllim tutulur. Bu, bir bəla olub!

Pedaqoji Şurada elə olub ki, danlanmışam da, ağlamışam da. O zamanlar rüblüklərdə şagirdlərə “2” qiymət yazılmasına icazə verilmirdi. Tədris hissə müdiri, sinif rəhbəri çalışırdılar ki, bu qiymətləri dəyişsinlər. Çünki aşağı qiymət alan şagirdlərlə əlavə məşğələlər keçirilməli idi. Bütün bunlara baxmayaraq, qiymətləri dəyişmirdim və həmin şagirdlərlə əlavə məşğələlər keçərək, onları heç olmasa kafi qiymət alacaqları səviyyəyə qaldırmağa çalışırdım.

Deyirlər ki, müəllim 3 saat dərsini deyəndən sonra başqa işlə məşğul olub, pul qazansın. Lakin nəzərə almaq lazımdır ki, əgər müəllim 3 saat dərs deyirsə, digər tərəfdən, dəftər yoxlamalı, öz üzərində işləməli, mövzu ilə bağlı əlavə məlumatlardan istifadə etməli, şagirdlərə əlavə suallar hazırlamalı, zəif şagirdlərlə isə əlavə məşğul olmalı, maraqlı tədbirlər keçirməlidir.

Düzdü, müəllim məktəbdə dərsini deyib gedir. Amma hələ dərsdən sonra bir neçə qrup şagird hazırlayacaq. Bu zaman müəllim öz qüvvəsini sinifdəki dərsə yönəltmir. Bilir ki, dərsdən sonra onu neçə hazırlıq qrupu gözləyir. Bunun bəlkə də əsas səbəbi maaşın az olması ilə bağlıdır. Bu müəllim üçün də asan deyil, çünki yorulur. Ona görə də müəllim elə maaş almalıdır ki, ailəsini dolandıra bilsin. İndi müəllimlərin işi bu səbəbdən yüngülləşib ki, valideyn əlavə repetitor tutub övladını hazırlaşdırır. Abituriyentlərin bəlkə də 90 faizi əlavə kurslarda olanlardır. Kişi müəllimlərin məktəbdən uzaqlaşması tədris və tərbiyənin keyfiyyətinə öz təsirini göstərməkdədir”.

1970-ci il valideynləri ilə gənc valideynlərin müqayisəsi:

“İndiki valideynlər üçün çox çətindi. Şəxsən mən bir valideyn kimi qızıma deməmişəm ki, dərsini oxu. Özü oxuyub. Oğlum riyaziyyatı yaxşı bilirdi. Ancaq başqa fənləri nəqədər deyirdim,“oxu” deyirdi,“bilirəm”.Həmin fənlərdən “4”-“5”qiymət alırdı. Müəllimin sinifdə danışdıqlarını yadında saxlayırdı. Mən bir valideyn kimi usaqlarımın dərslərinə hazırlaşmasından əziyyət çəkməmişəm. Amma indiki valideynlərin əziyyəti çoxdu. Sanki uşağın dərsi mənimsəməməsinə cavabdeh onlardı. Məcbur olur ki, əlavə müəllim tutub uşağı hazırlaşdırsın. Xüsusilə, aşağı siniflərdə dərs kitablarının çox olması valideyni məcbur edir ki, dərs çantasını məktəbə özü daşısın.

Müasir dövrdə uşaqların kompüterdən, telefondan asılılığı da bir növ,onların dərsə hazırlaşmasına mane olur. Bu bir tərəfdən müsbət nəticələrə gətirib çıxarsa da, mənfi tərəfləri də çoxdur. Sosial şəbəkələrdə  belə bir mətnə rast gəldim:Hansısa nənə yanına gedən nəvələrindən, qızlarından evə girmədən telefonlarını alır, bir də evdən çıxanda qaytarır, telefonla evə buraxmır. Bu kimi texniki vasitələrdən istifadə düşünürəm ki, uşaqların vaxtını çox alır.

 

İndiki valideynlərlə əvvəlkilərin fərqi odur ki, onlarusaqlarınınali təhsilli olmasına çox fikir verirlər. Xüsusilə, qəbul imtahanlarının test üsulu ilə keçirilməsi insanlarda böyük inam yaradıb ki, biliyiali məktəblərə qəbul ola biləcək. Hətta imkansız ailə də övladı üçün əlavə müəllim tutub qəbul imtahanlarına hazırlaşdırır.

Onu da deyim ki, indiki gənclər arasında savadlı, bilikli olanları çoxdur. Təhsilə həvəs, xüsusilə xarici ölkələrdəki tanınmış universitetlərdə təhsil almağa maraq çox yüksək səviyyədədir.  Lakin bəzən görürsən ki, gənclərimiz arasında ixtisas seçimində səhvlər buraxılır. Bildiyim qədərilə, əvvəllər  ixtisas seçimində seçim edilirdi, sonra keçid balı yığlırdı. Indi isə əksinədir.

Valideyn uşaqları əvvəlcədən onların qabiliyyət və bacarığına görə yönləndirməlidir. İstər məktəb, istərsə də peşə seçimində övladlarına köməklik göstərməli, düzgün istiqamət verməlidir”.

Son olaraq...

“Qeyd etmək istəyirəm ki, şagirdlərin təhsilində əsas məsuliyyəti müəllimlər daşıyır. Çünki şagirddə təhsilə marağı müəllim yaratmalıdır. Onların tərbiyə almasında isə əsas məsuliyyət valideynin üzərinə düşür. Belə ki, uşaqlar günün əsas hissəsini valideynin yanında keçirir”.