Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-02 14:40:00
500 və daha çox bal toplayan abituriyentlərdən bu qədəri müəllimlik ixtisasını seçib

Prezident İlham Əliyevin mədəniyyət və incəsənət xadimləri ilə görüşü Azərbaycanın ictimai-mədəni həyatı üçün çox mühüm hadisədir. Görüşdə ölkə rəhbəri müvafiq sahələrdə problemlərin dərhal həll edilməsi üçün zəruri göstərişlər verdi. Dövlətimizin başçısı çıxışında, həmçinin ölkəmizdə təhsil sahəsində əldə olunan uğurlardan söz açıb, müəllim peşəsini seçən abituriyentlərin sayının kəskin artdığını bildirib.

Bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) ibtidai təhsil fakültəsinin dekanı, pedaqogika elmləri doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov deyib. O vurğulayıb ki, təhsil sahəsində uğurlar ölkə rəhbərinin müvafiq sahənin inkişafına göstərdiyi diqqət və qayğının nəticələridir. Məsələn, fevral ayında Azərbaycan Prezidenti təqaüdlərlə bağlı bir Fərman və iki Sərəncam imzaladı. Bütün bunlar tələbə-gənclərə stimul verir, onları seçdikləri sahələr üzrə yaradıcılığa ruhlandırır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, cəmiyyətdə müəllim peşəsinə ənənəvi hörmət qayıdır və bu, islahatlar nəticəsində mümkün olub.

Fərrux Rüstəmov ADPU-nun 2018-2019-cu tədris ili üçün tələbə qəbulunda yüksək nəticələr əldə etməsindən də danışıb. Bildirib ki, son beş tədris ilində ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 500 və daha çox bal toplayaraq pedaqoji ixtisasları seçən abituriyentlərin sayında davamlı artım müşahidə olunur. Yüksək bal toplayan tələbələr müəllim olmağa üstünlük verirlər. Beş il öncə 500 və daha çox bal toplayan 922 abituriyent müəllimliyi seçmişdisə, sonra onların sayı 1361-ə çatmışdı. Ötən il keçirilən qəbul imtahanlarında 500 və daha çox bal toplayan abituriyentlər arasında isə müəllimlik ixtisasını 2090 nəfər seçib. Bu göstərici 2014-2015-ci tədris ilinə nisbətən 126,7 faiz, 2017-2018-ci ilə nisbətən isə 53,6 faiz artım deməkdir. Elmi-statistik təhlil baxımından bu rəqəmlər həm ali təhsilin bakalavriat səviyyəsində, həm də magistratura səviyyəsində yüksək göstəricilərdir.

ADPU-nun ibtidai təhsil fakültəsinin dekanı deyib: “Universitetimizdə əvvəlki illərlə müqayisədə 2018-2019-cu tədris ilində bu rəqəmlər arasında 25 dəfə artım müşahidə olunub. Belə ki, ibtidai təhsil fakültəsinə 2-3 il əvvəl bir, keçən il 29, bu tədris ilində isə 129 nəfər qəbul olunub. Onlar 500 və 500-dən çox bal toplayaraq müəllim peşəsini seçiblər. Bütün bunlar Azərbaycan hökumətinin təhsilin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsidir. Ölkəmizdə müəllimlik ixtisasını seçən və ən yüksək nəticə göstərən tələbələrə əlavə təqaüd verilir. “Gələcəyin müəllimi təqaüdü”nün təsis edilməsi gənc müəllimlər üçün stimula çevrilir. Bu islahatlar istər-istəməz müəllim peşəsinin nüfuzunun artmasına gətirib çıxarır. Təhsilimiz güclü olsa, millətimiz, elmimiz güclü olar. Çünki digər peşə sahiblərini yetişdirən məhz müəllimlərdir. Müəllim, dərslik, məktəb, təhsil güclü olarsa dövlətimiz də güclü olar”.