Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-01 08:36:21
Aprelin 7-də fənn olimpiadalarının yarımfinal turu keçiriləcək

Aprelin 7-də fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turu keçiriləcək.

AzEDU xəbər verir ki, olimpiada Bakı şəhərində dörd, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Lənkəran şəhərləri, Şəki, İsmayıllı, Şəmkir, Ağdaş və Quba rayonlarının hər biri üzrə bir mərkəzdə təşkil olunacaq. İnformatika fənni üzrə olimpiada Bakı Mühəndislik Universitetində keçiriləcək.

Fevralın 4-də ölkənin bütün şəhər və rayonlarında keçirilən respublika fənn olimpiadalarının birinci-rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən, Azərbaycan dili və ədəbiyyat fənni üzrə 1419, coğrafiya fənni üzrə 1458, riyaziyyat fənni üzrə 1067, tarix fənni üzrə 617, fizika fənni üzrə 405, kimya fənni üzrə 377, biologiya fənni üzrə 430, informatika fənni üzrə 121 şagird növbəti mərhələdə iştirak hüququ qazanıb.

Fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix olmaqla səkkiz fənn üzrə IX, X və XI sinif şagirdlərinin iştirakı ilə keçirilir. Bu mötəbər yarışda xüsusi istedadı və hazırlığı ilə seçilən VII və VIII sinif şagirdləri də IX sinif şagirdləri ilə yanaşı, bilik və bacarıqlarını nümayiş etdiriblər.

Olimpiadaların təşkil olunmasının məqsədi istedadlı uşaqların aşkara çıxarılması, şagirdlərdə fənlərə marağın artırılması, onların sağlam rəqabət mühitində bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasıdır.

Qeyd edək ki, respublika fənn olimpiadaları Kapital Bankın baş sponsorluğu ilə keçirilir.