Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-19 14:55:37
“Müəllimin şagirdi döyməsinə yaxşı baxıram” - Bayram Səfərov

Modern.az saytının “Qarabağ söhbəti” layihəsinin budəfəki müsahibi Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov olub. İcma sədri müsahibədə özünün məktəb xatirələrindən danışıb. 

AzEdu.az həmin müsahibəni ixtisarla təqdim edir:

Şuşada xatirələriniz çoxdur. Hansı xatirə yadınıza düşəndə daha çox darıxırsınız? 

- Belə məqamlar çoxdur. Şuşanı və şuşalıları daha çox sevmişəm. Mən həyatı, məktəbi, insanlığı orada öyrənmişəm. Şuşa mədəniyyət şəhəri idi.  

- Şuşa sakinlərinin çoxunda hər hansı bir istedad olur. Bayram Səfərovda da oxumaq və ya da hər hansı musiqi alətində ifa etmək, ya da şeir yazmaq istedadı varmı?

- Mənim nə şairliyim, nə də müğənniliyim var. Bu sahəyə marağım, meylim və vaxtım olmayıb. Çünki zəhmətlə böyümüşəm. Vaxtım daha çox evimizə kömək etməyə sərf olunub.  

Bayaq dediniz ki, zəhmətlə böyümüsünüz. Nə zəhməti çəkirdiniz? 

- Biz ailədə 10 uşaq idik. Fiziki əməklə də, alverlə də məşğul olurdum. Fəxr edirəm ki, zəhmətimlə, əziyyətimlə çörək qazanıb ailəmə kömək etmişəm.

Uşaqlar Bakıda təhsil alanda 20 il Bakıda ev kirayəsi vermişik. 

- Orta məktəbi necə oxumusunuz? 

Oxumuşam da… Ortabab. Allah mənə dərs deyən müəllimlərə rəhmət eləsin. Adam 5-ci, 6-cı, 7-ci sinifdə oxuyanda dərk etmir ki, müəllim üçün oxumur. Sonradan bunu başa düşür. Hər bir adam məktəbi bitirəndən sonra dərk etməyə başlayır.

Elə olub ki, həvəsdən düşüb oxumamışam. Amma oxumuşuq da, başımızı girləmişik.

Müəllimlər sizi döyürdümü? 

- Uşaq idik də. Dəcəllik edəndə müəllimlər nəsə edirdi. Aqşin, bura bax, evdə dəcəllik edəndə valideyn döyürsə, bu yaxşıdır, müəllim döyürsə pis? Müəllimin öyrətməyi də, döyməyi də yaxşıdır.

Müəllimin şagirdi tərbiyə, mədəniyyət üçün danlamasını da, döyməsini də yaxşı qarşılayıram. Elə bu günün özündə də. 

- Siz özünüz məktəbdə şuluq idiniz?

- Çox da sakit olmamışam. 

- Dava edirdiniz? 

- Olurdu da, tənəffüs vaxtı uşaqlarla bölüşürdük. İki dəstə yaradırdıq, gedib oyunlar oynayırdıq. O zamanın uşaqlıq həyatı indikindən qat-qat maraqlı idi. 

- Qızlarla aranız necə idi? 

- Qızlarla heç vaxt dalaşmamışam. Mən sinif yoldaşım olan qızları həmişə müdafiə edirdim. Şuşada hamı mehriban yaşayırdı.