Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-15 11:57:00
Direktorların işə qəbulunda asanlaşdırıcı yeniliklər – Namizədlərin bilməli olduğu qaydalar

Direktorların işə qəbulu üçün sənəd qəbulu artıq yekunlaşıb.

AzEdu.az  direktorların işə qəbulu ilə bağlı yeni qaydaları təqdim edir:

Namizədlərdən rəy tələb edilməyəcək.

Bu barədə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri  Eşqi Bağırov bir müddət əvvəl məlumat verib.

Onun sözlərinə görə, müsabiqənin test imtahanı mərhələsində dəyişiklik yoxdur. Namizədlərə 60 sual təqdim olunacaq. Test sualları əmək, təhsil qanunvericiliyi, idarəetmə və məntiqdən salınacaq. Ancaq yenilik test mərhələsinə buraxılma şərtindədir:

“Əvvəlki illərdə test imtahanına müvafiq yerli təhsil şöbələrindən öz fəaliyyəti ilə bağlı müsbət rəy alan namizədlər buraxılırdı. Bu da bir çox hallarda narazılıqlara səbəb olurdu. Namizədlər həmin rəyləri mübahisələndirirdilər. Yerli təhsili idarəetmə orqanlarına, nazirliyə müraciət edirdilər. Bu cür xoşagəlməz halların qarşısının alınması məqsədi ilə bu ildən ali təhsilli, 5 illik pedaqoji təcrübəsi ümumi təhsil müəssisəsində pedaqoji fəaliyyətlə məşğul olan istənilən şəxsin müsabiqədə iştirakına məhdudiyyət qoyulmayacaq. Yerli təhsili idarəetmə orqanlarının nümayəndələri müsahibə komissiyasında təmsil olunacaqlar və öz rəylərini məhz həmin mərhələdə verə biləcəklər”.

Keçid balı 40 faiz müəyyənləşdirilib

Test imtahanı mərhələsində rayonlar üzrə keçid balı 40 faiz müəyyənləşdirilib. E.Bağırov deyib ki, 40 faiz nəticə göstərənlər növbəti mərhələyə buraxılacaqlar:

“Bakı şəhərində yerləşən orta təhsil müəssisələrinin direktoru vəzifəsi üzrə müsabiqəni davam etdirə bilmək üçün lazım olan keçid balı isə cari vəziyyətdə vakant yerlərin sayma və müsabiqə iştirakçılarının nəticələrinə əsasən müəyyənləşəcək: Minimum 40 faizlik hədd Bakı məktəblərinə direktor vəzifəsi üçün də keçərlidir. Namizədlərin sayı çox, nəticələri yüksək ola bilər. Odur ki, Bakı üçün keçid balı müsabiqə şəraitində formalaşacaq və Nazirlik tərəfindən tənzimlənəcək”.

Yekun - müsahibə mərhələsində namizədlərin bilik və bacarıqları 5 ballıq şkala ilə qiymətləndiriləcək:

“Namizəd müsahibəyə dəvət olunanda təhsil sənədi, ixtisas uyğunluğu, pedaqoji fəaliyyəti, təcrübəsi yoxlanılacaq və sonra müsahibəyə buraxılacaq. Müsahibə mərhələsində idarəetmə bacarığı, ümumi dünyagörüşü, peşəkar kompetensiyaları və digər zəruri meyarlar qiymətləndiriləcək və yerləşdirməni komissiya aparacaq.

Yəni, bu il tətbiq edilən yeniliyə əsasən, namizədin hansı vakant yerə yerləşdirilməsi müsabiqə komissiyası tərəfindən tənzimlənəcək:

“Namizədin vakansiyaları qeyd edərkən izlədiyi ardıcıllıq nəzərə alınmayacaq. Nümayiş etdirdiyi peşəkarlıq səviyyəsi, bilik və bacarığına əsasən onun hansı məktəbdə işləyə biləcəyinə komissiya qərar verəcək. Çünki məktəblər şəraiti, mühiti, şagird sayı, kollektivi baxımından müxtəlif olduğundan namizədin hansı məktəbdə işləyə biləcəyinə komissiyanın qərar verməsi daha ədalətli hesab edilib”.