Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-12 21:01:00
Müəllimlər “Lego” robotlarının tədrisdə tətbiqinə dair biliklərə yiyələniblər

Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən 15 ümumi təhsil müəssisəsinə “Lego Education” təhsil robotlarının paylanılmasına başlanılıb. Bununla əlaqədar “Lego Education” şirkətindən dəvət olunmuş xarici mütəxəssislər tərəfindən müəllimlər üçün təlimlər keçirilib. Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, təlimlərdə Bakı, Sumqayıt, Lənkəran və Mingəçevir şəhərlərindən 70 müəllim iştirak edib. İnformatika və fizika müəllimləri “Mindstorms EV3”, ibtidai sinif müəllimləri isə “WeDo 2.0” model “Lego” robotlarından istifadə qaydaları, onların tədris prosesində tətbiqinə dair təməl biliklərə yiyələniblər. Təlim proqramının sonunda müəllimlərə “Lego Education” təlimçi sertifikatı təqdim olunub.

 

Robot dəstləri robotun “beyni” hesab olunan və proqramlaşdırıla bilən “Brick” kontroller çipi, “Lego” konstruktorlar və xüsusi blok əsaslı proqram təminatı hissələrindən ibarətdir. Şagirdlər konstruktor hissələrdən istifadə edərək özlərinə lazım olan modeli hazırlayır və onun hərəkətə gəlib verilən tapşırıqları yerinə yetirməsi üçün “Brick” çipini proqramlaşdırırlar. Məktəblərə “Midstorms EV3” əsas dəstdən başqa, daha böyük və müxtəlif fənlər üzrə spesifik tapşırıqların yerinə yetirilməsi üçün “Expansion” dəsti də paylanılır.

 

Robot texnologiyasından istifadə məktəb həyatına innovasiya və yaradıcılıq gətirir, müəllimlər üçün nadir həllər təklif edir. Dərslərdə diqqət robotların dizayn olunması və proqramlaşdırılmasına yönəlir. Şagirdlərin “Lego” konstruktorları ilə qarşılıqlı fəaliyyəti yalnız fiziki baxımdan məhdudlaşmır; belə ki, rəqəmsal texnologiyalardan istifadə həm də tədris prosesinin ənənəvi metodlarını dəyişir. Bununla da şagirdlər qərar vermək, öz seçimləri üzərində düşünmək imkanı qazanır və həmyaşıdları ilə komanda şəklində işləyərək nəticələrə nail olmaq qabiliyyətlərini inkişaf etdirirlər.