Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-06 14:14:00
Dərsə gəlməyən şagirdlərin bəhanələri: Çölə çıxmaq istəməyənlər, saatı ustada olanlar...

Hər bir məktəbdə dərsə gecikən və ya dərsə gəlməyən şagirdlər olur. Təbii, vəziyyətə uyğun olaraq, bəhanələr də  hazırdır. Hamıya məlum olan, çoxlarımızın məktəb illərində istifadə etdiyimiz şablon səbəblər bəllidir. Ya kimsə xəstələnir, ya yatıb qalır, ya da bu kimi başqa bəhanələr...

Maraqlıdır, indi məktəblilər dərsə gəlməyəndə və ya gecikəndə hansı bəhanələrdən istifadə edirlər?

AzEdu.az təhsil portalı bununla bağlı bir neçə müəllimlərlə həmsöhbət olub.

Tarix müəllimi Həbib Əlizadə:

“Bu haqda bir lətifə var. Bir dəfə müəllim şagirdindən soruşur ki, əziz şagird sən niyə iki gündür, dərsə gəlməmişdin.

Şagird:

-Müəllim, birinci gün anam şalvarımı yumuşdu, yaş idi deyə, gələ bilmədim.

-Bəs ikinci gün?

-İkinci gün gələndə sizin evinizin yanından keçirdim. Gördüm sizin də şalvarınız ipdən asılıb. Ona görə gəlmədim, geri qayıtdım.

Yəni tam belə vəziyyətlər olmasa da, şagirdlərin məktəbə gəlməyəndə bəhanələr tapması adətən olub və olur. Məsələn, bəzən dərsdə bunun şahidi oluruq. Şagird bəhanə gətirir və mən də “Hə, çox gözəl bəhanədir. İnandım” deyirəm. Şagirdin çox yalan deməməsi üçün bəzən vəziyyətdən satira, müsbət emosiya ilə çıxmaq olar.

Dərsə gecikən və ya gəlməyən şagirdləri açığı, çox sıxışdırmıram. Yəni onları müstəntiq kimi dindirmirəm. Ona görə də təcrübəmdə olan belə bəhanələr yadımda deyil. Amma məşhur bəhanələr olur. Ya nənəsi, babası xəstələnir, ya harasa göndərirlər. Vəziyyətə görə, kənd və şəhər uşaqlarının bəhanəsi fərqli ola bilir”.

İngilis dili müəllimi Şəbnəm Cəbrayıl:

“Mənim yaşadığım yerdə yollar pis olduğu üçün çox vaxt uşaqlar “Palçıqdır, gələ bilmədim” deyirlər. Lakin şagirdlərin dərsə gəlməyəndə və ya gecikəndə ən çox istifadə etdiyi bəhanə - xəstələnmişdim – olur. Çalışıram ki, uşaqlar dərsdən qalmasın. Bu baxımdan zəng edib valideynlərlə danışıram. Hər keçilən mövzunun nə dərəcədə önəmli olduğunu deyirəm. Və onlar da öz növbəsində şagirdlərin tənbəllik etməsinə mane olurlar”.

İbtidai sinif müəllimi Aysel Alıcanova:

Şagirdlərin müxtəlif bəhanələri olur. Məsələn:

  • Müəllim, yatıb qalmışdım.
  • Saatımız işləmirdi.
  • Hava soyuq idi.
  • Çölə çıxmaq istəmirdim.
  • Başım ağrıyırdı.
  • Müəllim, yorulmuşam həftədə, arada bir gün də bizə istirahət verin.
  • Paltarım batmışdı, yudum, amma qurumadı deyə gələ bilmədim.
  • Dünən toya getmişdim, ona görə gəlmədim və.s.

Aralarında tarixi səhv salanlar da olur : “Bazar günü deyildi? Günləri qarışdırmışıq”. Ya da tətilə az qalmış, tətil sonrası “tətil deyildi?” deyənlər də olub. Eləsi də var, düzünü deyir”.

A.Alıcanova şagirdlərin bəhanələrinə göstərdiyi reaksiyalardan da danışıb:

“Toya gedən şagirdimə reaksiyamı valideynlərinə deyirəm. Onlara uşağın dərsdən qalmasının geriləməsinə səbəb olacağını bildirirəm. Uşağa isə hər gün dərsə gəlməsini, elə hallarda icazə almasını söyləyirəm. Ümumiyyətlə, şagirdlərə dərsə gəlmələrini, hər gün yeni məlumatlar, biliklər öyrənməklərini bildirirəm. Gələcəkdə arzuladıqları peşədə çalışmaqları üçün dərsdə iştirak etmək, öyrənmək və oxumaq lazımdır. Yalnız məsələhətlər verib, tərbiyəvi söhbətlər etmişəm”.

Coğrafiya müəllimi Posu Mansırlı:

Dərsə gecikən şagirdlərim ən çox səhər tez dura bilmədiklərini bəhanə edirlər. Əsasən də qış aylarında. Demək olar ki, əsas bəhanələri budur. Lakin çox vaxt niyə dərsə gəlmədiklərini düz deyirlər. Ancaq hansısa bəhanə uyduranda "Mən bu yolları çoxdan keçmişəm" deyirəm. Şagirdim yalanının keçmədiyini bilib gələn dəfə həqiqi səbəbini deyir”.

İnformatika müəllimi Aysel Səfərzadə:

Dərsə gecikənlər adətən bufet, ayaqyolunu bəhanə edirlər. Ya da sinifləri səhv saldıqlarını deyirlər. Bundan başqa:

  • Müəllimin uşağını bağçaya aparmışdım.
  • Yatıb qalmışam.
  • Anam xəstədir.
  • Saatım ustadadır.
  • Növbətçiyəm və.s.

Ümumiyyətlə, dərsə gəlməyənlər:

  • Müəllim ,bir az halım yox idi.
  • Hava çox soyuq idi.

Dərsə gecikənlərə və ya gəlməyənlərə lövhədə məsələ verirəm, sual-cavab edirəm ya da ev tapşırıqlarını çox verirəm”.

Fiziki tərbiyə müəllimi Seymur İbrahimov:

“Düzünü desəm, belə hallarla rastlaşmamışam. İdman dərsini hamı sevir deyə, dərsə gəlirlər. Lakin həmkarlarımdan bununla bağlı fikirlər eşidirəm. Şagirdlər dərsə gəlməyəndə ya babam ölüb ya da nənəm ölüb deyirlər (gülür)”.