Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-12 15:26:00
Bir sinifdə 24-dən çox şagirdin olması sağlamlıq üçün zərərlidir – Mütəxəssis təhlili

2018 Beynəlxalq təhsil sərgisində 2014-2015-ci tədris ilindən “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində həyata keçirilən “Sağlam təhsil sinif”ləri də yer alıb.

Layihədə Sosioloji Blok Koordinatoru Nigar Şahhüseynbəyova “Sağlam təhsil sinifləri” ilə bağlı AzEdu.az-a açıqlama verib.

O bildirib ki, “Sağlam təhsil-sağlam millət” layihəsi 2014-cü ildən Azərbaycan Respublikası prezidenti İlham Əliyevin təsdiqlədiyi “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası” əsasında hazırlanıb:

“Hazırda layihə 38 məktəbdə fəaliyyət göstərir və 68 “Sağlam təhsil sinfi” qurulub. Əsas hədəf davamlı və sağlam  Azərbaycan vətəndaşı yetişdirməkdir. Burada 4 əsas istiqamət var: fiziki, psixi,mənəvi sağlamlıq və yüksək nailiyyətlərə nail olmaq. Bu, dövlət layihəsi olduğundan uşaqlar yalnız valideynlərin ərizəsi əsasında ümumrespublika qaydaları ilə siniflərə qəbul olunurlar.

 Standartlara əsasən, hər uşağa 2 kvadrat metrdən az sahə düşməməlidir. Bu nəzərə alınaraq siniflərdə uşaq sayı da məhduddur. “Sağlam təhsil sinifləri”ndə 24-dən çox şagird olmamalıdır. Ümumilikdə, bu siniflərdə hazırda 3600-ə yaxın şagird təhsil alır”.

N.Şahhüseynbəyova valideynlərin bu siniflərə marağının çox olduğunu bildirib:

“Bununla bağlı maarifləndirici iclaslar keçirilir. Onlara yaradılan sağlam şəraitdən, sağlam təhsil texnologiyalarından söhbət açılır. Sağlam təhsil siniflərində oxuyanlarla ənənəvi siniflərdə təhsil alanlar arasında monitorinqlər keçirilir. Nəticələrə əsasən, bu siniflərin şagirdləri həm sağlamlıq, həm təlim nailiyyətləri baxımından daha yüksək nəticələr göstərirlər. Tədris proqramı isə digər siniflərdəki ilə eynidir, kurikulum standartları yerinə yetirilir”.