Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-05 15:22:00
Heç bir müəllimini sevməyən, qorxudan görmək istəməyən məşhurlar – 5 oktyabr təəssüratları

Müəllimlik  kifayət qədər  məsuliyyətli iş, müqəddəs peşədir. Əsl müəllim həmişə seçilib, adı nəsillərin yaddaşına böyük hərflərlə yazılıb.

Lakin ömrü boyunca müəllim adını öz adının quru əlavəsi kimi daşıyıb yaşayanlar da az deyil.

Bu baxımdan, maraqlıdır, öz sahəsində seçilən, tanınmış şəxslərin heç sevmədikləri müəllimləri olubmu?

AzEdu.az  5 oktyabr Beynəlxalq Müəllimlər Günü ilə bağlı bu sualla bir neçə tanınmış şəxslərə müraciət edib:

Tanınmış bəstəkar, hazırda Şimali Kiprdə yaşayan və pedaqoji fəaliyyətlə məşğul olan  Cavanşir Quliyev:

Sevmədiyim yox – sevdiyim müəllim  olmayıb. Çünki müəllimlərimin hamısı mənim üçün sevgi obyekti yox, hörmət, sayqı və hər zaman dinləniləsi insanlar olublar. Bir dəfə 6-cı sinifdə tənəffüs vaxtı cibimdəki kiçik bıçağı sobada qızdırıb (qış idi), taxtanın önündə duran iki qızın yanaqlarına bir anlıq yapışdırıb geri götürdüm (zarafat edirdim). Bir azdan qızların yanaqları qızardı, hər kəs gördü, ara qarışdı... Xoşbəxtlikdən o biri gün bıçağın izləri qızların üzündən  tamamən çəkildi. Sinif rəhbəri iclas qurdu və zərər çəkən qızlardan mənim cəzamın nə olmasını soruşdu. Qızların ikisi də məni cəzalandırmamağa qərar verdilər. Səbəbini də mənim, onların fikrincə, gözəl tar çalmağımı göstərdilər”.

Tanınmış iqtisadçı alim, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının rəhbəri  Qubad İbadoğlu:

“Hesab edirəm ki, müəllimlər həqiqətən də olduğu kimi dəyərləndirilməlidir. Mənim də həyatımda onların çox böyük rolu olub. Həm də valideynlərim  orta məktəbə Kimya-Biologiya və Dil-Ədəbiyyat fənlərini tədris ediblər. Eyni zamanda, yaddaşımda müəllimlər daha çox yaxşı mənada qalıblar. Əslində, pis müəllim yoxdur. Pis predmet, fənn ola bilər. Müəllimlərin əksəriyyəti  yaxşı olub və bu baxımdan hesab edirəm ki, müəllimlər           insan qəlbinin mühəndisidir. Əgər valideynlər insanı həyata gətirirsə, müəllimlər onu inkişaf etdirir, yüksəklərə qaldırır. Heç sevmədiyim müəllimim olmayıb.

Ali məktəbdə oxuyanda bir sıra xoşlamadığımız fənlər var idi: elmi kommunizm, siyasi iqtisad və.s.  Siyasi iqtisad müəllimimiz - İsfəndiyar müəllim həmişə bizim dərsimizin dəyərini Lenindən, Marksdan, Engelsdən gətirdiyimiz sitatlarla müəyyənləşdirirdi. Yəni nə qədər çox kommunist partiyasının manifestinə müraciət etsək, bir o qədər yüksək qiymət ala bilirdik. Təbii ki, bunu xoşlamırdım və düşünürdüm ki, bizim yanaşmamızı, fikirlərimizi dinləsə, daha yaxşı olardı. Amma İsfəndiyar müəllim çox təmiz, dürüst, kommunist ideologiyasına inanan adam idi. Hətta bizim tələbəlik dövrü kommunizmin, sosializmin dağılması dövrünə təsadüf etsə də, o, buna inanmırdı. Gözəl pedaqoq  olsa da, tədris etdiyi fənn bizim  maraq obyektimizdə deyildi və onu mənimsəmək istəmirdik. Hətta yadımdadır ki,  İsfəndiyar müəllim dərs danışanda, Lenindən, Marksdan sitat gətirəndə,  biz auditoriyada əl çalardıq, o da bundan çox xoşlanardı. Lakin müəllimlər hansısa bir ideologiyaya bağlı olmalı deyil. Müəllim daha müstəqil, bitərəf olmalıdır ki, xüsusilə, belə fənlərin tədrisində  tələbələrə daha düzgün məlumatlar çatdırsın. Amma sonradan siyasi iqtisad fənnini oxuyub,  daha yaxından tanış olanda, fənnin yalnız kapitalla məhdudlaşmadığını, geniş fəaliyyət sahəsi olduğunu görəndə onu sevməyə başladım.

Orta məktəbdə isə ibtidai sinif müəllimim yadımda qalıb. Çünki mən 5 yaşımda  məktəbə getmişəm və yaşımın az olması əlifbanı öyrənməkdə müəyyən çətinliklər yaradırdı. İbtidai sinif müəllimim – Murtuza müəllim xoş xatirələrlə yadımda qalıb.  Əlifbanı oxumağımda onun müstəsna xidməti olub”.

“Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu:

“Həm məktəbdə, həm də universitetdə oxuduğum illərdə müsbət , o cümlədən, tənqidi yanaşdığım müəllimlər olub. Amma daha çox yaxşı dərs keçən,  bizə nəsə öyrətməyə çalışan müəllimləri xatırlamağa çalışıram. Elə müəllimlərin sayı  kifayət qədərdir.  Son bir ildir, mən də pedaqoji fəaliyyətlə məşğulam və çalışıram ki, yaxşı müəllimlərdən mənimsədiyim bilikləri tələbələrimə çatdırım. Bu mənada həyatımda bilik, savad vermək istəyən müəllimlər daha çox olub.  Müxtəlif səbəblərdən tənqidi münasibət bəslədiyim -ədalətsiz yanaşan, biliyə düzgün qiymət verməyən, fərqli davranışlar sərgiləyən müəllimlərim olub. Uşaqlıqdan həmişə ədalətsizliyə qarşı mübarizə aparmışam. Ona görə də əlbəttə, belə müəllimlər yaddaşımda müsbət qala bilməzdilər.

Baxmayaraq ki, politoloqam, əslində, ixtisasım riyaziyyatçıdır. 1 nömrəli Fizika-Riyaziyyat təmayüllü məktəbdə iki il oxumuşam. O məktəbə daxil olanda düşünürdüm ki, əsas yük dəqiq elmlərdə olacaq. Amma əksini müşahidə etdim - Ədəbiyyatı, Coğrafiyanı orta məktəblərdən də yüksək səviyyədə keçirdilər. Riyaziyyat olimpiadalarında iştirak etməklə yanaşı, Tarix, Coğrafiya kimi fənn müəllimlərinin mənə keçdikləri sonradan baxışlarımda, inkişafımda mühüm rol oynayıb”.

Xalq artisti, tanınmış muğam ifaçısı Mənsum İbrahimov:

“Mən həmişə öz müəllimlərimə hörmətlə yanaşmışam. Bu gün də tələbəlik illərimdə, orta məktəbdə  dərs deyən müəllimlərimi görəndə, onlara yaxınlaşır, ehtiramımı ifadə edirəm. Çünki müəllimlik müqəddəs peşədir. Söhbət əsl müəllimlərdən gedir. Bilirsiniz, mən də müəlliməm. Bu gün  tələbələrim , həm də sənət yoldaşlarımdır. Bir ustad üçün bundan gözəl hiss yoxdur. Tələbələrin səninlə birlikdə dövlət tədbirlərində, xarici ölkələrdə Azərbaycan muğamını təmsil edirlər. Yaradıcı insanlar  daha həssas olurlar və bu da xüsusi yanaşma tələb edir. Müəllim əslində bir az da psixoloq olmalıdır. İbtidai sinif müəllimim Sənubər xanım bizə ilk yazıb-oxumağı öyrədən biri olduğu üçün heç vaxt yadımdan çıxmır və  görəndə əllərindən öpürəm”.

Azərbaycan Taekvondo Federasiyasının birinci vitse-prezidenti, Avropa və Dünya çempionu Füzuli Musayev:

“Orta məktəbdə oxuyanda sevmədiyim yox, qorxuduğum müəllimim olub. Sonradan  həmin müəllim məktəb direktoru olmuşdu. Bir az qəddar idi, dəcəl olduğumuz üçün həmişə bizi cəzalandırırdı. O müəllimdən çox çəkinirdik və hətta görmək belə istəmirdik. Lakin dostlaşdıq, məktəbi bitirəndən sonra görüşürdük. Özü  deyirdi ki, bu gün əldə etdiklərinizə nail olmağınız üçün elə idim. Məsələn, oxumaq istəmədiyimiz fənlər var idi. Şəxsən, Riyaziyyat, Kimya, Fizika fənlərini çox sevirdim və müəllimlərinə də rəğbət bəsləyirdim. Yəni müəllimləri sevməmək deyil, qorxmaq məsələsi var idi”.

Əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Faiq Sücəddinov:

“Mən uzun illər Mədəniyyət və İncəsənət Universitetinin  müəllimi, professoru idim. İndi  Milli Aviasiya Akademiyasında fəaliyyət göstərirəm. Təhsil hər zaman həyatımda böyük yer tutub. Həyatımda keçdiyim  ilk dərs  xaricdə olub.  Şimali Kiprdə 7 il tədrislə məşğul olmuşam. Öz müəllimlərimə gəldikdə isə, xatirimdə mənfi qalan biri olmayıb.  Müəllim mütləq tələbkar, bilik olmalı, özünə hörmət etməlidir ki, həmişə yaxşı yadda qalsın. Auditoriyaya girəndə yeni bir şey etməli, tələbələri maraqlandırmalıdır. Mən 16 il belə işləmişəm, gələcək müəllimlik taleyim də bu cür olmalıdır”.