Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-28 10:05:00
“Sonuncu dəfə oxuduğum kitabı xatırlamıram” – Mübariz Tağıyevin “parta etirafları”

AzEdu.az hamının  tanıdığı  sənət adamları, ictimai  şəxslər, idmançılar, media nümayəndələrinin məktəb illərindən bəhs edən  silsilə yazılarını davam etdirir.

Kitab bir qədər yaddan çıxır, yadlaşır”

“Parta etirafları” rubrikasının növbəti qonağı Azərbyacanın sevilən müğənnisi, Xalq artist Mübariz Tağıyevdir. Kiçik yaşlarından “böyük-kiçik  bilən” olduğunu deyən M. Tağıyev məktəb illəri onun üçün çox gözəl xatirələrlə yadda qaldığını deyir:

“İnsan müəyyən yaş həddinə çatır ki,  bu zaman  məktəb illəri onun daha tez-tez yadına düşür. Müəyyən yaş həddi dedikdə, mən  orta yaşdan yuxarını nəzərdə tuturam.   

Məktəb illəri hamı üçün əzizdir, lakin  həyatı dərk edən müəyyən qrup  insan üçün  daha doğmadır.  Zaman ötüb, illər keçdikcə, sinif yoldaşlarının sayı artıq azalmağa başlayır.  Bir də görürsən ki, oxuduğun sinifdən həyatda  cəmi  3-4 nəfər qalır...  

...Deyəsən, çox qəmgin notlara getdim...

Çox maraqlıdır,  o illərin sevinci sanki  bir  başqa cür sevinc idi,   kədəri  də  bir başa kədər. Hər şey tam fərqlənirdi. Məktəb illərində insan  bir qədər qayğıdan uzaq olur. Mən X sinfə qədər peşəkar üzgüçülüklə məşğul idim.  Məktəb illərində əlaçı olmasam da,  dərslərimi pis oxumamışam. Mənə dərs deyən müəllimlərimlə  heç bir problemim olmayıb; onlar məni hər zaman çox istəyib. Çünki mən  də kiçik yaşlardan böyük-kiçik yeri bilənəm. Məktəb illəri mənim üçün  çox  sevincli, olduqca gözəl günlər kimi yadda qalıb”.

Mübariz Tağıyev oxuduğu orta təhsil müəssisəsi, şagird ikən sevdiyi  fənlərdən də  danışır:

“Mən İrəvan şəhərindəki Axundov adına 9 saylı orta məktəbdə oxumuşam. O  illərdə ən çox sevdiyim fənn Fizika olub. Ümumiyyətlə,  texniki fənlərə  daha çox  həvəs göstərmişəm. Lakin Ədəbiyyatdan da bir qədər də uzaq deyildim, o da sevdiyim fənlərdən biri olub.     

Hazırki dövr internet   əsridir və nəticədə bunun fəsadları az qala, hamını “yıxıb”.  İnformasiya erası genişliyi, əhatəliliyi o qədər sevir ki, nəticədə  kitab bir qədər yaddan çıxıb,  yadlaşıb.  

Özüm əsasən,  şeir kitabları oxumağı xoşlayıram. Lakin sonuncu dəfə oxuduğum kitabı xatırlamıram. Uşaqlıq illərində  Azərbaycan, eləcə də, dünya ədəbiyyatından da əsərlər oxuyurdum. Müğənnilik həyatına 16 yaşımdan başlamışam və  o dövr  daha çox studiya, səhnə ilə bağlı olduğundan, oxuduğum kitablar da yarımçıq qalırdı. Ömrümün  bir hissəsi qastrollarda, konsertlərdə olduğu üçün  kitab oxumağa da vaxtım olmurdu”.

Qeyd edək ki, Mübariz Tağıyev Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına, 2006-cı ildə Xalq artisti fəxri adına,  2012-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Günel Yaşarqızı