Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-25 14:30:00
Azərbaycanda “Dünyanın ən böyük dərsi” layihəsi reallaşdırılır

IDEA İctimai Birliyinin, BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan nümayəndəliyinin və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə ölkəmizin bir sıra orta məktəblərində Dayanıqlı İnkişaf Məqsədlərinin təbliğinə həsr olunan “Dünyanın ən böyük dərsi” layihəsi həyata keçirilir.

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutundan (TİPİİ)  bildirilib ki, 2018-ci il sentyabrın 25-də dünya liderləri tərəfindən BMT-nin Davamlı İnkişaf üzrə 2030 Gündəliyi qəbul edilib. Bununla bağlı, UNICEF və digər təşkilatların dəstəyi ilə “Dünyanın ən böyük dərsi” layihəsi irəli sürülüb. Layihənin məqsədi hər il sentyabrın sonundan etibarən bütün dünya üzrə məktəblərdə qlobal məqsədlər barədə dərslərin keçirilməsidir. Azərbaycanda təşkil olunacaq dərslərin məqsədi isə şagirdlərin bir sıra mövzularda, o cümlədən iqlim dəyişmələrinə dair biliklərini artırmaqdır. Bu baxımdan, iqlim dəyişmələrinin təsiri və uşaqların öz yaşadıqları ətraf mühiti qoruma yollarını necə inkişaf etdirə biləcəkləri məsələ dərsin diqqət mərkəzində dayanır. Dərslər layihə çərçivəsində hazırlanmış tədris materialları əsasında keçirilir. Dərslərin ölkəmizin məktəblərində təşkili məqsədilə həmin materiallar IDEA və UNICEF tərəfindən Azərbaycan dilində hazırlanıb və çap olunub.

Sentyabrın 24-dən başlayaraq TİPİİ bir həftə ərzində Bakı və Xaçmazın 20 orta məktəbinin müəllimləri üçün “Dünyanın ən böyük dərsi”nin tədrisi üzrə təlimlər təşkil edir. Təlimləri bitirən müəllimlər tərəfindən həmin dərsin şagirdlərinə keçməsi nəzərdə tutulur. Sonda layihədə iştirak etmiş məktəblər “World’s Largest Lesson” internet səhifəsindəki dünya xəritəsində işarələnir. Bu təşəbbüs Təhsil Nazirliyi, UNICEF və IDEA-nın yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə keçiriləcək yekun mərasimlə başa çatacaq.

Qeyd edək ki, 2015-ci ildən başlanmış “Dünyanın ən böyük dərsi” təşəbbüsü üzrə indiyədək 130-dan çox ölkədən milyonlarla uşaq və gənclər Dayanıqlı İnkişaf Məqsədləri, o cümlədən qarşıya qoyulmuş ekoloji, sosial və iqtisadi çağırış və hədəflər haqqında məlumatlandırılıblar.

"Dünyanın ən böyük dərsi" layihəsi ilə bağlı ətraflı məlumatı IDEA İctimai Birliyi və UNICEF-in Azərbaycan nümayəndəliyindən əldə etmək mümkündür.