Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-25 13:59:00
Direktorlar işə necə götürülür, iş yerlərini necə dəyişirlər? – Məktəb rəhbərlərinin “hüquq bələdçisi”

Direktorlarının müsabiqə yolu ilə işə təyin olunması təhsil sisteminin idarə olunmasının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən ən önəmli islahatlardandır.

Direktorların işə qəbulu necə həyata keçirilir?

Direktorların işə qəbulu,
-“Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul və direktorların iş yerinin dəyişdirilməsi  Qaydaları”na
-“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa
-“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”na,
-Azərbaycan Respublikasının Əmək Məcəlləsinə,
-“Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”yə
-"Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə uyğun olaraq Təhsil Nazirliyi tərəfindən hazırlanır.

Bu qaydalar direktorların işə qəbulunu, iş yerinin dəyişdirilməsini, çalışmanın yaş həddinə çatmış direktorlarla əmək müqaviləsinin uzadılıb-uzadılmamasını da tənzimləyir. Öncə, bununla bağlı  nazirlikdə müsabiqə, müsahibə və apelyasiya komissiyaları yaradılır. 

Direktorların işə qəbulu nazirlik tərəfindən mərkəzləşdirilmiş qaydada üç mərhələdən ibarət müsabiqə yolu ilə həyata keçirilir.  

Vakansiyalar rayon (şəhər) təhsil şöbələri (idarələri) və Ərazi Maliyyə Hesablaşma Mərkəzləri tərəfindən müəyyənləşdirilir, birgə təsdiq edilir və Nazirliyə təqdim olunur. Vakansiyalar, müəssisənin ünvanı, müəllim sayı, sinif komplektlərinin və digər məlumatlar elektron sistemə daxil edilir və nazirlik tərəfindən təsdiq edildikdən sonra müsabiqə üçün elan edilir.

Müsabiqənin birinci mərhələsində elektron ərizələrin qəbulu həyata keçirilir.

Namizədlərə 4 vakant yer seçmək imkanı verilir. Bu yerlər hazırda işlədiyi müəssisənin yerləşdiyi rayon ,şəhər və ya faktiki yaşadığı rayon, şəhər ola bilər. Namizəd özü haqqında məlumatları qeyd edərək qeydiyyatdan keçir. Nazirlik tərəfindən ərizələr araşdırılır və təsdiqlənir. Elektron ərizəsi təsdiq olunmuş namizədlərin siyahısı rəy bildirilməsi üçün yerli təhsili idarəetmə orqanlarına göndərilir və müəyyənləşdirilmiş forma üzrə rəylər Nazirliyin müsabiqə komissiyasına təqdim edilir. Komissiya tərəfindən rəylər nəzərdən keçirilərək namizədlərin növbəti mərhələyə keçməsi barədə qərar qəbul edilir.

Müsabiqənin ikinci mərhələsi isə əmək və təhsil qanunvericiliyi, məktəb idarəçiliyi sahəsində bilik və bacarıqları qiymətləndirən 40 suallıq testdən ibarət olan imtahan mərhələsidir.

İmtahanda test sualları ilə yanaşı namizəddən 200-250 sözdən ibarət kompüterdə esse yazmaq tələb olunur. Esse mövzuları nazirlik tərəfindən müəyyənləşdirilir və 20 ballıq şkala ilə qiymətləndirilir.

Üçüncü mərhələ isə müsahibə mərhələsidir.

Bu mərhələyə keçmiş namizədlər lazımı sənədlərlə birlikdə müsahibəyə dəvət olunur. Müsahibə zamanı onların peşəkar kompetensiyaları və ümumi dünyagörüşü  qiymətləndirilir, imtahan və müsahibə mərhələlərinin nəticələri nəzərə alınmaqla elektron proqram təminatı vasitəsilə namizədlərin seçdikləri vakant yerlərə yerləşdirilməsi həyata keçirilir. Vakant direktor vəzifəsini tutmuş namizədlə bir il müddətinə əmək müqaviləsi bağlanılır. Həmin müddət başa çatdıqdan sonra bir illik fəaliyyət barədə hesabat Nazirliyə təqdim olunur və müvafiq müsahibə keçirildikdən sonra şəxsin daimi əsaslarla işə təyin olunması barədə qərar qəbul edilir. Əgər Müsabiqənin hər hansı mərhələsində namizədin elektron ərizədə göstərdiyi məlumatlarla təsdiqedici sənədlər arasında uyğunsuzluq aşkar edilərsə nəticələri ləğv edilir və istənilən səbəbdən imtahanın hər hansı mərhələsində iştirak edə bilməyən namizəd üçün təkrar imtahan keçirilmir, keçid balını toplayan, lakin yerləşdirilməyən namizədlər ehtiyat kadr siyahısına daxil edilir. Ehtiyat kadrlar 2 il müddətinə siyahıda saxlanılır və həmin müddətdə yaranan vakansiyalar onlara təklif olunur. Müsabiqənin nəticələri ilə bağlı apelyasiya şikayətinə müsabiqə başa çatdıqdan sonra bir həftə ərzində baxılır.

Direktorların iş yerinin dəyişdirilməsi

Direktorların iş yerinin dəyişdirilməsi yerli idarəetmə orqanlarının Təhsil Nazirliyinə ünvanladığı təqdimat əsasında həyata keçirilir. Çalışmanın yaş həddinə çatmış direktorlarla əmək müqaviləsinin uzadılması da yerli idarəetmə orqanlarının təqdimatına əsasən, həyata keçirilir. Müqavilə Nazirlik tərəfindən hər dəfə bir ildən çox olmayan müddətə uzadılır və əsasən çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.

Beş ildən sonra əmək müqaviləsinin uzadılmasına isə yalnız müəyyən meyarlar olarsa, yol verilir. Bu meyarlar,
-Azərbaycan Respublikasının orden və medalları ilə təltif edilməsi,
-Azərbaycan Respublikasının fəxri adlarına layiq görülməsi,
-işlədiyi sahə üzrə elmi dərəcəsinin və ya elmi adının olması,
-Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və ya müxbir üzvü olması,
-Dövlət mükafatı laureatı olması,
-1991-ci il oktyabrın 18-dək orden və medallarla təltif edilməsidir.

Direktorların yerdəyişməsi və çalışmanın yaş həddinə çatmış direktorlarla əmək müqaviləsinin uzadılması zamanı  kollektivdə və cəmiyyətdə nüfuza malik olması, son 1 ildə barəsində intizam tənbehi tədbirlərinin tətbiq edilməməsi, son 3 il ərzində rəhbərlik etdiyi məktəbin IX sinif üzrə buraxılış imtahanlarında müsbət dinamika və nəticələrin rayonun orta göstəricilərindən aşağı olmaması, məzunların ali məktəblərə qəbul göstəricilərində irəliləyişin olması, beynəlxalq və respublika fənn olimpiadalarında şagirdlərin qalib adını qazanması da nəzərə alınmalıdır. Qeyd etməliyəm ki, bu qaydalar Təhsil Nazirliyinin birbaşa tabeliyində olan lisey və gimnaziyalara, internat tipli təhsil müəssisələrinə, Bakı şəhərinin ümumi təhsil müəssisələrinə direktorların işə qəbuluna şamil edilmir.

Bakı şəhərində direktorların işə qəbulu üçün Təhsil Nazirliyi, hazırda Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün müsabiqə elan edir.

Təlim prosesində müdavimlər təhsildə keyfiyyətin idarəedilməsi, təhsili idarəetmənin hüquqi əsasları, təhsildə statistika və təhlil, təhsildə maliyyənin idarəolunması və digər mövzular üzrə bilik və bacarıqlarını təkmilləşdirirlər. Təlimlərdə iştirak etmiş şəxslər Təhsil Nazirliyi tərəfindən təşkil olunan yekun qiymətləndirmədə iştirak edir və yekunda qənaətbəxş nəticə göstərmiş və hazırda direktor vəzifəsində çalışmayan şəxslər bu vəzifə üzrə vakant yerlərə təyinat alır və ya ehtiyat kadr kimi qeydə alınır.

Təlimlərə qatılmaq üçün namizədin beş il pedaqoji iş stajı və ali təhsili olmalıdır.

Üç mərhələdən ibarət olan seçimdə birinci namizəd elektron qeydiyyatdan keçir  , ikinci mərhələdə məntiqi düşüncə bacarıqlarını qiymətləndirmək üçün test tapşırıqlarını yerinə yetirir. Hər iki mərhələdə uğur qazanan şəxslər müsahibəyə -  üçüncü mərhələyə dəvət olunur və uğurla keçənlər təlimlərə başlayır. Direktorların işə qəbulu müsabiqəsində işdə yol verdiyi nöqsanlara görə işdən azad olunan, səhhəti ilə bağlı işdən azad olunan, məhkumluğu olan şəxslər iştirak edə bilməzlər.


Elşən Ramizoğlu