XƏBƏRLƏR

13.03.2018 05:20
Qəzalı məktəblər modul tipli məktəblərlə əvəzlənir - VİDEO

Daha 4 rayonda modul tipli məktəblər quraşdırılacaq və ilin sonuna qədər bu işlər 31 rayonu əhatə edəcək. Ötən il isə ucqar ərazilərdə olan 100 məktəb modul tipli məktəblə əvəz olunub.

AzEDU.az “Xəzər TV”yə istinadən xəbər verir ki, bölgələrdə, xüsusilə də ucqar kəndlərdə illərdir təmir olunmayan qəzalı məktəblər modul tipli məktəblərlə əvəzlənir.

Bu il ərzində ümumilikdə 137 modul tipli məktəb quraşdırılacaq və həmin məktəblər 31 rayonu əhatə edəcək.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun sözlərinə görə, indiyə qədər bölgələrdə 100-dən çox modul tipli məktəb inşa olunub və 27 məktəbdə isə bu sahədə iş davam etdirilir. Artıq daha 4 rayonda belə məktəblərin quraşdırılması üçün vəsait ayrılıb.

Bu il, eyni zamanda, məcburi köçkünlərin oxuduqları bəzi məktəblərin də yerində modul tipli təhsil müəssisələrinin quraşdırılması nəzərdə tutulur. Bu məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, bir ay kimi qısa müddətdə istənilən relyefdə quraşdırıla bilməsi və asan daşınmasıdır. Şagird sayına uyğun sinif otaqları, kitabxanası və sanitar qovşağı olan modul tipli məktəblər istənilən vaxt başqa əraziyə köçürülə bilər.

Dövlət başçısının tapşırığına əsasən, bu il ümumilikdə yüzlərlə məktəbdə təmir işləri aparılacaq. Bakı şəhərində isə 12 məktəb əsaslı təmir ediləcək.