Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-23 10:25:00
Məktəblilərin narkomaniyanın fəsadları barədə məlumatlandırılması diqqət mərkəzində saxlanılır

Yevlax Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Gülövşə kənd tam orta məktəbində “Gənclər narkomaniyaya yox deyir”, “Erkən nikah və onun fəsadları” və “Dini radikalizmə qarşı birgə mübarizə” mövzularında maarifləndirmə tədbiri keçirilib.

AzEdu.az bildirir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, tədbirdə çıxış edən rayon polis şöbəsinin rəisi, polis polkovniki Elnur Mehdiyev müasir dövrümüzün bəlası olan narkomaniyanın insanlara vurduğu maddi və mənəvi zərərlərdən söz açıb. Eləcə də “ağ ölümün” qurbanına çevrilənlərin sağlam həyata qayıtmasının çox çətin olduğunu vurğulayıb.

Şöbə rəisi narkomaniyanın bütün bəşəriyyət üçün təhlükə mənbəyi olduğunu və ona qarşı ölkəmizdə ciddi mübarizənin aparılmasından, qəbul olunan dövlət proqramından danışıb. Bu mübarizədə genişmiqyaslı maarifləndirici tədbirlərin əhəmiyyəti qeyd olunub.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisi, polkovnik-leytenant Elməddin Cəfərov Azərbaycanda dinin dövlətdən ayrı olduğunu və ölkəmizdə yaşayan hər bir şəxsin dini inancına hörmətlə yanaşıldığını, ancaq bu azadlıqlan sui-istifadə edənlərin olduğu barədə məktəblilərə ətraflı məlumat verib. Bildirib ki, həmin qüvvələrin əsas hədəfləri bu mövzularda o qədər də məlumatlı olmayan gənclərdir.

Təhsil müəssisəsinin direktoru Nüsrət Seyidov erkən nikahın fəsadlarından danışıb. Əvvəllər belə hallara daha çox rast gəlindiyini, ancaq indi cəmiyyətin müasirləşdiyini və qanunla nikah yaşının minimum 18 olduğunu diqqətə çatdırıb. Erkən nikahların böyük əksəriyyətinin sonradan boşanma ilə nəticələndiyini vurğulayan N.Seyidov bu baxımdan geniş maarifləndirmə işinin aparılmasının zəruriliyini bildirib.

Sonda narkomaniyanın fəsadlarından bəhs edən videoçarx göstərilib və şagirdləri maraqlandıran suallar cavablandırılıb.