Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-19 23:07:56
Ehtiyat edirəm ki, şagirdlərim  bəzi mövzularda çətinlik çəkəcəklər” –Müəllimlərin imtahan həyəcanı

20 mayda Dövlət İmtahan Mərkəzi 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.

Sabah imtahan verəcək abituriyentlər qədər onların müəllimləri də həyəcanlıdırlar. II və III qrup imtahanlarında müxtəlif fənn müəllimləri və abituriyentlər imtahandakı bəzi sualların çətinliyindən bəhs edirdilər. Bəs sabahki imtahanda şagirdləri iştirak edəcək müəllimlər onlar haqda nə qədər ümidlidirlər?

Qeyd edək ki,  şagirdlər sabah hər iki qrup üzrə Azərbaycan dili, Riyaziyyat, Fizika, Kimya, Biologiya və Xarici dil olmaqla, ümumilikdə 6 fəndən imtahan verəcəklər.

AzEdu.az mövzu ilə bağlı müəllimlərlə əlaqə saxlayıb

Fizika müəllimi Məhərrəm Həsənli: “Savadlı şagirdlərim – 500-600 nəticə gözlədiklərim var. Ümumiyyətlə, şagirdlərin qarşılarına qoyduğu hədəflər müxtəlifdir. Bəziləri yalnız 350-450 bal arası nəticə göstərmək potensialına malikdirlər. Bəziləri isə sadəcə, keçid balını toplamağı məqsəd qoyublar. İnşallah ümidliyəm, məncə yüksək nəticələr olacaq. Çətin mövzulara gəldikdə isə, abituriyentlər ağırlıq qüvvəsi, ümumdünya cazibə qanunu bölməsində çətinlik çəkirlər”.

Riyaziyyat müəllimi Anar Həsənov: “Sabahkı imtahanda yüksək bal gözlədiklərim çoxdur. Hətta, 700 bala namizəd olan bir şagirdim də var. I qrupa hazırlaşır. Sınaqlarda riyaziyyatdan 24-25 düz yazıb. Qeyd edim ki, mənim III qrup üzrə hazırladığım Elvin Kərimov da bu ilki qəbul imtahanında 700 bal toplayıb.

Lakin bu dəfə ikinci qrupun riyaziyyatı çətin oldu. Deyərdim ki, hətta son 5 ilin riyaziyyat fənnindən ən çətin imtahanı oldu.

Şagirdlərin əsasən XI sinif həndəsə dərsliyindən, bir də cəbrdə triqonometriyaya aid suallarda çətinlik çəkəcəyindən ehtiyat edirəm. Əsasən, öyrəşmədikləri sual tipi olduqda abituriyentlərə çətin olur. Onları da qınamaq olmur, 5 fənn oxumaq az deyil”.

İngilis dili müəllimi Jalə Məmmədli: “Abituriyentlər arasında ən yüksək bal toplayan bir şagirdim var- 650-660 bal toplayır. İngilis dilindən 24 düz yazır. İnşallah sabah üçün ümidliyəm ki, sualların hamısını düzgün cavablayacaq. Ciddi hazırlaşmışıq və bütün zəif bildiyi mövzuları möhkəmlətmişik. Sadəcə, fizika fənnindən boşluqları çoxdur.

Uşaqların çətinlik çəkdiyi mövzular məchul növdə olan cümlə növləridir. Amma bu da uşaqların potensialına görə fərqlənir. Bəzən çətin mövzuları cavablayıb, ən asan sual da səhv edən şagirdlərim olur. Başa düşüləndir, çox həyəcanlı olurlar. Həm də asan sual düşən kimi şagirdlər nəsə çətinlik axtarırlar, sualın bu qədər asan olması onlara inandırıcı gəlmir”.