Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-18 17:12:27
Azərbaycan təhsilinin yeni Olimp zirvəsi - Olimpiada hərəkatı -ARAŞDIRMA

Daha bir Respublika fənn olimpiadası başa çatıb. 2018-ci ilin fevralın 4-də start verilən ilk rayon (şəhər) mərhələsinə 33 min şagirdin qatıldığı olimpiadanın nəticələrinə görə, Naxçıvan MR daxil olmaqla 298 nəfər qalib elan edilib. Onlardan 45 nəfər I yerə, 95 nəfər II yerə, 158 nəfər isə III yerə layiq görülüb.

298  medalın 157-si Bakı, 141-i isə digər bölgələrin payına düşüb. Olimpiadanın builki qalibləri Azərbaycanın 50 müxtəlif bölgəsini əhatə edib.

Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumitəhsil müəssisələrinin şagirdləri 13 qızıl, 23 gümüş və 30 bürünc medal qazanıblar. Bakı şəhərində yerləşən məktəblər 10 qızıl,14 gümüş və 28 bürünc olmaqla 52 medala sahib çıxıblar.

Sumqayıt şəhərinin şagirdləri 2 qızıl, 10 gümüş, 10 bürünc olmaqla 22 medal qazanıblar.

Gəncə 2 qızıl, 1 gümüş, 2 bürünc, Şəki 1 qızıl, 3 gümüş, 2 bürünc, Mingəçevir 1 qızıl,1 gümüş, 8 bürünc, Oğuz 1 qızıl, 1 gümüş və 4 bürünc, Neftçala 1 qızıl,1 gümüş, 2 bürünc, Lənkəran 1 qızıl və 4 bürünc, Bərdə 1 qızıl, 1 bürünc, Qazax, Şabran və Zaqatala isə hər biri 1 qızıl medal əldə edib.

Əvvəlki illərdə olduğu kimi, bu il də olimpiada qalibləri qazandıqları nailiyyəti ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında təkrarlayıb. Belə ki, ilk qəbul imtahanının nəticələrinə görə, olimpiada qalibi olan abituriyentlər arasında 700 bal toplayanlar var. Ümumiyyətlə, son bir neçə ilin rəqəmlərinə baxsaq, görərik ki, artan dinamika orta bal göstəricilərində özünü göstərib. Olimpiada qaliblərinin qəbul imtahanlarındakı göstəriciləri 2015-ci ildə orta hesabla 637 bal, 2016-cı ildə 643 bal, 2017-ci ildə isə 657 bal olub. Bu gedişat Təhsil Nazirliyinin diqqətindən yayınmayıb və qurum şagirdlərin olimpiadada iştirakını stimullaşdırmaq üçün təşəbbüslə çıxış edib. Dünya  fənn olimpiadaları qaliblərinin istənilən ixtisas, respublika fənn olimpiadaları qaliblərinin isə qalib olduqları fənn üzrə ali məktəblərə müsabiqədənkənar qəbul olunması üçün qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsini nəzərdə tutan təkliflər hazırlanıb.

Təhsil naziri Ceyhun Bayramov bu barədə verdiyi açıqlamada bildirib ki, qanunvericilikdə nəzərdə tutulan bu dəyişiklikdən sonra beynəlxalq olimpiada qalibləri istənilən ixtisas üzrə, respublika fənn olimpiadaları qalibləri isə qalib olduqları fənlərə uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul edilə biləcəklər. C.Bayramov bildirib ki, təkliflər artıq aidiyyəti qurumlarla razılaşdırma mərhələsindədir. Hazırlanmış təkliflər Milli Məclisə də təqdim olunacaq.

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Təhsil Nazirliyinin bununla bağlı hazırladığı təkliflərə rəhbərlik etdiyi qurumin da müsbət rəy verdiyini açıqlayıb: “Statistikanı araşdırarkən müşahidə etdik ki, respublikada keçirilən fənn olimpiadalarının qalibləri qəbul imtahanlarında yüksək nəticə göstərirlər. Bunu nəzərə alaraq, qanunvericilikdə nəzərdə tutulan dəyişikliklərə müsbət yanaşırıq".

Qeyd edək ki, bu il ali məktəblərə müsabiqədənkənar qəbul prosesi hazırki qanunvericiliyə uyğun olaraq həyata keçiriləcək.Belə ki, "Təhsil haqqında” qanuna əsasən, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. 

Xatırladaq ki, Azərbaycan məktəbliləri 1994-cü ildən beynəlxalq olimpiadalarda 314 medal qazanıb. Son 5 il ərzində isə məktəblilər 3 qızıl, 21 gümüş və 85 bürünc medal olmaqla, ümumilikdə 109 medal qazanıblar. Bu da müstəqillik dövründə qazanılmış bütün medalların təxminən 35 faizini təşkil edir.