Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-19 10:13:00
Ermənini mat edən Günay: “Dünya miqyasında mənim kimi  çox az xanım var ki...”

Ötən günlər  Gürcüstanın Batumi şəhərində şahmat üzrə Avropa çempionatı keçirilib. Son turda Ermənistan yığması ilə mübarizə aparan şahmatçımız Günay Məmmədzadə Lilit Mkrtçyanı məğlub edib. 

Görüş Azərbaycan millisinin 2.5:1.5 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da  Azərbaycanın qadınlardan ibarət yığması 27 ildən sonra yenidən qitə çempionatında üçüncü yerə layiq görülüb.

AzEdu.az “Təhsil’’ Respublika İdman Mərkəzinin 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi Günay Məmmədzadə ilə kiçik müsahibəni təqdim edir:

-14 ildir ki, şahmatla məşğul oluram. İndi 19 yaşım  var. Şahmata 5 yaşımdan başlamışam. Bu maraq mənə ailədən keçib. Ailə üzvlərim şahmatı çox seviblər: babam, nənəm şahmat həvəskarı idilər. Onların  şahmatçılarla görüşlərində mən də iştirakçı olmuşam. Bundan sonra valideynlərim marağımı nəzərə alaraq məni şahmat məktəbinə yazdırdılar.

O qeyd edib ki, məktəb illərində şahmata bağlılığı onu  başqa məşğuliyyətlərdən uzaqlaşdıra bilməyib:

-Əlbəttə ki, bacardığım qədər digər fənlərlə də məşğul olmuşam. Amma şahmat məni bir az hər şeydən uzaq salıb.  Təbii ki, bu seçim mənə hər şeydən uzaqlaşmağa bəraət qazandırmır. Şahmatdan əlavə xarici dil öyrənməyi və ədəbiyyatı çox sevirəm. Onlara da çox önəm verirəm. Hazırda məktəbi bitirmişəm. Şahmat məktəbinə də getmirəm, özəl dərsləri evdə alıram.

Günay xanım gələcək hədəflərindən də bəhs edib:

Hələlik, mənim üçün hər şeydən önəmli olan şahmatdır. Amma psixologiyaya da marağım var. Gələcəkdə hər hansı bir peşəyə yiyələnməyi planlaşdırsam, bunun  psixologiya olmasını istəyərəm. 

Günay xanımın  indiyə qədər qazandığı uğurlara gəlincə:

“İdmanda qayda belədir ki, 18 yaşa qədər müəyyən yaş qrupları ilə yarışlara qatılırıq.  Hətta 20 yaş qrupu da var. Amma bu o qədər əhəmiyyətli deyil. Əsas hansı yarışda qalib olmaqdır.  Mən yaş qrupları üzrə iki dəfə 2009 və 2012-ci illərdə ikiqat Dünya, 2008-2013-cü illərdə isə ikiqat Avropa çempionu olmuşam.   Eyni zamanda ölkədaxili şahmat yarışlarında da iki dəfə qalib olmuşam.  Beylənxalq qrosmeyster, qadınlardan ibarət Azərbaycan yığmasının üzvüyəm. Mən yaşda dünyada şahmatla məşğul olan çox az qadın  var. Şahmatda hər kəsi özümə rəqib hesab edirəm. Mənim üçün ideal insan yoxdur və hər kəsdən yeni bir şey öyrənməyə çalışıram.

Şahmatçımız erməniyə qalib gəlməsi barəsində danışarkən maraqlı məqamlara toxunub:

“Biz hər zaman idmanda ermənilərlə qarşılaşırıq. Müxtəlif idman növlərində onlarla rəqib olaraq oyun nümayiş etdirik. Onlarla oyun bizim üçün daha prisnipialdır. Çünki oyunun gedişindən əlavə nəticə də böyük əhəmiyyət kəsb edir. Ona görə də daha dəqiq, daha məsuliyyətli oluruq.  Bu baxımdan sırf məntiqlə, bütün hisslərdən uzaqlaşaraq oyuna fokuslanıram.

Günayın hobbiləri

“Ən böyük hobbim bədii ədəbiyyat, xüsusilə dünya ədəbiyyatı oxumaqdır.  Bundan başqa fransız, rus, ingilis və ərəb dillərini öyrənmişəm. Fransız, rus, ingilis dillərində artıq sərbəst şəkildə danışıram.  Ərəbcəni isə hələ ki,inkişaf etdirməyə çalışıram. At sürmək də ən sevimli hobillərimdəndir. Yaxşı at sürməyi bacarıram. Qaçışla da məşğul oluram.

Son olaraq....

“Əslində, ətrafimdakı heç kimi şahmata yönəltməmişəm.  Sadəcə, mənim uğurlarımdan ilhamlanaraq  sinif yoldaşlarımdan bəziləri  şahmata  yazıldılar. Lakin onlara uyğun olmadığını düşünərək davam etmədilər. Əvvəllər ətrafımdakı insanların yarısı uğurlarıma doğurdan sevinir, bəziləri də buna bir az qısqanclıq göstərirdilər.  Amma indi buna o qədər əhəmiyyət vermirəm. Məni sevən insanlar var, mənə onlar  önəmlidir. 

Ayşə Müseyib