Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-22 14:36:00
“Texnologiya dərsliyi dil-üslub baxımdan bərbad haldadır” – Müəllimdən etiraz  

Orta məktəb dərsliklərindəki qüsurlar, onların qəliz dildə yazılması, çətin terminologiyası zaman-zaman müzakirə olunsa da, məsələ həllini tapmır.

Bu il məktəblilərin istifadəsinə verilən  IV sinif texnologiya dərsliyi də dil-üslub qəlizliyinə  görə müəllimlərin narazılığına səbəb olub.

Mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında fənn müəllimi Lalə Nəsibova  bildirib ki,   məhz bu problemə görə fənnin tədrisində  çətinlik çəkir. Şagirdlərə əvvəlcə sözləri düzgün tələffüz etməyi, yadda saxlamağı öyrətməyə çalışırlar:

“Dördüncü sinif  texnologiya dərsliyi dil-üslub baxımdan bərbad haldadır. Raket texnikası, reaktiv hərəkət  və s.  adlı mövzular salınıb və  terminlərlə yüklənib. Bu ifadələri şagirdlər nəinki qavramaqda, deməkdə çətinlik çəkirlər. Bu kimi mövzular  adətən VII-VIII  siniflərdə  fizika dərsində tədris olunurdu”.

O qeyd edib ki, təlim materialları çətin olduğu üçün  bir mövzunu 45 dəqiqəlik dərs saatında   şagirdlərə mənimsətmək olmur:

“I,II, III sinif dərslikləri nisbətən rahatdır. Kurikulum metodlarından istifadə edərək əyləncəli şəkildə tədris edə bilirik. Amma dördüncü sinifdə mövzu həm genişdir, həm də dil çətinliyi var.  Ona görə proqramdan geri qalsaq da, bir mövzunu hissə-hissə iki dərs saatında keçməyə məcbur oluram”.

Fənn müəllimi onu da bildirib ki, yuxarı siniflərdə belə problemlər yoxdur:

“Yuxarı siniflərdə daha çox laboratoriya işləridir. Bacardığımız qədər laboratoriya işlərinə üstünlük veririk. Məktəbimizdə  laboratoriya  olmasa belə imkan daxilində lazımı avadanlıqları evdən gətiririk. Praktik işlər çox olduğuna görə şagirdlər bu fənnə maraq göstərirlər. Dil- üslub baxımdan yuxarı sinif dərslikləri rahatdır”.

Ayşə Müseyib