Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-21 10:15:37
Şagird çatışmazlığı üzündən bağlanan məktəblərdə müəllimlərin sonrakı taleyi necə olur?-Cavab  

Bəzi ərazilərdə əhali sayı az olduğuna görə məktəblərdə şagird çatışmazlığı yaranır. Bu da məktəblərin fəaliyyətinə mənfi təsir edir. Belə olan təqdirdə yaxınlıqda olan məktəblər birləşdirilir.

Bəs şagird çatışmazlığı ilə əlaqədar bağlanan məktəblərdə müəllimlərin sonrakı taleyi necə olur?

Kəlbəcər rayon 23 saylı tam orta məktəbin direktoru Həqiqət Şükürova  mövzu  ilə bağlı  AzEdu.az-a açıqlamasında bildirib ki,  son illərdə özü belə bir hadisənin şahidi olub.

“Badamdar qəsəbəsində yerləşən Kəlbəcər məktəbi vardı.  Həmin məktəb şagird çatışmazlığına görə bağlandı. Şagird və müəllim kollektivi isə yaxınlıqda yerləşən digər məktəblərə köçürüldü.  Bizim məktəbə də həmin müəssisədən iki-üç müəllim gəlmişdi “.

O qeyd edib ki, birləşdirilən və ya müəyyən səbəblərə görə bağlanan məktəb müəllimlərinin yeni iş yerlərindəki dərs yükündə azalmalar  olur:

“Təbii ki, müəllimlərin dərs saatları əvvəlki kimi  olmur.  Ən azı, 8-12 saat dərs yükü  ilə də olsa, müəllim təmin olunur. Müəllimlərin heç biri işsiz qalmır.  Bu məsələyə Təhsil Nazirliyi diqqət göstərir”

Kitabxanaçı, metodist, psixoloq və  s. kimi texniki işçilərin digər məktəblərə yerləşdirilməsi məsələsinə toxunan direktor bildirib ki, pedaqoji işçilərdən fərqli olaraq onlar öz müraciətləri ilə başqa məktəblərdə vakant yerlərə göndərilir.

Ayşə Müseyib