Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-16 16:32:00
Xüsusi istedadlı uşaqların məktəbə vaxtından əvvəl qəbulu üçün nə etməli?  

Şagirdlərin məktəbə qəbulunun elektron sistem vasitəsilə aparılması bir sıra problemlərin ardıcıl, sistematik şəkildə həllinə səbəb olub.

Qaydalara görə, 6 yaşı təqvim ili ərzində tamam olan bütün azyaşlılar məktəbə qəbul edilirlər. Amma valideynləri maraqlandıran məqamlardan biri də xüsusi istedada sahib uşaqların seçilərək vaxtından əvvəl məktəbə qəbul edilməsi ilə bağlıdır.

AzEdu.az xəbər verir ki, Azərbaycanda bütün uşaqlar orta ümumtəhsil müəssisəsinə bir qayda olaraq 6 yaşından qəbul edilirlər. Amma məcburi xarakter daşımasa da, təqvim ili ərzində 5 yaşı tamam olan azyaşlının məktəbəhazırlıq təhsili almaq hüququ var.

Amma orta məktəbi vaxtından əvvəl başa vurmaq üçün də müəyyən üsullar nəzərdə tutulub.

Ümumi təhsil səviyyələrini vaxtından əvvəl bitirmə ibtidai təhsildə III, ümumi orta təhsildə VIII, tam orta təhsildə isə X  sinif şagirdlərinə şamil edilir. Şagirdin hər hansı təhsil səviyyəsini vaxtından əvvəl bitirməsinə əsas verən keyfiyyətlər isə aşağıdakılardır:

-Fiziki sağlamlıq və psixoloji dayanıqlılıq;

-Qeyri-standart düşünmə;

-Tədris materiallarını asan və şüurlu mənimsəmə;

-Yaş səviyyəsinə uyğun İKT bacarıqlarına yiyələnmə;

-Xarici dili sərbəst öyrənmə;

-Aydın, rabitəli itq və çevik təfəkkür.

Orta məktəbi vaxtından əvvəl bitirmək istəyən şagird barədə hər il noyabrdan gec olmayaraq, müəllim və məktəb psixoloqu direktora əsaslandırılmış birgə təqdimat ünvanlamalıdırlar. Dah sonra məsələ valideynin də iştirakı ilə Pedaqoji Şurada müzakirə olunub, müvafiq qərar qəbul edilməlidir. Yerli təhsili idarəetmə orqanı həmin təqdimatla əlaqədar komissiya təşkil edir. Komissiyanın rəyi müsbət olduqda məktub Təhsil Nazirliyinə göndərilir.

Təhsil Nazirliyinin yekun rəyi əsasında şagirdin ikinci yarımildən növbəti sinifdə təhsilini davam etdirməsinə razılıq verilməsi barədə məktəb rəhbərliyi yazılı məlumatlandırılır. Məsələ məktəb direktorunun əmri ilə rəsmiləşdirilir.

Qeyd edək ki, ümumi orta və tam orta təhsil səviyyələrini vaxtından əvvəl bitirən şagirdlərin VIII, X sinif üzrə illik qiymətləri isə onların I yarımildə aldıqları qiymətlər hesab olunur.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları