XƏBƏRLƏR

20.09.2019 12:10
Əksər tələbələrin xəbərsiz olduqları qanun: İşləyərək oxuyanlara neçə gün məzuniyyət verilməlidir?

Azərbaycanda işləyən əksər insanlar sonradan təhsillərini davam etdirməyi qərara alır, işləyərək oxumaq hüquqlarından istifad edirlər. İki fəaliyyətin bir arada saxlanması zamanı ortaya çıxan çətinliklər isə istisna deyil. Buna görə də qanunvericilikdə nəzərdə tutulan təhsil məzuniyyətləri çoxlarına maraqlıdır.

Bəs, təhsil məzuniyyəti kimlərə verilir? Ümumiyyətlə, bu məzuniyyətin müddəti nə qədərdir?

AzEdu.az xəbər verir ki, bu barədə məlumatlar Məzuniyyət haqqında qanunun 25-ci maddəsində qeyd edilib. Həmin maddəyə əsasən, təhsil alan işçilərə istehsalatdan ayrılmadan ödənişli məzuniyyətlər verilir. Bu məzuniyyətlər laboratoriya işlərinin yerinə yetirilməsi, yoxlama və imtahanların verilməsi; dövlət imtahanları verilməsi; diplom işinin hazırlanması və müdafiəsi üçün nəzərdə tutulub.

Ali məktəblərin axşam şöbələrində oxuyan tələbələrə laboratoriya işlərini yerinə yetirdikləri, imtahan verdikləri dövrdə hər il I və II  kurslarda 20, III və daha yuxarı kurslarda isə 30 gün müddətində məzuniyyət verilir.

Orta ixtisas təhsili müəssisələrinin axşam şöbələrində oxuyan şagirdlərə laboratoriya işlərini yerinə yetirdikləri,  imtahan verdikləri dövrdə hər I və II kurslarda 10, III və daha yuxarı kurslarda isə 20 gün məzuniyyət verilir.

Ali və orta ixtisas məktəblərinin qiyabi şöbələrində oxuyanlara laboratoriya işlərini yerinə yetirdikləri, imtahan verdikləri dövrdə I və II kurslarda 30, III və daha yuxarı kurslarda 40 gün məzuniyyət verilir. Onlar üçün dövlət imtahanları müddətində də 30 gün məzuniyyət nəzərdə tutulub.

Diplom işinin hazırlanması və müdafiəsi üçün ali məktəblərin axşam və qiyabi şöbələrində oxuyanlara 4, orta təhsili müəssisələrinə isə 2 ay məzuniyyət verilir.

Orta məktəblərin nəzdindəki axşam siniflərində və qiyabi qruplarında təhsil alan işçilərə XI sinif buraxılış imtahanları üçün 20, IX sinifdə isə 8 gün məzuniyyət verilir.

Magistraturaya, doktoranturaya qəbul imtahanı verən işçilər üçün 31 günlük ödənişli məzuniyyət nəzərdə tutulub.

İstehsalatdan ayrılmadan magistraturada, doktoranturada təhsil alanlar hər il 31 günü müddətində ödənişli məzuniyyət ala bilərlər.

Peşə məktəblərində işləyərək oxuyan işçilərə imtahanları vermək üçün tədris ilində 30 günlük məzuniyyət verilir.

Qeyd edək ki, bu məzuniyyətlər mülkiyyət formasından, təşkilati-hüquqi tabeliyindən asılı olmayaraq, bütün müəssisələrdə işverənlərlə əmək münasibətlərində olaraq çalışan  işçilərə aiddir. Məzuniyyətlərdən həmin müəssisə və təşkilatın nəzərdə tutduğu dövrlərdə, təhsil müəssisəsinin verdiyi arayış əsasında istifadə oluna bilər.

Lamiyə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu