Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-19 12:35:00
İbtidai sinif şagirdi hansı halda sinifdə saxlanıla bilər? – Cavab  

Sentyabrın 17-dən dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti rayonlardan olan namizədlər üçün müsahibə mərhələsinə başlanılıb.

Bu mərhələdə Sabirabad, Masallı, Qobustan, Göyçay, Şəki və İsmayıllı rayonları üzrə direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində müvafiq keçid balını toplamış 85 namizədin iştirakı nəzərdə tutulub.

AzEdu.az növbəti günlərdə müsahibədə iştirak edəcək namizədlər üçün müsahibədə veriləcək suallar və cavabları təqdim edir:

Sual:

-İbtidai sinif şagirdi hansı halda sinifdə saxlanıla bilər?

AzEdu.az məlumat verir ki, ibtidai təhsil səviyyəsində tədris proqramlarının yerinə yetirilməməsinə görə, şagirdlərin təkrar sinifdə saxlanmasına yol verilmir. Həmin şagirdlər psixoloji-tibbi- pedaqoji komissiyanın qərarı əsasında digər təhsil proqramları ilə təhsilə cəlb olunurlar.

İbtidai sinif şagirdlərinin təkrar sinifdə saxlanması üçün yeganə əsas uzunmüddətli xəstəlik, yaxud məktəbdən yayınma hesab edilir.

Özlərindən asılı olmayan səbəblərdən xarici dil, təsviri incəsənət, musiqi və nəğmə, informatika fənlərindən, sağlamlıq vəziyyətinə görə əmək hazırlığı, fiziki tərbiyə, rəsmxət, gənclərin çağırışaqədərki hazırlığı fənlərindən şagirdlərin biliyinin qiymətləndirilməməsi onların yuxarı sinfə keçirilməsinə təsir etmir.

Qeyd edək ki, cari ilin 13-19 iyul tarixlərində dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə elektron sənəd qəbulu həyata keçirilib. 3 403 namizəd elektron qeydiyyatdan keçib, onlardan 2 273-nün elektron ərizəsi təsdiqlənib. Avqustun 2-də keçirilmiş direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində 1 643 nəfər iştirak edib.

21-23 avqust tarixlərində Ağdam, Ağdaş, Gədəbəy, Goranboy, Laçın və Lerik rayonları üzrə, 28-30 avqust tarixlərində Cəlilabad, Quba, Şamaxı, Lənkəran və İmişli rayonları üzrə direktorların işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi keçirilib. Növbəti rayonlar üzrə müsahibələr isə sentyabrın 21-dək davam edəcək.

Müsahibə nəticələri və növbəti müsahibələrin keçiriləcəyi tarixlər barədə namizədlərə məlumat veriləcək.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları