Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-14 14:01:00
Aqrokimyəvi laboratoriya fermerlərin yüksək səviyyədə xidmətlərlə təmin olunmasına şərait yaradacaq

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə Neftçala Rayon İcra Hakimiyyəti arasında 2017-ci ildə bağlanmış niyyət protokoluna uyğun olaraq, qarşılıqlı əməkdaşlıq şəraitində aparılan elmi-tədqiqat işləri ölkəmizdə pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramının, Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsinin müvafiq bəndlərinin icrası üzrə aqrar sahədə yeni texnologiyalara əsaslanan elmi tədqiqat işlərinin və onların tətbiqi sisteminin təkmilləşdirilməsində böyük əhəmiyyətə malikdir. Lakin rayonda elmi strukturların, o cümlədən müvafiq laboratoriyanın maddi-texniki bazasının həddindən artıq zəif olması aparılan elmi-tədqiqat işlərinin səmərəliliyini aşağı salmaqla yanaşı, maddi resursların məsrəfinə də səbəb olur. Ona görə də regionda standartlara uyğun aqrokimya laboratoriyasının qurulması, onun müasir avadanlıqlarla təchiz edilməsi üçün mühüm tədbirlərin görülməsi daha məqsədəuyğundur. Bu, həm də rayonda fəaliyyət göstərən fermerlərin yüksək səviyyədə və operativ şəkildə aqrokimyəvi xidmətlərlə təmin olunmasına şərait yaradacaq.

Bunu AZƏRTAC-a müsahibəsində institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev deyib.

İnstitutun direktoru bildirib ki, rayonda yerləşən mövcud laboratoriyanın bazasında müasir inkişaf texnologiyasına uyğun maddi-texniki təminat yaradılarsa, torpaq tədqiqatlarının, aqrokimyəvi analizlərin aparılması üçün vahid elmi metodologiyanın, eləcə də təcrübəli kadr potensialının formalaşdırılması, gənc kadrların hazırlanması, elmi təcrübələrin yayılması, məsləhətlərin verilməsi, yerli sınaqların aparılması sahəsində irəliləyiş əldə oluna bilər. Xüsusilə Azərbaycanda 70 illik torpaq tədqiqatı təcrübəsi olan bir institutun əməkdaşlarının müasir texnologiyalar əsasında elm-təcrübə və istehsalat konsepsiyası altında iş aparmağı ölkə rəhbərinin çağırışına birbaşa dəstək deməkdir. Buna görə Torpaqşünaslıq və Aqrokimya İnstitutu Neftçalada müştərək aqrokimyəvi laboratoriya, gübrə sınaq və təlim-tədris mərkəzi (aqrar bölmə üzrə) yaratmaqda israrlıdır və bunun cənub bölgəsi üçün çox əhəmiyyətli olduğunu bir daha təsdiq edir.