Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-13 16:00:00
“Uşaqları məktəbə cəlb etmək üçün direktorla bərabər şagirdlərin evinə  gedirdik” –“Maksimum” müəllimlər  

AzEdu.az davamlı olaraq, müəllimlərin işə qəbulu üzrə müsabiqəsində yüksək nəticə göstərən gənc müəllimləri elə onların öz dili ilə oxuculara təqdim edir:

Xəyalə Əhmədova: Azərbaycan dili və ədəbiyyat müəllimidir. 2019-cu ildə keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqəsində iştirak edərək, 59 bal  toplayıb. Müsabiqənin vakansiya seçimi və müsahibə mərhələsindən də uğurla keçərək, Bakı şəhər 328 nömrəli tam orta məktəbə işə qəbul olunub.

Hesab edir ki, texnologiyanın imkanlarından istifadə edərək, şagirdin marağını öyrəniləcək mövzuya yönəltmək olar.

 “Müəllim savadlı olarsa, şagirdi də ona bənzəyəcək”.

“Müəllimlik canlı prosesdir: təlim nəticələrinin uğurlu olması tədrisin necə qurulmasından asılıdır. Artıq neçə illərdir ki, respublikada müəllimlərin işə qəbulu müsabiqə nəticəsində baş tutur. Nəticədə, məktəblərimizə gənc və bacarıqlı kadrlar cəlb olunur. Çünki gənc kadrlar yüksək nəticə əldə etməyə həvəsli olduqları üçün imtahana ciddi hazırlaşırlar.

Mən müəllimlərin işə qəbulu müsabiqəsində üçüncü dəfə idi ki, iştirak edirdim. 2014-cü ildə Ağdam rayonu 22 nömrəli kənd tam orta məktəbinə qəbul olundum. Təəssüf ki, 2017-ci ildə imtahanda istədiyim nəticəni əldə etmədim. Lakin nəhayət bu il istəyimə nail olaraq 59 bal topladım.

“Uşaqları məktəbə cəlb etmək üçün direktorla bərabər şagirdlərin evinə  gedirdik”

Şəhərlə rayon məktəbləri, xüsusilə kənd məktəbləri arasında çox fərq var.Əvvəl işlədiyim Ağdam məktəbində  həm texniki , həm də şagirdləri təhsilə cəlb etmək baxımından  çətinliklərlə qarşılaşırdıq.

Rayondan uzaq məsafədə yerləşən balaca bir məktəb idi: sinifdə 5-6 şagird oxuyurdu. Ola bilsin ki, valideynlər də yaşayışla bağlı müəyyən çətinliklərə görə, uşaqlarının təhsilinin qayğısına qalmırdılar. Biz uşaqları təhsilə cəlb etmək üçün çalışırdıq. İndi işə qəbul olunduğum  Bakı şəhər 328 nömrəli tam orta məktəbin kollektivinin çoxu gənc kadrlardan ibarətdir.  Kollektiv məni çox mehriban qarşıladı. Hələki cəmi iki-üç dəfə getdiyimə baxmayaraq, kollektivi, məktəbi çox sevdim. Qeyd edim ki, sinif otaqları da hər cür lazımlı ləvazimatlarla təchiz olunub.

“Müəllim bir şama bənzər: özünü əridərək başqalarına işıq verər” (M.K. Atatürk)

“Hər bir müəllim şagirdlərin yaş və bilik səviyyəsinin xüsusiyyətlərini nəzərə alaraq onlarda mütaliəyə həvəs yarada bilər”

-Mütaliə bacarığı şagirdlərin fikrini tam çatdırmasına kömək edir. Şagird istər dil, istərsə də ədəbiyyat dərslərində öz fikrini əsaslandırmaqda çətinlik çəkirlər. Bununla bağlı dərsliklərin, yeni texnologiyaların imkanlarından maksimum faydalanmaq lazımdır.

Yeni tipli ədəbiyyat dərsliklərinə sinifdənxaric oxu üçün tövsiyə olunan materiallar daxil edilib. Müəllimlik fəaliyyətimdə çalışacam ki, onlardan istifadə etməklə şagirdləri Azərbaycan və dünya ədəbiyyatının dəyərli nümunələri ilə tanış edim. Onsuz da, şəhər məktəblərində kifayət qədər yaxşı şərait var. Smart lövhələrdən istifadə etməklə şagirdin marağını öyrəniləcək mövzuya yönəltmək olar. Məsələn, “Kitabi Dədə Qorqud”, “Koroğlu” dastanını tədris edərkən şagirdləri əvvəlcə həmin dastanlar əsasında səhnələşdirilmiş filmlərdən fraqmentlərlə tanış etmək faydalı olar.

“Sevindirici haldır ki, əvvəllər Bakı məktəblərində işləmək bizim üçün xəyal idisə, bu gün artıq realdır. Düzdür, çətindir, amma əsas odur ki, mümkünsüz deyil”.

Famil Ağayev: Riyaziyyat müəllimidir. 2019-cu ildə keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək, 59 bal toplayıb. Müsabiqənin vakansiya seçimi və müsahibə mərhələsindən də uğurla keçərək, Bakı şəhər 261 nömrəli tam orta məktəbə işə qəbul olunub:

“Bu müsabiqə təhsilin keyfiyyətinə müsbət təsir göstərir. Lakin bəzi hallarda rayon məktəblərində ziddiyətlər ortaya çıxır: gənc kadrların çoxu fikirləşirlər ki, növbəti il şəhər məktəblərinə yerdəyişmə etsinlər. Belə hallar məktəb mühiti üçün yaxşı hal deyil. Şagirdin hər il fərqli müəllimdən dərs alması təhsilin keyfiyyətinə mənfi təsir göstərə bilər.

 “Əlavə informasiyalar fənnin qavranılmasına birbaşa təsir göstərir”

“Şagirdlərin beyni 7-8-ci siniflərdən sonra lazımsız informasiyalarla dolu olur. Bir növ, beyində yeni informasiyanı qəbul edəcək yer qalmır. Şagirdin beyninin yorulması problemli haldır. Şagirdləri araşdırmaya sövq edərək,onların lazımsız informasiyalara ayırdıqları vaxtı əllərindən alaraq, riyaziyyata xərcləməyə vadar edirəm. Daha çox çalışmalar, yaxud  məntiqi tapşırıqlar verirəm ki, onlar problemi necə həll etmək lazım olduğunu öyrənsinlər, buna vaxt sərf etsinlər.Beləcə, zamanla bu, həm də vərdişə çevrilir. Şagird başlanğıcda 3-4 saata etdiyi işi, artıq bir neçə aydan sonra çox az vaxt sərf etməklə görə bilir.

Ayşə Müseyib