XƏBƏRLƏR

12.09.2019 15:02
Məktəbli ləvazimatlarının ceyran belinə qalxma səbəbləri – Ekspert faktları sadalayır  

Yeni tədris ilinin başlanmasına sayılı günlərin qalması məktəb ləvazimatlarının qiyməti məsələsini gündəmə gətirib. Media və sosial şəbəkələrdə qiymət artımından bəhs edilməsi bir sıra sualları ortaya çıxarıb:

Məktəb ləvazimatlarının qiymətinin aşağı düşməsinə mane olan səbəblər nələrdir? Ümumiyyətlə, qiymət düşümü dövlət büdcəsinə nə qədər ziyan vura bilər?

Mövzu ilə bağlı AzEdu.az-a danışan iqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, ləvazimatlardakı qiymət düşümü dövlət büdcəsi üçün heç bir təhlükə daşımaz. İstehsalçılar özəl sektor olduqlarına görə, bunun dövlət büdcəsi ilə heç bir əlaqəsi yoxdur. Amma satış çox olanda büdcəyə də əlavə gələ bilər. Bununla yanaşı, qiymət düşümünü reallaşdıra biləcək bir sıra üsullar mövcuddur:

“Qiymətlərin aşağı düşməsinin ən real yolu rəqabətli mühitin artırılması, bazar istehsalçılarının çox olmasıdır. Ölkəmizdəki əsas problem odur ki, geyimdən tutmuş, dəftərə qədər əksər məktəb ləvazimatları xaricdən gətirilir. Xaricdəki qiymət oynamaları isə valyuta ilə olduğuna görə, ölkə daxilinə də təsir göstərir.

Bu vəziyyətdə dövlətin görə biləcəyi iş yerli istehsalın artırılması və təşviq olunması üçün müxtəlif proqramların həyata keçirilməsidir. Yerli istehsal artsa, qiymətlərdə bəlli bir tənzimlənmə mexanizmi yaranacaq. Hazırda dövlətin qiymətlərə müdaxilə etmək imkanı yoxdur. O, yalnız rəqabətli mühiti artıra, təşviq siyasəti həyata keçirə bilər. Gömrük rüsumlarında  güzəştə getməklə də qiymətlərin aşağı salınması mümkündür. Ümumilikdə isə dövlət bu sahədə təyinedici deyil”.

“Gömrük rüsumlarında müəyyən güzəştlər etməklə işə başlaya bilərlər”

Natiq Cəfərli ölkəmiz üçün müxtəlif kampaniya təklifləri ilə çıxış edərkən əcnəbi təcrübəyə əsaslanıb. Onun sözlərinə görə, əcnəbi ölkələrdə bu sahədə qiymət tənzimlənməsi üçün müxtəlif sistemlər mövcuddur:

“Bəzi ölkələrdə bu istiqamətdə müəyyən sosial layihələr həyata keçirilir. Məktəb mövsümü başlanmamış müxtəlif fondlar aztəminatlı ailələrin məktəb hazırlığı ilə bağlı kampaniyalara başlayırlar. Bu, cəmiyyətdə məsuliyyət hissi yaradır. Başa düşürlər ki, yoxsul ailələrə kömək edə bilərlər.

Amma bizdə bu təcrübəyə az rast gəlinir. Yardımlar yalnız dövlətin himayəsində olan müəssisələrə edilir. Özəl biznesin bu sahədə iştirakı çox zəifdir. Dünya təcrübəsi göstərir ki, dövlət və özəl sektorun birgə fəaliyyəti ilə imicin yaxşılaşdırılması, sosial məsuliyyətin artırılması, həm də aztəminatlı ailələrə yardım göstərilməsi üçün kifayət qədər uğurlu mexanizmlər qurmaq olar. Təəssüf, Azərbaycanda hələ belə  bir mexanizmlər yoxdur.

Bəzi ölkələrdə isə birbaşa dövlət yardımları edilir. Azərbaycanda məktəbli ləvazimatları - kitabların dövlət hesabına verilməsi nəzərdə tutulsa da, bəzən bu, sonadək normal şəkildə həyata keçirilmir. Nəticədə valideynlərin üzərinə əlavə yük düşür, bəzən kitabların alınmasına da pul xərcləməli olurlar.

Bu məsələlər həll edilsə, ölkəmizdə də kifayət qədər uğurlu model qurmaq mümkündür. Sadəcə dövlət orqanlarının və biznesin birgə məsuliyyəti yaranmalıdır. Amma bunun üçün öncə gömrük rüsumlarında müəyyən güzəştlər etməklə işə başlaya bilərlər”.

-Bəs, ölkəmizdəki özəl sektor niyə bu tip kampaniyalarda iştirak etməkdə maraqlı deyil?

“Bazarda satış var, şirkətlər müsbət imic və reklama ehtiyac duymurlarsa, niyə bu işi görsünlər?”

Natiq bəy düşünür ki, dünyanın  hər yerində özəl sektor məhz rəqiblərini qabaqlamaq üçün belə kompaniyalarda yaxından iştirak edir. Bu, həm də reklam xarakterlidir və normaldır:

“Müstəqil şirkətlərin  müsbət imici onların gəlirliyinə təsir göstərən bir amildir. Azərbaycanda ciddi rəqabətli mühit olmadığına görə, şirkətlər də rəqiblərini qabaqlamaqda maraqlı deyillər. Məsələn, yeni tədris ilinin başlanmasına az qalsa da, bugünəcən nə radio, nə televiziyalarda bununla bağlı reklam çarxları izləyə bilirik. Çünki istehsalçı sayı məhduddur. Cəmi bir neçə şirkətin ölkəyə gətirdiyi məhsullar var. Onlar isə onsuz da bazarda satılır. Düşünün, bazarda satış var, şirkətlər müsbət imic və reklama ehtiyac duymurlarsa, niyə bu işi görsünlər? Göründüyü kimi, rəqabətli mühitlə bağlı problem bütöv bir sistemin çalışmamasına səbəb olur”.

“Bu da ucuzlaşmaya səbəb olacaq əsas amillərdən birinə çevrilə bilər”

O, qiymət tənzimlənməsi üçün onlayn versiyalara əl atmaqda da fayda olduğunu bildirib:

“Bu siyasət Türkiyədə də kifayət qədər uğurla həyata keçirilir. Məktəbli ləvazimatlarına qənaət etmək üçün digital sistemə keçirlər. Yəni, şagirdlərə planşetlər paylanır, kitab – dəftərlər oraya yüklənir. Beləliklə, hər şey rəqəmsal hala gətirilir. Kifayət qədər addımlar atılsa,  bu da ucuzlaşmaya səbəb olacaq əsas amillərdən birinə çevrilə bilər”.

Lamiyə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu