XƏBƏRLƏR

10.08.2019 17:16
Qəbul imtahanlarının Respublika birinciləri bu universitet və ixtisasları seçdilər –AzEdu-ya özəl açıqlamalar

“İstədiyim universiteti seçə bilərdim”

AzEdu.az olaraq 4 ixtisas qrupu üzrə ölkə birincisi olan abituriyentlərlə əlaqə saxlayıb, təhsillərini hansı ali məktəbdə davam etdirəcəklərini öyrəndik:

Sərxan Həsənov  III qrup üzrə respublika birincisi olduğu üçün ixtisas seçimi zamanı seçdiyi tək universitetə də qəbul olub:

“692.5 balla III ixtisas qrupu üzrə respublika birincisi olduğumdan istədiyim universiteti seçə bilərdim. Elə buna görə də ixtisas seçimində yalnız ADA universitetinin  hüquqşünaslıq ixtisasını yazdım. Sonda istədiyim kimi ADA universitetinin hüquqşünaslıq fakültəsinə qəbul oldum”.

IV qrup üzrə respublika birincisi Təhmin  Muradov nəticəsinə əmin olsa da, cavabların gec çıxması onu biraz həyəcanlandırıb:

“Yüksək nəticə göstərdiyim üçün ixtisas seçimində  də  yalnız bir yer yazdım. Qəbul olduğumu bilsəm də nəticələr gec açıqlandığı üçün açığı, bir az həyəcanlanmışdım. Azərbaycan Tibb Universitetinin müalicə işi ixtisasına qəbul olduğum üçün çox sevincliyəm. 

Bakalavrı Azərbaycanda oxusam da rezidenturanı xaricdə davam etdirmək istəyirəm. Təhsilimi bitirdikdən sonra yenidən ölkəyə qayıdacam”.

Əsmər Hacızadə ixtisas seçimində bir yox, 4 ixtisasın adını yazıb:

“Bakı Ali Neft Məktəbinin  4 ixtisas: informasiya təhlükəsizliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi, neft-qaz mühəndisliyi və kimya mühəndisliyi ixtisaslarını seçmişdim. Sonda il seçdiyim ixtisasa qəbul oldum. Nəticəmə çox sevinsəm də açığı, elə təəccüblənmədim.

Bakalavr Azərbaycanda oxusam da, magistraturanı Amerika, ya da Avropa ölkələrindən birində davam etdirmək istəyirəm”.

Toğrul Hacızadə isə  digər respublika birincilərindən fərqli olaraq, bakalavr təhsilini qardaş Türkiyədə alacaq:

“Düzü, ən yüksək nəticə göstərəcəyimi gözləmirdim.  Appelyasiya Komissiyasında  balımı artırdıqdan sonra nəticəm qalxdı. Yalnız yaz imtahanında iştirak etmişəm.

Ortadoğu  Teknik Üniversitesinə iqtisadiyyat üzrə bakalavr təhsili alacağam. Bu seçimim gələcəkdə, magistraturanı Amerika, ya da Avropa ölkələrində oxumağım üçün açar rolu oynayacaq”.  

 QEYD: Bu yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirilən “Yeni sistemlə imtahan verən abituriyentlərə onlayn psixoloji yardım xidmətinin təşkili” layihə çərçivəsində hazırlanıb.

İlin gənc müəllimi-Müraciət formu