Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-05 15:20:00
Direktorluq imtahanının ən güclülərindən olan gənc xanım: “Mənfi halları aradan qaldıracağam”

Bir neçə gün öncə dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahan mərhələsi keçirilib.

İmtahanlar Azərbaycan Texniki Universitetinin idman zalında baş tutub. Bu mərhələdə elektron ərizəsi qəbul edilən 2000-dən çox namizəd iştirak edib.

İmtahanda direktor namizədlərdən bir çoxu yüksək nəticə əldə edib. Siyəzən rayon Qozağacı kənd tam orta məktəbin riyaziyyat müəllimi Ülviyyə Talıbova 48 bal toplayaraq yüksək nəticə qazanıb.

Müsahibimiz 2014-cü ildə Sumqayıt Dövlət Universitetinin Riyaziyyat müəllimliyi ixtisasını bitirib. Elə həmin il MİQ müsabiqəsində 31 bal toplayaraq Siyəzən rayon Qozağacı kənd tam orta məktəbə riyaziyyat müəllimi olaraq qəbul olunub. O, bu il Müəllimlərin Yerdəyişmə İmtahanından 54 bal toplayaraq, Siyəzən rayon 4 nömrəli məktəbdə fəaliyyətə başlayıb.

AzEdu.az direktor namizədin imtahan haqqında düşüncələrini və gələcək hədəflərini öyrənib:

“İmtahana hazırlaşmağa iyun ayından başladım. Əslində, buna cəmi  iki ay vaxt sərf etdim. Qısa müddət olsa da, nəticəsi yaxşı oldu.

Suallar orta səviyyəli idi. Riyaziyyat müəllimi olduğum üçün məntiq suallarını həll etməkdə çətinlik yaşamadım. Təhsil və əmək qanunvericiliyini oxuduğum üçün isə heç bir problemlə rastlaşmadım. İnsanı çaşdıran suallar yox idi.

Əgər müsabiqə mərhələsindən keçsəm, Siyəzən rayon 6 nömrəli tam orta məktəbdə direktor olaraq çalışmağı düşünürəm. Bir seçim imkanı olduğundan buranı seçməyi planlaşdırıram.

İlk dəfədir, bu müsabiqədə iştirak edirəm. Müəllim fəaliyyətimin 5 ili isə bu il tamam olacaq. İmtahanda iştirak etməyimdə əsas məqsəd özümü sınamaq idi. Nəticəm isə ürəkaçan oldu.

O məktəbə təyin olunsam, bir sıra tədbirlər həyata keçirməyi düşünürəm. Çünki həmin məktəbdə problemlər var. Mənfi halları aradan qaldırmağa çalışaram. Tədris prosesində uşaqlar, müəllimlər və tədris işçilərindən də kömək almağı düşünürəm. Təhsilin irəliləməsi və rayon məktəblərinin regionda inkişafı üçün tədbirlərə əl atmaq fikrim var. Çalışacağam ki, öz adıma uyğun bir direktor olum”.

Qeyd edək ki, müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staja malik olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.

Şükufə Süleymanlı