Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-31 13:56:00
“Məktəblinin dostu” layihəsi üzrə imtahanların müsahibə mərhələsi başa çatır

İyulun 25-dən Təhsil Nazirliyi ilə “ASAN xidmət”in birgə həyata keçirdiyi “Məktəblinin dostu” pilot layihəsi üzrə 3 saylı “ASAN Xidmət” mərkəzində başlanan imtahanların müsahibə mərhələsi bu gün başa çatır.

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Müsahibə mərhələsini millət vəkilləri, junalistlər, psixoloqlar, ASAN Xidmətin insan resursları və təlim şöbəsinin mütəxəssisləri, 60 nömrəli tam orta məktəbin direktoru Fayaz Hüseynov və 286 nömrəli tam orta məktəbin direktoru Samir Mehdi-zadə izləyib.

Müsahibə mərhələsini uğurla keçən namizədlər avqust ayının 5-dən təlimlərə cəlb olunacaqlar. Təlimlərin sonunda qiymətləndirmənin nəticələrinə əsasən seçilmiş namizədlər “Məktəblinin dostu” olacaq.

İmtahanlarda iştirak etmək üçün 724 gənc müraciət edib və onlardan 400-dən çoxu test mərhələsində uğur qazanıb. İmtahanların test mərhələsində namizədlərə 50 sual (ümumi və psixoloji) təqdim edilib. Onların əsasən, Azərbaycan tarixi, coğrafiyası, mədəniyyəti, məntiqi düşünmə qabiliyyəti sahələri üzrə bilikləri yoxlanılıb.

Seçilmiş namizədlər müsahibə mərhələsində iştirak hüququ qazanıblar.

Müsahibə mərhələsində ictimai fəallığı ilə seçilən, könüllü kimi müxtəlif proqramlarda çalışan, xarici dil biliklərinə malik namizədlərə üstünlük veriləcək.

Qeyd edək ki, “Məktəblinin dostu” pilot layihəsi hazırda 35 məktəbdə fəaliyyət göstərir və yeni tədris ilindən etibarən layihənin əhatə etdiyi məktəblərin sayının 150-yə çatdırılması planlaşdırılır.